Stokholm Beynəlxalq Sülh Araşdırma İnstitutunun (SIPRI) hesabatına görə, Yaxın Şərqə ixrac edilən silah-sursatın miqdarı 2013-2017-ci illərdə 2 dəfə artıb.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, silah satışında liderlik ABŞ, Rusiya, Fransa, Almaniya və Çinə aiddir. Beş ölkə dünyadakı silah satışının 74%-inə sahibdir. Almaniyanın satış miqdarı 14% azalsa da, Yaxın Şərq ölkələrinə edilən satışın həcmi 109% artıb. ABŞ silah ixracatını son 5 ildə 25% artırıb. Bu ölkə ticarətin bu formasında 1990-cı illərdən bəri ilk dəfə bu qədər böyük satış həyata keçirir.
Ən çox silah alan Yaxın Şərq ölkəsi statusunu isə Səudiyyə Ərəbistanı qazanıb. Hindistandan sonra dünyada ən çox silah alan ölkə olan Səudiyyə 2013-2017-ci illərdə silah idxalını 225% artırıb. Rəsmi Riyad son olaraq ötən günlərdə İngiltərəyə 48 ədəd yüksək texnologiyalı hərbi təyyarə sifariş verib. Dünyadakı silah idxalının 12%-nə sahib Hindistan isə əsasən Rusiyaya müraciət edir və hərbi texnologiya təchizatının 62%-ni bu ölkə təmin edir.
Silah satışını genişləndirən ölkələr arasında Türkiyə, İsrail və Cənubi Koreya da yer alıb. Türkiyədə bu faiz 145-ə bərabər olub.
Yaxın Şərqdən başqa Asiya, Okeaniya ölkələrinə edilən ixracatda da artım müşahidə olunub, lakin Afrikaya göndərilən hərbi texnologiyada azalma qeydə alınıb.
Gülşən
Şərhlər