1990-cı il yanvarın 25-də Kolumbiyadan havaya qalxan və Nyu-Yorka uçan təyyarədə əvvəlcə hər şey qaydasında olsa da, pis hava şəraiti gözlənilməz bir fəlakətə səbəb olur. Təyyarə bir təpənin yamacına çırpılır və içindəki 158 nəfərdən 73-ü həyatını itirib. Sağ qalanlardan biri olan Astrid Lopes illər sonra yaşadıqlarını danışıb.
Ölü elan olunduğu yerə qayıtdı
Qaynarinfo xəbər verir ki, Astrid Lopes çəmənliklə örtülü ərazinin kənarına qədər gəlib, əsa ilə ayağa qalxıb çətinliklə də olsa dik durmağı bacarıb. Qarşısında payızda yarpaqlarını tökmüş ağaclar, yaşıl təpələr və kiçik bir körfəzdən ibarət bir mənzərə var. O, bu mənzərənin yaddaşında hansısa xatirələri oyadacağına ümid edir. Amma hiss etdiyi yeganə şey ağrıdır.
Bura Lopesin həyatında çox mühüm bir yerdir: Şünki 35 il əvvəl burada onun öldüyü elan olunmuşdu. O, 1990-cı ildə Nyu-Yorkun Lonq Aylend bölgəsində baş verən təyyarə qəzasından sağ çıxanlardan biridir.
Lopes yanında dayanan adama baxır. Bu şəxs, qəzanın baş verdiyi vaxtdan bir neçə həftə sonra onunla görüşməyə başlayan uşaq terapevti Dr. Viktor Fornaridir. Onlar qəza yerinə ilk dəfə birlikdə gəlmişdilər.
Lopes Fornarinin əlini tutaraq qaşlarını çatır və deyir: "Heç nə. Heç nə xatırlamıram".
Qəza və sağ qalanlar
Avianca Hava Yollarına məxsus 52 saylı uçuş 25 yanvar 1990-cı ildə Lonq Aylendin Kov Nek kəndi yaxınlığında ağaclarla örtülü bir yamaca çırpılıb. Təyyarədəki 158 nəfərdən 73-ü həyatını itirib. Sağ qalanlar isə ağır yaralanıb.
Sonradan aparılan araşdırmalar göstərib ki, bu qəza qarşısı alına biləcək bir hadisə olub və ölənlərin əksəriyyəti xilas edilə bilərdi.
Bu gün qəzanı xatırlayanların sayı çox azdır. Hər il sağ qalanlar və xilasetmə işlərinə qatılan bəzi yanğınsöndürənlər, həkimlər bir kilsədə anım mərasimi üçün toplaşır.
Ancaq bir tərəfdən baxanda, Avianca qəzasının izlərini bu gün də görmək mümkündür. O qəza müasir aviasiyada bir çox təhlükəsizlik standartlarının dəyişməsinə səbəb olub. Hava nəqliyyatında pilotlarla dispetçerlər arasındakı ünsiyyət qaydaları yenidən tənzimlənib.
"Disney" səfərinə gedərkən fəlakət yaşandı
Həmin gün 17 yaşlı Astrid Lopes tək başına səyahət edib. Ailəsi onun yaxşı qiymətlərini mükafatlandırmaq üçün ona "Disney World"ə səyahət hədiyyə edib. Gənc qız əvvəlcə Nyu-Yorka, oradan isə Florida ştatına getməli imiş.
Boqotadan havaya qalxan təyyarə Medelin şəhərində yanacaq doldurmaq və yeni sərnişinləri götürmək üçün dayanıb. Yenidən havaya qalxanda təyyarədə Nyu-Yorka çatmağa kifayət edəcək qədər yanacaq olub. Lakin ABŞ-ın şimal-şərqindəki pis hava şəraiti bir çox reyslərin təxirə salınmasına səbəb olub.
