Milli Televiziya və Radio Şurasına (MTRŞ) yeni Aparat rəhbəri təyin edilib.
"Report”un əldə etdiyi məlumata görə, şura sədri Nuşirəvan Məhərrəmli Asəf Hacıyevin Aparat rəhbəri təyin olunması ilə bağlı müvafiq əmr imzalayıb.
MTRŞ-nın bundan əvvəlki Aparat rəhbəri Toğrul Məmmədov idi. O, prezident İlham Əliyevin ötən ilin dekabr ayının 21-də imzaladığı sərəncamla Lənkəran Rayon Məhkəməsinə hakim təyin olunub.
Qeyd edək ki, A.Hacıyev 1967-ci il sentyabrın 21-də İmişli rayonunun Sarıxanlı kəndində anadan olub. 1974-1984-cü illərdə İmişli rayonunun Sarıxanlı kənd orta məktəbində təhsil alıb. 1985-1987-ci illərdə keçmiş SSRİ-nin Hərbi Hava Qüvvələri tərkibində hərbi xidmətdə olub.
1988-1990-cı illərdə İmişli rayonunun "Bakı" kolxozunda fəhlə işləyib. 1990-cı ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin əyani şöbəsinə daxil olub. 1995-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 1996-cı ildə Tarix fakültəsinin "Dünya azərbaycanlıları" bölməsinə elmi işçi vəzifəsinə götürülüb. Tarix üzrə fəlsəfə doktorudur. 1995-1996-cı illərdə Bakı şəhəri Yasamal rayonu 225 saylı orta məktəbdə tarix müəllimi işləyib.
1998-2007-ci illərdə "Azadinform" İnformasiya Agentliyinin direktoru, 2000-2007-ci illərdə "İntellekt" Araşdırmalar Mərkəzinin direktoru vəzifəsində çalışıb. 2007-ci ildə "Xəzər" TV-nin, 2008-ci ildə isə "Xəzər” radiosunun təsisçisi və prezidenti olub.
2010-cu ildə "Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə" "Tərəqqi" medalı ilə təltif edilib.
Şərhlər