Yazlıq və çoxillik əkin üzrə 45 mindən artıq fermerə subsidiya ödənildi

Yazlıq və çoxillik əkin üzrə 45 mindən artıq fermerə subsidiya ödənildi

2021-ci il üçün yazlıq və çoxillik əkin üzrə 45 mindən artıq fermerə 20 milyon manatdan çox subsidiya ödənişi həyata keçirilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən (AKİA) verilən məlumata görə, həmin ödənişlər 82 min hektardan artıq ərazini əhatə edib.

AKİA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ruslan Zeynal bildirib ki, subsidiyalar torpaq analizlərini vaxtında təqdim edən, əkin sahələri monitorinqə düşməyən və əkin sahələrinin monitorinqi başa çatan fermerlərə verilib. "Fermerlərin əkinlərini vaxtında və doğru bəyan etməsi bizə subsidiyaları tez ödəmək imkanı verdi”, - deyə Ruslan Zeynal vurğulayıb.

AKİA rəsmisi əlavə edib ki, monitorinqlər başa çatdıqca digər fermerlər də bu ayın sonunadək subsidiyalarını əldə edə biləcəklər. Hazırda AKİA tərəfindən digər subsidiyaların ödənişləri də həyata keçirilir. Ümumilikdə cari ildə, 2020-2021-ci il payızlıq, 2021-ci il yazlıq və çoxillik əkin bəyanları üzrə 340 mindən artıq fermerə 152 milyon manatdan çox subsidiya ödənilib. 

Qeyd edək ki, aqrar subsidiyalar "Fermer kart”larına köçürülür. Əkin subsidiyasının 25%-i nağdlaşdırılan, 75%-i isə nağdlaşdırılmayan vəsaitdir. Nağdlaşdırılmayan vəsait fermerlərin təchizatçılardan təsərrüfatları üçün toxum, gübrə, pestisid əldə etməsi üçün nəzərdə tutulub.

Xatırladaq ki, qaydalara görə, subsidiya vəsaitindən təyinatı üzrə istifadə etməyən və fermer kartındakı nağdlaşdırılmayan hissədən nağd istifadə etməyə çalışan şəxslərə cəza və cərimə tətbiq olunur.

X
XƏBƏRLƏR
BLOGLAR