Hakim Yeni Azərbaycan Partiyasının martın 5-də növbədənkənar qurultay keçirəcəyi barədə yayılan məlumatlar siyasi kluarlarda ciddi müzakirə mövzusuna çevrilib. Hakim partiyanın ali orqanının sabah hansı səbəbdən toplaşacağının səbəbləri açıqlanmadığından müxtəlif versiyalar səslənməkdədir. Diqqət çəkən versiyalardan biri YAP-ın Mərkəzi Aparatını inhisarda saxlayan və şərti olaraq "köhnə qvardiya” adlandırılan qüvvələrdən təmizlənməsi barədədir.
YAP-ın qurultayları 5 ildən bir keçirilir. Hakim partiyanın ali orqanı sonuncu dəfə 2018-ci ilin fevral ayında toplanıb. Bu baxımdan, təxminən 3 ildən sonra qurultayın çağrılması səbəblərinə diqqətin artması anlaşılandır.
Sonuncu prezident seçkisindən öncə keçirilən qurultaydan sonra hakimiyyət komandasında önəmli dəyişikliklər olub. Ölkə siyasətinin "boz kardinalı” sayılan Ramiz Mehdiyev başda olmaqla məmur-oliqarxların əksəriyyəti ali hakimiyyət nümayəndəsi statusunu itiriblər.
Həmçinin, son prezident seçkisindən dərhal sonra ölkədə islahat anonsu verən hakimiyyət korrupsiya ilə mübarizədə əvvəlki dövrlə müqayisədə daha sərt davranmağa başlayıb. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarında həbslərlə müşayiət olunan əməliyyatlar da bunu göstərir. Bu əməliyyatlar zamanı həbs edilən məmurlar hakim partiyada ciddi postlarda təmsil olunan və kifayət qədər təsir imkanları olan fiqurlar idi.
Digər tərəfdən, 44 günlük Vətən Müharibəsinin nəticələri də yeni idarəetmə sisteminin yaradılmasını şərtləndirir ki, bu da hakim partiyanın yenilənməsini zərurətə çevirir.
Son illər YAP-ın fəlaiyyətində axsamalar müşahidə olunurdu. Hakim partiya hətta Prezident İlham Əliyevin əməli fəaliyyətinə siyasi dəstək verə bilmirdi. Daha doğrusu, YAP-ın Prezindetin fəaliyyətinə dəstəyi az qala hakimiyyətin əleyihinə çevrilirdi.
Başqa tərəfdən, Azərbaycanın yerləşdiyi coğrafiya ilə bağlı yaşanan geosiyasi proseslər də hakimiyyətin daha çevik olmasını və təzyiqləri neytrallaşdırmaq üçün təcili "yastıq”lar formalaşdırmağı zəruri edir. Bu baxımdan, hakim partiyanın siyasi güc kimi yenidən meydana çıxması labüddur.
Hazırda YAP-ı faktiki olaraq idarə edən partiya funksionerlərinin əksəriyyəti ictimai rəydə mənfi reputasyaları ilə tanınır. Elə bu səbəbdəndir ki, YAP-ın icra katibi Əli Əhmədovdan tutmuş Elman Nəsirova qədər hakim partiya üzvlərinin açıqlamaları çox vaxt cəmiyyətdə qıcıq doğurur. YAP funksionerlərinin konskruktiv müxalifət nümayəndələri ilə keçirdiyi debatlara sosial şəbəkələrdə verilən reaksiyalar bunu əyani nümayiş etdirir. İndi cəmiyyət daha çox hakim partiyanın rəhbərliyində təmsil olunmayan və Prezidentin son illər qabağa çəkdiyi gənc kadrlara etimad göstərir. Yaxud ən azı onların "köhnələr”i təkrarlamayacağına ümid edir. Bu isə onu deməyə əsas verir ki, qurultayda reputasiyası zədələnmiş YAP funksionerləri məhz geniş ictimiayyət arasında nüfuzu olan gənclərlə əvəzlənəcək…
Müşahidəçilərin fikrincə, YAP qurultayından sonra ölkənin siyasi dizaynı da dəyişə bilər. Əvvəlki illərdə imitasiya ilə məşğul olan təsisatların sıradan çıxarılması, idarəetmədə şəffaflığın artırılması və s. bu kimi istiqamətlərdə müəyyən işlər gedir. Məsələn, partiyalar, QHT və media sahəsinin tənzimlənməsinin yeni hüquqi bazasının yaradılması istiqamətində işlərə start verilib.
YAP-ın qurultayından sonrakı yaxın müddətdə növbədənkənar parlament seçkilərinin və konstitusiya islahatlarının aparılması üçün referendumun da keçiriləcəyi istisna olunmur.
Yeri gəlmişkən, Vətən Müharibəsinin nəticələri fonunda hətta əleyhdarlarının önəmli hissəsinin rəğbətini qazanan Prezident İlham Əliyevin nüfuzu ölkədə sistem dəyişikliyi, yəni bütün sahələrdə real islahatların aparılması üçün zəmin yaradıb. Bu halda hakimiyyət komandasının islahatlar həyata keçirmək üçün əvvəlki illərlə müqayisədə daha inamlı olacağı gözlənilir…
Orxan Əhmədli
Şərhlər