Avianca təyyarəsi 77 dəqiqə ərzində eniş icazəsi ala bilməyib və havada dövrə vurmağa davam edib. Nəhayət, Nyu-Yorka eniş icazəsi verildikdə, yanacaq ehtiyatı təhlükəli həddə çatıb.
Pilotların hava nəzarətçilərini bu barədə açıq şəkildə xəbərdar etmədiyi, qəza sonrası araşdırmalar zamanı ortaya çıxıb. Əvəzində ikinci pilot qeyri-müəyyən ifadələrlə "öncəliyə ehtiyacımız var" deyib. Hava nəzarətçiləri isə bunun bir təcili vəziyyət olduğunu anlamayıb və təyyarəyə adi qaydada eniş icazəsi verib.
Yanacaq bitdi, bütün işıqlar söndü… və təyyarə düşməyə başladı
Pilotlar eniş üçün təyyarəni alçaqdan idarə etməli olublar. Lakin bu, qalan az miqdarda yanacağın da tezliklə bitməsi demək idi.
Saat 21:32-də ikinci pilotun təlaş içində "iki mühərriki itirdik, xahiş edirik, öncəliyə ehtiyacımız var" dediyi eşidilir. Bir neçə saniyə sonra təyyarədəki bütün işıqlar sönür. Kabin, qanadlardakı naviqasiya işıqları - hamısı qaranlığa qərq olur.
Bir dəqiqə sonra təyyarənin burnu bir meşə ağacına çırpılır. Kokpitdə olan bütün ekipaj üzvləri hadisə yerində həyatını itirir. Toqqumanın gücü o qədər böyük olur ki, oturacaqlar yerindən qoparaq sərnişinlərin sıxışıb xəsarət almasına səbəb olur.
Xilasetmə qrupları hadisə yerinə çatanda xaos içində bir mənzərə ilə qarşılaşıblar. Təyyarə üç hissəyə bölünüb, əşyalar və cəsədlər bir-birinə qarışıb. Bir uşaq ağacın budaqları arasında ilişib qalıb - üşüyür, amma heç bir ciddi xəsarət almayıb.
Ölü elan edilsə də, yaşadığı ortaya çıxdı
Astrid Lopes isə bu mənzərənin ortasında səs çıxarmadan yatıb. Xilasetmə qrupları onun öldüyünü düşünür. Çünki başının bir hissəsi açılmış, beyni görünürmüş. Onun cəsədi morqa aparılır və üzəri ağ parçayla örtülür. Amma həmin an onun nəfəs alaraq inildədiyi eşidilir.
Həkimlər onun yaşamasına inanmasa da, Lopes möcüzəvi şəkildə sağ qalır. Üzü tanınmaz hala düşdüyü üçün öncə kimliyi müəyyən edilə bilmir. Onu tanımağa imkan verən yeganə xüsusiyyət dişlərindəki breketlər olur.
Sonrakı illərdə Lopes 70-dən çox əməliyyat keçirib və hələ də tam sağalmayıb. O, "Sağ qaldığıma görə minnətdaram, amma həyatım bir acı təqvim kimidir. Hər əməliyyatdan sonra aylarla ağrılı reabilitasiya keçirirəm. Yatmaq, yemək yemək, hətta geyinmək belə mənim üçün çətindir", deyə bildirib.
Aviasiyaya təsiri
Bu qəza aviasiya qaydalarında ciddi dəyişikliklərə səbəb olub. Federal Aviasiya Administrasiyası (FAA) beynəlxalq uçuşlarda çalışan bütün pilotların ingilis dilini mükəmməl bilməsini məcburi edib. Bundan əlavə, təyyarə oturacaqlarının təhlükəsizliyi artırılıb.
Lopesin həyatı isə bir daha əvvəlki kimi olmayıb. O, Kolumbiyaya qayıtdıqdan sonra çətin bir dövr keçirib və uzun illər sonra yaşamağa alışmağa çalışıb.
Amma bir sual hələ də ağlından çıxmır: "Bütün bunlar baş verəndə ölmüş olmalı idim, bəs niyə yaşayıram?"
Aydın
Şərhlər