Xəbər lenti

Yayda elektrolit qəbul etmək lazımdırmı?
Sağlamlıq 11:52 08.07.2026

Yayda elektrolit qəbul etmək lazımdırmı?

Yay aylarında orqanizmdə maye balansının qorunması günvurma və həddindən artıq istiliyin yaratdığı risklərin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır. İsti havada güclü tərləmə zamanı isə bəzi hallarda itirilən elektrolitlərin (suda həll olduqda elektrik cərəyanını keçirən və bədənin maye balansı, əzələ funksiyaları, həmçinin sinir sistemini tənzimləyən minerallar) bərpasına ehtiyac yarana bilər.

Qaynarinfo xəbər verir ki, "Real Simple" nəşri mütəxəssislərin rəylərinə istinadən elektrolitlərin nə olduğu, hansı hallarda onlara ehtiyac yarandığı və yay aylarında əlavə qəbul edilməsinin zəruri olub-olmaması barədə məlumat yayıb.

Elektrolitlər nədir?

Diyetoloq Emma Şeltonun sözlərinə görə, elektrolitlər elektrik cərəyanını keçirən minerallardır və orqanizmin normal fəaliyyətində mühüm rol oynayırlar.

Onlar sinir sisteminin fəaliyyəti, əzələlərin koordinasiyası, hüceyrələrin daxilində və xaricində maye balansının qorunması, həmçinin immun sisteminin normal işləməsi üçün vacibdir. Mütəxəssisin sözlərinə görə, elektrolitlər olmadan beyin normal fəaliyyət göstərə, ürək isə normal ritmlə işləyə bilməz.

Natrium, kalium, maqnezium və kalsium kimi elektrolitlər orqanizmdə müxtəlif funksiyalar yerinə yetirirlər.

Elektrolitlər nə vaxt lazımdır?

Həkim Şayenn Falatın sözlərinə görə, orqanizm elektrolitləri ishal, qusma, sidik ifrazı və tərləmə zamanı maye ilə birlikdə təbii şəkildə itirir. Normal şəraitdə bu, adətən problem yaratmır.

Onun bildirdiyinə görə, sağlam orqanizm elektrolitlərin qəbulu və itirilməsi arasında tarazlığı qorumağa qadirdir. Lakin isti və rütubətli hava şəraitində güclü tərləmə su və elektrolit itkisinin sürətini əhəmiyyətli dərəcədə artırır. Belə hallarda yalnız su qəbul edilməsi elektrolit balansının pozulmasına səbəb ola bilər.

Mütəxəssis əlavə edir ki, bəzi xəstəliklər və dərman preparatları da elektrolit itkisini artıra bilər.

Emma Şeltonun fikrincə, yay aylarında tərləmə artsa da, əksər hallarda elektrolit tərkibli içkilərin qəbuluna ehtiyac olmur.

Onun sözlərinə görə, əsasən oturaq həyat tərzi keçirən və günün böyük hissəsini kondisionerli məkanlarda keçirən insanların əlavə elektrolit qəbul etməsinə ehtiyac yaranmaya bilər.

Şayenn Falat xəbərdarlıq edir ki, elektrolitlərin həddindən artıq qəbulu ürək-damar sistemi ilə bağlı bəzi problemləri ağırlaşdıra bilər.

Elektrolit balansı pozulduqda yorğunluq, əzələ spazmları, zəiflik, ürəkbulanma, baş ağrısı və ürək ritminin pozulması kimi əlamətlər müşahidə oluna bilər.

Elektrolitləri hansı qidalardan almaq olar?

Mütəxəssislərin sözlərinə görə, insanlar elektrolitləri əsasən qida və içkilər vasitəsilə qəbul edirlər. Buna görə də balanslaşdırılmış qidalanma əksər hallarda onların normal səviyyədə saxlanılması üçün kifayət edir.

Diyetoloq Natali Uolş bildirir ki, elektrolit ehtiyatını bərpa etməyin ən yaxşı yolu qida maddələri ilə zəngin rasiondur.

Onun sözlərinə görə, tərkibində çoxlu şəkər və natrium olan hazır elektrolit içkilərindən mümkün qədər uzaq durmaq tövsiyə olunur. Bunun əvəzinə qoz-fındıq, toxumlar, süd məhsulları, meyvə və tərəvəzlərin istehlakına üstünlük verilməsi, həmçinin kifayət qədər su içilməsi məsləhət görülür.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->