Xəbər lenti

YAP-dan İsa Qəmbərə CAVAB
Siyasət 17:58 12.06.2013

YAP-dan İsa Qəmbərə CAVAB

Siyavuş Novruzov: “Rayon təşkilatları da İsa Qəmbərin namizədliyini irəli sürmək istəmirlər”

“Ya İsa Qəmbər pis görür, ya pis düşünür, ya da heç ümumiyyətlə, məlumatı yoxdur. Yeni Azərbaycan Partiyası (YAP) qurultay çağırıb, qərar qəbul edib, sədrinin namizədliyini irəli sürüb. Yəni İsa Qəmbərin namizədliyini Müsavat Partiyası irəli sürmürsə, bu, bizim təqsirimiz deyil”.

Bunu Qaynar.info-ya Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov Müsavat Partiyasının başqanı İsa Qəmbərin YAP-ın namizədinin irəli sürülməsi ilə bağlı dediklərinə münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə, Müsavat Partiyasında ayrı-ayrı namizədlər var: “Rayon təşkilatları da İsa Qəmbərin namizədliyini irəli sürmək istəmirlər. Mən çıxışlarımda dəfələrlə demişəm ki, İsa Qəmbər prezident seçkilərinə qədər qurultay keçirməyəcək. Ona görə keçirməyəcək ki, qurultay keçirilsə, onu partiya rəhbərliyindən xaric edəcəklər. Öz partiyasında nüfuz qazana bilməyən adam ayrı-ayrı təşkilatlarda öz namizədliyini axtarır. YAP konkret olaraq qərarını verib, namizədini irəli sürüb. Öz partiyasında namizədliyi irəli sürülməyən bir şəxsin belə danışması tamamilə yersizdir”.

S.Novruzov əlavə edib ki, qurultayda ilk növbədə partiya sədri çıxış etdi, qarşıda duran vəzifələri müəyyənləşdirdi, partiya həyatına, keçdiyi yola qiymət verdi: “Sonra partiya təşkilatının sədrinin yenidən seçilməsi, digər strukturların yenidən seçilməsi, ən əsası prezidentliyə namizədliyin irəli sürülməsi və ona səs verilməsi yerində olan məsələlərdir. Bu, qurultayın qayda-qanunudur. YAP-ın öz proqramı var və bu proqrama uyğun da fəaliyyətini davam etdirəcək”.

Qeyd edək ki, iyunun 11-də Müsavat Partiyasının başqanı İsa Qəmbər brifinq keçirib. O, brifinqdə jurnalistlərin çoxsaylı suallarını cavablandırıb. YAP-ın qurultayı ilə bağlı verilən sualı cavablanıdırarkən  Müsavat başqanı deyib ki, qurultayla bağlı informasiya kifayət qədər məhduddur: “Mənim diqqətimi cəlb edən o oldu ki, İlham Əliyevin özünün prezident mövzusunda çıxışını, fikrini görmədim. Bilmirəm, bəlkə, mənim diqqətimdən yayınıb. Siz bu məsələləri diqqətlə izləyən professionallarsınız. İlham Əliyev qurultayda onun namizədlyinin prezidentliyə irəli sürülməsi ilə bağlı dediyi bir kəlmə varmı? Prezident seçkilərində iştirakla bağlı özünün iradəsi, işlətdiyi söz, mövqe varmı? Qurultayın sonunda prezident seçkilərinə namizəd kimi, həm də YAP-ın sədri kimi seçilməsindən sonra bildirdi ki, etimadınıza görə təşəkkür edirəm və etimadınızı doğruldacam. Orda da prezident seçkilərinə namizəd olacam cümləsi varmı? Ona görə də mən hesab edirəm ki, "YAP öz namizədini müəyyənləşdirdi" fikri məhz YAP-a aiddir. Amma İlham Əliyevin seçkilərdə iştirak qərarı verib vermədiyi bəlli deyil”.

İlkin
Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->