Xəbər lenti

Yaxın Şərqdə qarşıdurma: İsrail savaşında gizli izlər - Hindistan, ABŞ, Rusiya, İran... (MÜSAHİBƏ)
Dünya 12:40 10.10.2023

Yaxın Şərqdə qarşıdurma: İsrail savaşında gizli izlər - Hindistan, ABŞ, Rusiya, İran... (MÜSAHİBƏ)

Yaxın Şərqdə yenidən müharibə ocağı alovlanıb. Artıq dörd gündür ki, İsrail ilə HƏMAS qruplaşması arasında davam edən münaqişə ətraf ərazilərə də sıçramağa başlayıb. Qəzza bölgəsində qarşıdurmada çoxlu sayda insan tələfatı olub, insanlar əsir götürülüb.
 
İndi hamını bir sual düşündürür - necə oldu ki, HƏMAS İsrailə hücum etdi, hazıq prosesindən niyə İsrail kəşfiyyatı xəbər tutmadı? Proses necə davam edəcək? Digər dövlətlər də bu manaqişəyə qoşulacaqmı? 

Qaynarinfo bu və digər sualları şərqşünas alim, Yaxın Şərq məsələləri üzrə ekspert Aida Qəmbərlə müzakirə edib. 
 

Aida Qəmbər

- Proses necə başladı? Necə oldu ki, HƏMAS İsrailə hücum etmək fikrinə düşdü? 

- Hamı bilir ki, ərəb-İsrail qarşıdurması illərlə davam edən problemdir. Bu proses zaman-zaman yüksələn xətt üzrə inkişaf edib. Amma müəyyən vaxtlar olur ki, ərəb-İsrail qarşıdurması eskalasiya, müharibələr formasında keçir. HƏMAS terror təşkilatı kimi dünya tərəfindən tanınıb və xarici himayədarları təşkilatın yaranmasında, inkişaf etməsində, silahlanmasında, hazırlanmasında yaxından iştirak ediblər və iştirak etməkdə davam edirlər. Bölgədə digər terror təşkilatları da mövcuddur. Onların da İsraillə qarşıdurmaları mütəmadi xarakter alıb və bu proses davam edir. 

Fələstin muxtariyyəti iki hissədən ibarətdir: paytaxt Ramallahda yerləşən, Mahmud Abbasın rəhbərlik etdiyi və Qəzza bölgəsində yerləşən, islamçı və radikal ünsürlərlə zəngin idarəetmənin olduğu ərazilər. Yəni, Fələstin muxtariyyətində real durum belədir. HƏMAS Qəzza bölgəsindəki əsas qüvvələrdən biridir. Ona görə də HƏMAS-ın hücumu təəccüblü olmadı.
 
Nə üçün hücum məhz indi baş verdi? Bunun da bir sıra səbəbləri var. Daha çox mənim diqqətimi cəlb edən bir məqam mövcuddur. Qəzza bölgəsində idarətmədə böyük problemlər var və əhalinin yaşayışı çox aşağı səviyyədədir. Eyni zamanda, Qəzzanın Fələstin muxtariyyətinin idarəsində olan hissəsində əhalinin sayı həddən artıq çoxdur. Əhalinin idarə olunması, ərzaq və yaşayış təminatı son vaxtlar xeyli çətinləşmişdi. Bunun da bir neçə səbəbi var. Doğrudur, o ərazilərə yardımlar olunurdu, lakin həmin yardımlar müəyyən şəxslərin mənimsəməsi nəticəsində yoxa çıxırdı. İndiki məqamda diqqəti çəkən əsas məsələ bu əməliyyatın əvvəlcədən yaxşı hazırlanmasıdır. Demək olar ki, bütün məntəqələr boyu İsrailə müdaxilə üçün mümkün olan təmas nöqtələri hərəkətə gəldi və ilk olaraq bu hücumların bir çoxu uğurla nəticələndi.
 


- İsrail-ABŞ münasibətlərinin son dövrlərdə gərgin olması Vaşinqtonun bu hücumda əlinin olmasına işarə kimi qəbul edilə bilərmi? ABŞ bu prosesdə hansı rol oynayır?
 
- Düşünmürəm ki, ABŞ HƏMAS-a açıq dəstək verə bilsin. Hesab edirəm ki, bu mərhələdə qapalı dəstək də mümkün deyil. Çünki HƏMAS-ın arxasında Birləşmiş Ştatlara zidd olan qüvvələr dayanıb. Bu prosesdə, yəni, HƏMAS-ın güclənməsində yaxından iştirak eədn digər qüvvələr, dövlətlər hədəfi yayındırmağa çalışırlar. Ona görə də hədəfə ABŞ-ı gətirirlər. Bu versiya mənim üçün məqbul deyil. 

