Elman Eldaroğlu

Blogger
Yazılar
69
Yaşayıb yaratmaq gözəldir, qardaşım!

Yaşayıb yaratmaq gözəldir, qardaşım!

Altmış dörd il bundan öncə dünya bambaşqa idi. O vaxtlar sovet ittifaqı kommunist partiyası mərkəzi komitəsinin baş katibi Nikita Xruşşov dünyaya meydan oxuyurdu. İranda isə feodalizm tüğyan edirdi. Daha doğrusu, şah Məhəmməd Rza Pəhləvinin dövranı idi. Ölkənin Təbriz şəhərinin Çərandab məhəlləsində Qulu adlı bir kişi zövcəsi Xədicəsultan xanımla birlikdə zəmanənin çətinliklərinə sinə gərərək övladlarını böyüdürdü. Ailədə yeddi uşaq var idi- üç qız, dörd oğlan. Bu gün sizə həmin oğlanlardan biri- Yaqubdan söhbət açmaq istəyirəm...

Necə deyərlər, Yaqub çox fərasətli uşaq idi. Təhsilə maraq göstərər, zirəklikdə tay-tuşlarından geri qalmazdı. Gözəl avazı, məlahətli səsi onu məhəllənin sevimlisi etmişdi. Yeddi yaşı olanda Qulu kişi onu Fərvərdin Mədrəsəsinə aparıb adını şagirdlər siyahısına yazdırdı. Tezliklə təhsil almağa başlayan Yaqubun sevincinin həddi-hüdudu bilinmirdi. Qarşıda onu gözləyən uğurlardan hələ xəbərsizdi...

İllər ötdü. Bir gün onu Təbriz televiziyasının uşaqlar üçün proqramına dəvət etdilər. Oxuduğu "Cücələrim" mahnısı ilə Azərbaycan, eləcə də İranda dillər əzbəri olanda özünü kəşf etməyə başladı. Çox keçmədən xalq və bəstəkar mahnılarıyla tanış olan və məharətlə ifa edən Yaqub on beş yaşında Təbrizin Milli Televiziyasında "Evləri var xana-xana", "De gülüm gəlsin ay nənə" və "Dilbər" mahnılarını oxudu. Sonra Tehran operasının xorunda öz musiqi fəaliyyətini davam etdirdi...

1979-cu ildə İranda baş verən xalq inqilabından bir il sonra Almaniyaya köçən Yaqub Zurufçu öz musiqi təhsilinə Hamburq şəhərindəki universitetlərdən birində başlayıb. Oranı vokal sənəti üzrə bakalavr kimi bitirərək, daha sonra ABŞ-ın Florida ştatının Mayami Universitetində magistr dərəcəsinə yiyələnib...

1989-cu ildə mərhum xalq artisti Gülağa Məmmədov Almaniyda səfərdə olarkən Yaqub Zurufçunun "Ayrılıq” mahnısını əks etdirən, həvəskar kamera ilə çəkilən klipi görüb heyrətlənir və həmin klipin videosurətini Azərbaycana gətirib televiziyada yayınlanmasına nail olur. Çox keçmir ki, Gülağa Məmmədovun dəvəti, "Vətən Cəmiyyəti”nin dəstəyi ilə Yaqub Zurufçu ilk dəfə Azərbaycana gəlir...

O, ABŞ vətəndaşı olmaqla bərabər, 2009-cu ildən həm də Azərbaycan Respublikasının vətəndaşıdır. "Azərbaycan Respublikasının Əməkdar Artisti" fəxri adına layiq görülüb...

Deyir ki,- "Bir müğənni gün ərzində neçə televiziya kanalında qonaq olar? Bəlkə də bir gündə bir neçə kanalda görünmək kimlərəsə xoş gəlir, amma o müğənni düşünməlidir ki, bu insanlara mənfi təsir də edə bilər. Mənim aləmimdə əsl sənətkar efirə az-az çıxmalı və gözəl mahnılarla dinləyicinin zövqünü oxşamalıdır”...

Aprelin 8-də Yaqub Zurufçunun ad günüdür. Onu bu münasibətlə təbrik edir, Ona möhkəm can sağlığı, firəvan həyat, yaradıcılıq uğurları arzulayıram.
Yaşayıb yaratmaq gözəldir, qardaşım!

64 yaşınız mübarək!

Elman Eldaroğlu

OXŞAR XƏBƏRLƏR