Xəbər lenti

Yanğınlar, sığorta problemləri və onun həlli yolları: Ekspert izah edir
Ekonomiks 14:56 09.10.2019

Yanğınlar, sığorta problemləri və onun həlli yolları: Ekspert izah edir

İcbari sığortalar haqqında qanuna əsasən ölkədə daşınmaz əmlakın icbari sığortası məcburidir.

Bu sözləri sığorta eksperti İlkin İbrahimov Qaynarinfo-ya sığortalar haqda danışarkən deyib. O, həm hüquqi, həm də fiziki şəxslərə məxsus daşınmaz əmlakın hər il sığortalanmalı olduğunu bildirib:
 


"Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı olan şəxslər və yeni tikililərdə müqavilə ilə evi olan vətəndaşlar, hər hansı qanuni dövlət sənədi təqdim etməklə öz əmlakını sığortalamış (şəhadətnamə ilə təsdiqlənmiş) hesab olunurlar. Beləliklə, ümumiləşdirərək demək olar ki, həm hüquqi, həm də fiziki şəxslərə məxsus daşınmaz əmlaklar hər il sığortalanmalıdır. Sığorta etməyən fiziki şəxsləri yerli icra hakimiyyətinin yerli qurumları (Rayon İcra Hakimiyyəti, kəndlərdə kənd icra nümayəndələri); hüquqi şəxsləri isə daşınmaz əmlakının icbari sığortasına nəzarət edən FHN və onun yerlərdəki qurumları tənbeh etmə səlahiyyətinə malikdirlər. Buna görə konkret olaraq İnzibati Xətalar Məcəlləsində cərimə nəzərdə tutulur”. 

Ekspert fiziki şəxslərə münasibətdə yerli icra hakimiyyəti və onun nümayəndələrinin vətəndaşlara humanist davranaraq bu cərimələri həyata keçirmədiyini deyib, lakin bunun da sonradan problemlər yaratdığını qeyd edib:

"Düzdür, bu, humanizm prinsipinə uyğun, yaxşı haldır, lakin sabah sığorta hadisəsi olan zaman belə hallar dövlətə ziyan vurur, ziyanın dövlət büdcəsi hesabından qarşılanması problemini ortaya çıxarır. Hüquqi şəxslərin daşınmaz əmlaklarının sığortalanması məsələsi bir az daha ürəkaçandır. Çünki FHN və onun yerlərdəki qurumları belə hallara nəzarət edir və çalışırlar ki, sığortalanma daha çox olsun.

Daşınar əmlakın sığortası isə könüllü olduğundan bu məsələ bir qədər fərqlidir. Daşınar əşyalar satış məqsədilə qeydiyyata alınıb sığortalanırsa, burada bir çox problemlər ortaya çıxır. Sığorta şirkəti satılan malın qiymətini müəyyən edib ona görə risk hesablamalı və qiymət deməlidir. Binə bazarında isə şəffaf mühasibatlıq olmadığından heç bir sığorta şirkəti həmin obyektləri sığortalamaq istəmir. Əvvəllər bir sığorta şirkəti heç olmasa daşınmaz əmlakı icbari sığortalayırdı. Sonradan o şirkət də Binə, Sədərək və.s. kimi yanğın riski yüksək olan obyektləri sığortalamaqdan çəkindi. 

Məsələnin həll yolu rəhbərliyin Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciəti ilə ola bilər. Çünki həmin ərazinin dövlət sənədi olduğundan sığorta şirkətləri icbari sığortadan imtina edə bilməz. Digər tərəfdən FHN də orada yanğın təhlükəsizliyini daha da gücləndirməlidir”.

Qeyd edək ki, srağagün Binə bazarında baş verən yanğından sonra daşınar və daşınmaz əmlakın sığortası məsələsi bir daha gündəmə gəlib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->