Bir çox insan yuxusuzluğu, erkən oyanmağı və daimi yorğunluğu qocalmanın təbii hissəsi hesab edir. Lakin yuxu üzrə mütəxəssislər bildirirlər ki, yaşlılıq dövründə keyfiyyətsiz yuxu normal hal sayılmamalıdır.
Qaynarinfo xəbər verir ki, "Egeszsegkalauz" nəşrinin yazdığına görə, yuxunun keyfiyyətinin pisləşməsinin arxasında sağlamlığa ciddi təsir göstərə bilən konkret bioloji dəyişikliklər dayanır. Neyrobioloq və yuxu tədqiqatçısı Metyu Uokerin sözlərinə görə, yaş artdıqca yuxunun daha səthi və bərpaedici xüsusiyyətlərinin zəifləməsinə səbəb olan üç əsas dəyişiklik baş verir.
Dərin yuxu azalır
Ən mühüm problemlərdən biri dərin yuxunun müddətinin qısalmasıdır. Məhz bu mərhələdə orqanizm bərpa olunur, immun sistemi güclənir və beyin gün ərzində əldə olunan məlumatları emal edib yaddaşa köçürür.
Araşdırmalar göstərib ki, dərin yuxunun həcmi artıq 30 yaşdan sonra tədricən azalmağa başlayır və 70 yaşa çatdıqda minimum səviyyəyə enə bilər. Bir çox insan bu dəyişikliyi birbaşa hiss etməsə də, yaddaşın zəifləməsi, diqqətin azalması və gün ərzində davamlı yorğunluq kimi nəticələrlə üzləşir.
Gecə oyanmaları artır
İkinci amil yuxunun fasiləsizliyinin pozulmasıdır. Yaşlı insanlar xroniki xəstəliklər, ağrılar, dərmanların yan təsirləri və ya tualet ehtiyacı səbəbindən gecə ərzində daha tez-tez oyanırlar.
Mütəxəssislər qeyd edirlər ki, yaş artdıqca yuxunun effektivliyi də nəzərəçarpacaq dərəcədə azalır. Gənc insanlarda yataqda keçirilən vaxtın təxminən 95 faizi yuxu ilə keçdiyi halda, 80 yaşdan sonra bu göstərici 70–80 faizə qədər enə bilər. Başqa sözlə, insan gecə ərzində iki saata yaxın müddəti yuxusuz keçirə bilər və bunu hər zaman hiss etməyə bilər.
Dərmanların da xüsusi rolu var. Hipertoniya əleyhinə bəzi preparatlar, antidepressantlar, sidikqovucular və steroid tərkibli vasitələr yuxusuzluq, narahatlıq və ya tez-tez oyanmalara səbəb ola bilər.
Bioloji saatın ritmi dəyişir
Üçüncü dəyişiklik sirkadiyal ritmlərlə bağlıdır. Yaş artdıqca melatonin hormonunun ifrazı daha erkən başlayır. Buna görə də yaşlı insanlar axşam saatlarında tez yuxulamağa meyilli olurlar.
Nəticədə insan televizor qarşısında kresloda yuxuya gedə, daha sonra isə gecə yataqda yuxuya getməkdə çətinlik çəkə bilər. Bundan əlavə, bioloji saat tədricən irəli çəkildiyindən bir çox insan səhər saat 4 və ya 5-də oyanmağa başlayır.
Mütəxəssislərin sözlərinə görə, bu dəyişikliklər tez-tez qapalı dövrə yaradır: erkən yuxululuq axşam yuxusuna səbəb olur, bu isə orqanizmin gecə istirahətinə olan ehtiyacını azaldır. Nəticədə gecə yuxusuzluq yaranır və səhər daha erkən oyanma baş verir.
Pis yuxu nə ilə təhlükəlidir?
Alimlər vurğulayırlar ki, xroniki yuxu çatışmazlığı yalnız yorğunluqla məhdudlaşmır. Araşdırmalar keyfiyyətsiz yuxunu ürək-damar xəstəlikləri, hipertoniya, diabet, depressiya və idrak funksiyalarının pozulması riskinin artması ilə əlaqələndirir.
Xüsusi diqqət dərin yuxunun beynin təmizlənməsində oynadığı rola yönəldilir. Məhz bu mərhələdə maddələr mübadiləsi məhsullarını və potensial zərərli zülalları xaric edən sistem daha fəal işləyir. Yaşlı yaşlarda dərin yuxunun azalması "Alzheimer” xəstəliyi də daxil olmaqla neyrodegenerativ xəstəliklərin riskinin yüksəlməsi ilə əlaqəli ola bilər.
Alimlər geniş yayılmış fikrin əksinə olaraq bildirirlər ki, yaşlı insanların gənclərlə müqayisədə daha az yuxuya ehtiyacı yoxdur. Problem ondadır ki, yaş artdıqca orqanizmin keyfiyyətli və bərpaedici istirahət əldə etməsi çətinləşir. Buna görə də daimi yorğunluq, yaddaş problemləri və ya müntəzəm gecə oyanmaları yalnız yaş amili ilə izah edilməməlidir. Bu əlamətlər yuxunun keyfiyyətinə xüsusi diqqət yetirilməsinin vacibliyinə işarə edə bilər.
Aydın
Şərhlər