- Hizbullah İsraili təhdid etdi. Deyə bilərikmi ki, İran proseslərə qoşulur? HƏMAS-ın araxasında elə İran kimi dövlətlər dayanıb. Amma Hizbullahın bu müharibəyə cəlb olunması avtomatik olaraq Livanın hədəfə çevrilməsidir. Sualı konkretləşdirək - ABŞ İranı vura bilərmi?

- İndi hər şey İsrailin HƏMAS-la münaqişəsinə fokuslanıb. Münaqişənin üzərindən 3-cü dövləti vurmaq məntiqli görünmür. Çünki artıq Yaxın Şərqdə böyük bir müharibə alovlana bilər. İndiki mərhələdə düşünmürəm ki, bu baş versin. Yəni, birbaşa yox, dolayısı yolla nəsə baş verə bilər. Amma ABŞ İranı vurmayacaq. 
 


- Proseslərin belə gedişatı Rusiyaya sərf edirmi? Rusiya Aralıq dənizinə daha bir çıxış əldə edə bilərmi?

- Rusiyanın Suriya üzərindən Aralıq dənizinə çıxışı var. Qəzza üzərindən Aralıq dənizinə çıxış əldə etmək Rusiya üçün önəmli məsələ deyil. Kreml üçün Ukrayna ilə münaqişə fonunda Qərbin, digər maraqlı qüvvələrin Rusiya-Ukrayna münaqişəsindən fikirlərini Yaxın Şərq münaqişəsinə yönəldilməsi isə maraqlı tendensiyadır. Rusiya istəyir ki, dünyanın diqqəti Rusiya-Ukrayna münaqişəsinə yox, ərəb-İsrail münaqişəsinə cəlb olunsun. 
 
 

- Rusiya bu proseslərdən istifadə edib, Azərbaycanın Qarabağ bölgəsində öz mövqelərini gücləndirə bilərmi?

- Ümumiyyətlə, HƏMAS-İsrail münaqişəsindən söhbət gedirsə, mənə elə gəlir ki, Qarabağda son lokal antiterror əməliyyatlarının bu məsələyə birbaşa olmasa da, dolayısı ilə təsiri var. Lakin düşünmürəm ki, Rusiya bundan istifadə edərək, burada öz mövqelərini gücləndirəcək. Çünki hələ İsrail-HƏMAS konfliktində Rusiyanın adı çəkilmir. Lakin bəlli məsələdir ki, HƏMAS-a yardım edən qüvvələr arasında Rusiyanın da adı hallanır. Hələ ki, diqqət ora yönəldiləcək. Ancaq münaqişə uzansa, üçüncü qüvvələrin də savaşa cəlb edilməsi qaçılmaz olacaq. Gedişatdan belə başa düşürəm ki, Qərb çalışır münaqişə daha lokal xarakter alsın, üçüncü dövlətlər savaşa qoşulmasın, ancaq İsraillə-HƏMAS qüvvələri arasında münaqişə ilə məhdudlaşsın. Hələ ki, görünən budur. 

- Bəzi analitiklər deyir ki, Hindistandan başlayan yeni nəqliyyat marşrutunun elan edilməsindən sonra Qəzza bölgəsində münaqişə baş verdi. İran HƏMAS-ın əli ilə marşrutun qarşısını almağa çalışır. İsrail isə buna icazə verərək, provakasiyaya şərat yaratmaqla, marşrutun keçəcəyi ərazilərdən terrorçu qruplaşmanı təmizləməyə cəhd edir. Ümumiyyətlə, Yaxın Şərqin böyük bir müharibənin astanasında olduğunu deyirlər. Siz necə düşünürsünüz, bu münaqişə lokal əməliyyatlardan böyük müharibəyə keçərək, regionu əhatə edə bilərmi?

