Xəbər lenti

Son Şengen ölkəsi yeni viza ilə qapılarını açdı: 1 illik oturum imkanı yaradır - ŞƏRTLƏR
Dünya 16:11 08.01.2026

Son Şengen ölkəsi yeni viza ilə qapılarını açdı: 1 illik oturum imkanı yaradır - ŞƏRTLƏR

2026-cı ilin ilk günü etibarilə avroya keçən Şengen ölkəsi uzaqdan çalışanlara qapılarını açır. "Rəqəmsal köçəri vizası” tətbiq olunub və müraciətlər qəbul edilməyə başlanıb. Bəs bu vizaya kimlər müraciət edə bilər və proses necə həyata keçiriləcək? Şengen ölkəsində tətbiq edilən "rəqəmsal köçəri vizası” ilə bağlı bütün detallar…

Qaynarinfo xəbər verir ki, 2025-ci ildə Şengen zonasına tam inteqrasiya olunan və 2026-cı ildə avro dövrünə keçən Bolqarıstan dünyanın müxtəlif ölkələrində yaşayan uzaqdan çalışan şəxslər üçün yeni imkan yaradır.

Digər Şengen ölkələri ilə müqayisədə aşağı yaşayış xərcləri və yüksək sürətli interneti ilə seçilən ölkədə yeni dövr başlayıb. Müraciət prosesi və tələblər də artıq dəqiqləşib.



Kimlər müraciət edə bilər?

Bolqarıstanın yeni viza proqramı Avropa İttifaqı (Aİ) və Avropa İqtisadi Bölgəsi (AİB) xaricindəki ölkələrin vətəndaşlarını hədəfləyir. Müraciət üçün əsas şərt gəlirin Bolqarıstan xaricindəki mənbələrdən əldə olunmasıdır.

"Euronews”un məlumatına görə, bu çərçivədə üç əsas uyğunluq meyarı mövcuddur:

– Aİ, AİB və İsveçrə xaricində qeydiyyatdan keçmiş şirkətlərin uzaqdan çalışan əməkdaşları;
– Xaricdə qeydiyyatda olan bir biznesin sahibi olanlar və ya həmin biznesdə 25 faizdən çox paya malik şəxslər;
– Müraciətdən əvvəl ən azı 1 il müddətində Bolqarıstan xaricindəki müştərilərə xidmət göstərmiş frilanserlər və ya müstəqil peşəkarlar.

Gəlir həddi nə qədərdir?

Namizədlərin maliyyə imkanlarını sübut etməsi ən vacib mərhələlərdən biri hesab olunur. Mövcud qaydalara əsasən, illik gəlirin Bolqarıstanda müəyyən olunmuş aylıq minimum əməkhaqqının 50 misli həcmində olması tələb edilir.

Hazırda ölkədə minimum əməkhaqqı 620 avro təşkil edir. Bu isə illik minimum gəlirin təxminən 31 min avroya bərabər olması deməkdir.



"Rəqəmsal köçəri vizası"na müraciət qaydası

Proses iki əsas mərhələdən ibarətdir və ümumilikdə təxminən 3 ay çəkir.

D tipli viza mərhələsi:

İlk addım Bolqarıstanın diplomatik nümayəndəliklərinə uzunmüddətli "D tipli” viza üçün müraciət etməkdir. Bu mərhələ adətən 4–8 həftə davam edir. Sözügedən viza xarici vətəndaşlara Bolqarıstana giriş və oturum icazəsi üçün müraciət hüququ verir.

Oturum icazəsi:

Bolqarıstana daxil olduqdan sonra ilk 14 gün ərzində "rəqəmsal köçəri vizası” çərçivəsində oturum icazəsi üçün müraciət tamamlanmalıdır.



Tələb olunan sənədlər

Zəruri sənədlər sırasında Bolqarıstanda qalmağa dair sübutlar (məsələn, kirayə müqaviləsi, otel rezervasiyası və ya daşınmaz əmlak mülkiyyəti), yaşadığınız ölkədən alınmış məhkumluğun olmaması haqqında arayış və xarici sənədlərin bolqar dilinə tərcümələri yer alır. Zəruri hallarda sənədlər üçün apostil də tələb olunur.

Bundan əlavə, rəsmi minimum gəlir həddinə cavab verdiyinizi sübut etməlisiniz. Uzaqdan çalışma üzrə məsləhət xidmətləri göstərən "Citizen Remote” platformasının məlumatına görə, müraciət edən şəxslər Bolqarıstanda qalma müddətini əhatə edən və bütün Şengen/Aİ ərazisində keçərli olan tibbi sığorta sənədini də təqdim etməlidirlər.

Son mərhələdə rəqəmsal köçərilər şəxsiyyət vəsiqəsi üçün müraciət edə bilirlər. Bütün proses 3 aydan daha uzun çəkə bilər. Oturum icazəsi ilkin mərhələdə 1 il müddətinə verilir və uyğunluq şərtləri qorunduğu təqdirdə daha 1 il müddətinə uzadıla bilər.

Aydın
--> -->