Xəbər lenti

Yaşar Lətifov: “Azərbaycanda qaz hasilatı ilə bağlı ümumi tendensiya artıma doğrudur”
Ekonomiks 10:47 15.11.2019

Yaşar Lətifov: “Azərbaycanda qaz hasilatı ilə bağlı ümumi tendensiya artıma doğrudur”

"Biz istər "Dayazsulu Günəşli”, istərsə də "Bulla dəniz” və digər mövcud yataqlarda ənənəvi olaraq tanınan məhsuldar qatlardan daha dərinlərdə daha çox ehtiyatlar aşkar edirik. Bu, perspektivdən xəbər verir”.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov "Petroleum Economist”ə bildirib.

O qeyd edib ki, bir çox yataqların yaşlanmasına baxmayaraq, onlar yüksək intensivlikdə saxlanılır: "Bərpa olunma səmərəliliyi nisbətinə baxsaq, qalıq ehtiyatları orta hesabla 5% dərəcəsi ilə inkişaf etdiririk. Yataqların çox köhnə olduğunu nəzərə alsaq, bu rəqəm çox yaxşı göstəricidir. Lakin daha səmərəli yataqlarda bu göstərici daha yüksəkdir. Məsələn, "Dayazsulu Günəşli” yatağında səmərəlilik nisbəti göstəricisi 8-9%-dir”.

Azərbaycanda indiyədək 2 mlrd. tondan çox neft və 850 mlrd. kubmetrdən çox qaz hasil edilib.

"Bu yataqlardan hasilat bizim enerji təhlükəsizliyimizi təmin edir. Ötən il ölkədə 39 mln. tona yaxın neft hasil edilib. Bunun da 7,5 mln tondan çoxu SOCAR-ın payına düşür. Azərbaycanda qaz hasilatının həcmi isə 30 mlrd. kubmetrdən çox olub ki, onun da 6,5 mlrd. kubmetri SOCAR-ın payıdır”, - Y.Lətifov bildirib.

Y.Lətifov qeyd edib ki, bu il ölkədə qaz hasilatının ötən ildən, təxminən, 7 mlrd. kubmetr çox olacağı gözlənilir: "Bu il "Şahdəniz” yatağından, təxminən, 19 mlrd. kubmetr qaz hasilatı planlaşdırılır. Gələn il isə yataqdan 22 mlrd. kubmetr, 2021-ci ildə isə 24 mlrd. kubmetr qaz hasilatı gözləyirik. Qaz hasilatı ilə bağlı ümumi tendensiya artıma doğrudur”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->