- Hələ münaqişəyə cəlb olunan aktorlar arasında böyük ölkələr yoxdur. Bu münaqişənin məhdud çərçivədə baş verməsi istiqamətində işlər gedir. Hindistandan keçən marşrut ciddi mövzudur. Davamlı zərbələrin endirilməsi nəticəsində İsrail şəhərlərinin dağıdılması, Tel-Əviv tərəfindən əks əməliyyatların keçirilməsi, bu marşrutun həyata keçirlməsinin qarşısını ala bilər. Çünki bu marşrutun keçdiyi ərazilər təhlükəsiz olmayacaq. Bu marşrutu bir növ Böyük İpək Yolunun hissələrindən biri kimi anlamaq olar. Hindistanın isə belə bir dəhliz təklif etməsini Hindistan-Çin rəqabətinin məhsulu kimi başa düşmək olar. Amma düşünmürəm ki, marşrut bu boyda tələfatlar, infrastrukturların dağılması ilə gerçəkləşdirilsin. İnfrastrukturlar dağılan yerdə hər hansı marşrutun keçməsi çox çətin görünür. Ona görə də düşünmürəm ki, münaqişə buna görə törədilib. 
 


- İsrailin Livanla sərhəd olan şəhərlərinə həmin ərazilərdən raket hücumu olması ilə bağlı xəbərdarlıq edilib. Livanın müharibəyə qoşulması onun taleyinə necə təsir edəcək?

- Livanın savaşa qoşulması bu ölkəni təhlükəyə ata bilər. Ötən əsrin 80-ci illərində də Livan-İsrail müharibəsi olub. Bundan sonra da Livanda böyük təlatümlər baş verib. Yenidən o bataqlığa girmək Livan üçün əlverişli deyil. Düşünürəm ki, adlarını çəkdiyimiiz qüvvələr Livanda hökumətin fikirləri olmadan da hərəkət edirlər. Sanki dövlətin içində bir dövlət forması alıblar. Fələstin əhalisinə olunan yardımların dayandırılması ilə bağlı məlumatlar yayılır. Məsələn, bu terror təkilatları müəyyən yardım alacaq, silahlandırılıcaq. Bəs mülki əhali? Bəs, onların taleyi necə olacaq? Ona görə də fikirləşirəm ki, bu müharibə lokallaşacaq. Müəyyən müddətdən, yəni İsrail öz hədəflərinə çatandan sonra bu münaqişə ocağı aradan qaldırıla bilər. Amma 100 faiz dəqiq bilinən odur ki, bu münaqişə həll olunmamış mərhələdə qalacaq. 

- Dediniz ki, İsrail hədəflərinə çatacaq. Amma çoxları deyir ki, İsrailin bu hücumu əvvəldən bilməməsi zəiflik idi. Belə nəticəyə gəlmək olar ki, İsrail bu hucumun baş verməsinə özü şərait yaradıb?

- Yox, əsla. İsrailin münaqişədə əhalinin girov götürlüməsi, öldürülməsi, infrastrukturun dağıdılması, onlar tərfindən hərbi qənimətlərin ələ keçirilsi və s. daxili siyasi vəziyyətə pis təsir edəcək. Netenyahu hökumətinə zərbə olacaq. Onlar hamısı seçkili orqandır. Baş vermiş hadisələrlə bağlı açıqlama verməlidir, niyə baş verdiyini deməlidirlər. Bunun qarşısının alınması üçün nə edilməli idilər və s. suallarla bağlı cavablar veriləcək. Bu proses hökumətə təsirsiz ötməyəcək. Ola bilsin ki, İsrailin təhlükəsizlik sistemlərində müəyyən boşluqlar var, amma nə səbəbdən yaranıb, onu deyə bilmərəm. Bunu heç kim deyə bilməz, biz sadəcə versiyalar irəli sürə bilərik. 

- İsrailin müdafiə naziri dünən açıqlama verdi ki, Qəzza zolağı blokadaya alınıb. Bundan sonra proseslər nə qədər davam edə bilər?

- Vaxtını dəqiq demək mümkün deyil. Amma İsrail iki həftəlik plan hazırlayıb, "Qisas” əməliyyatını tamamlamaq istəyir. Hökm deyil ki, iki həftə olsun, İsrail starteji hədəflərinə çatana kimi proses davam edə bilər. Amma illərlə davam etməyəcək, bir həftə, on gün, uzağı iki həftə davam edəcək. Heç bir halda savaş uzun müddət davam edə bilməz. HƏMAS-ın da qüvvələri tükənəcək. Ona görə də İsrail HƏMAS-a məxsus strateji qüvvələri vurur ki, sıradan çıxarsın. Bundan sonra da HƏMAS-ın müqavimət gücü azalacaq. Plan belədir. Lakin müxtəlif dəyişikliklər də ola bilər. 

Günay İlqarqızı

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->