Öyrəşmədiyimiz

Öyrəşmədiyimiz "Qarabağ" və Qurbanov üçün yeni vəzifə

Gözümüz "Qarabağ"ı Çempionlar Liqasının təsnifat mərhələlərində, hər il Avroliqanın qrupunda görməyə öyrəşmişdi. Ardıcıl 7 il çempion olub ölkəmizi qitənin ən nüfuzlu turnirlərində, özü də bizə görə mümkün olan maksimum səviyyədə təmsil etmək asan deyil. Bu il isə məsuliyyəti "Neftçi" öz üzərinə götürüb. Hər halda Azərbaycan çempionunun Bakıdakı matçda "Olimpiakos"u məğlubiyyətə uğradıb növbəti mərhələyə adlayacağını arzulayırıq və inamımız var. Komanda Yunanıstanda buna tam hazır olduğunu göstərməsə də, səhvlərdən dərs çıxaracaqlarına ümidimiz böyükdür. 

"Qarabağ" olsa, bu rəqibi udardımı?" kimi fikirlərdən və yersiz müqayisələrdən isə uzağam. Nə olacağını zaman göstərəcək və bizə ən yaxşısına ümid etmək qalır. Sözüm onda deyil...

Uzun illərdən sonra "Qarabağ" ÇL və AL-ə nisbətən aşağı səviyyəli liqada necə göründü? Psixoloji baxımdan bunun müəyyən təsiri olduğunu hiss etdik. Neyləyə bilərsən, nə qədər "Qarabağ"ı belə görməyə öyrəşməsək də, qismətdir. Bundan sonra futbolçular lazımsız fikirləri beyinlərindən silməli, birbaşa cavab matçına köklənməlidir. Çünki mənfiliklərlə yanaşı, xeyli sayda müsbət məqamlar da var. Əslində, "Qarabağ"ın "Aşdod" kimi rəqibləri çox olub. Bu illər ərzində Ağdam klubu belə sınaqların böyük əksəriyyətindən üzüağ çıxıb. İsrail təmsilçisi də digərlərindən ciddi şəkildə fərqlənmədi. Aşağı-yuxarı eyni üslub, açıq oyuna, yüksək tempə qarşı qapanma və imkan tapdıqca əks-hücum... Deməli, "Qarabağ" Bakıda bu rəqibi minimal hesabla da olsa yenməli idi. Bunun üçün durum məhz Azərbaycan komandasının lehinəydi. İsraillilərin gücünü şişirtməyə ehtiyac yoxdur. 

Düzdür, bu onları saymamaq anlamına gəlməməlidir. Hər halda rəqib meydanda Ağdam klubuna kifayət qədər çətinliklər və qol şansları yaratdı. İstənilən halda matça "Qarabağ" nəzarət edə bilirdi və bunu hər kəs gördü.

Bəs nəyi qabartmalıyıq? Hər şeydən əvvəl transfer məsələlərini. Yay transfer pəncərəsi açılandan "Qarabağ" heyətinə cəmi 3 futbolçu qatıb. Kadi, Ramil Şeydayev və Marko Veşoviç. Bəlkə də baş məşqçi Qurban Qurbanov Konfrans Liqasının səviyyəsini nəzərə alıb hələ yeni futbolçular transfer etməyə tələsmir. Açığı, bunu ilk mərhələlərdəki rəqiblərin səviyyəsinə görə arxayınlıq, yoxsa çətinlik kimi dəyərləndirmək lazımdır, bunu da deyə bilmərəm. Heç şübhəsiz, Qurban bəyin şəxsi fikirləri  var və onlara uyğun addımlar atacaq. Ancaq görünən odur ki, komanda tam toparlana bilməyib. Hələ yeni transferlərin nəyə qadir olduğunu da görməmişik. Təbii ki, yoldaşlıq oyunları ilə rəsmi beynəlxalq matçlar tam fərqlidir. "Qarabağ"ın yeni transferləri əsl güclərini beynəlxalq arenada göstərməlidirlər. Ki, buna inamımız böyükdür. Yəni bir oyunla hansısa futbolçunun qarşısına "X" işarəsi qoymaq, yaxud tərifləyib göylərə ucaltmaq olmaz. Yəqin ki, Kadi ilə Veşoviç Qurban bəyin inamını doğruldar. Amma Şeydayev...

Xatırlayıram, Ramil Azərbaycana yeni gələndə çox diqqət gördü. Hətta o vaxt təsəvvürümüzə gətirməzdik ki, Şeydayev Azərbaycanda artıq "bataqlıq" kimi qəbul olunan Birinci Divizionun da "dadını" hiss edəcək. "Zenit"in yetirməsi olan, Moskva "Dinamo"sunda, "Trabzonspor"da, "Krılya Sovetov"da, "Jilina"da forma geyinmiş bir oyunçudan şübhəsiz, Azərbaycan millisində gözləntilər böyük idi. Söz yox, istedadlı futbolçudur. Hər halda tanınmış futbol məktəbində yetişən, bizimkilərdən daha adlı-sanlı komandalarda forma geyinən birinə "bacarıqsız" demək gülüncdür. Sürəti var, texnikası pis deyil, demək olar ki, hər dəfə də şans qazanır. Amma hələ ki, Azərbaycanda istedadını tam şəkildə ortaya qoya bilməyib. Bəs bunun səbəbi nədir? Ramilə nə mane olur? Bəlkə son vaxtlar Azərbaycanda çıxış etməsi? Bəlkə də yetərincə şans qazanmaması. Görünən odur ki, Ramili daha yüksək səviyyəli hücumçu etmək üçün Qurban bəy çox çalışmalı olacaq. Baş məşqi öz üzərinə daha bir məsuliyyətli vəzifə götürüb. Şəxsi fikrimə gəlincə, ya Ramilin oyun tərzinə uyğun taktika qurulmalıdır (təbii ki, bunu "Qarabağ"ın Ramilə görə bütün sistemi dəyişməsi anlamında demirəm), ya da bütün bildiklərini sıfırlayıb onu yeni üsluba öyrəşdirmək lazımdır ki, bu daha çətin və zaman alan prosesdir. Düşünürəm ki, 25 yaşlı futbolçunun tam püxtələşməsi üçün uzağı 1-2 il vaxtı qalıb. 

(Bunu Azərbaycan reallığını nəzərə alıb yazdım. Normalda istedadlı futbolçular 24-25 yaşında artıq həm oynadığı klubda, həm də yığmada öz yerini möhkəmləndirmiş olur və yavaş-yavaş liderliyə doğru addımlar atır). 

Bu müddətdən sonra o, ya güclənib "partlayacaq", ya da bir çox istedadlar kimi yavaş-yavaş batıb gedəcək. Bilmək olmaz, bəlkə Qurban bəyin Şeydayevi ikinci dəfə transfer etməsinin səbəbi də məhz yuxarıda göstərdiyim variantların birincisidir. Bir futbolçunun püxtələşməsi üçün onun oyun tərzinə, bacarıqlarına uyğun taktika qurmaq və daha çox şans tanımaq da vacib amildir. Necə ki, vaxtilə Mahir Emreli ilə bağlı narazılıqların çox olduğu bir vaxtda Qurban bəy inadkarcasına ona daha çox şans verirdi və nəticəsini də gördü. Ancaq fakt odur ki, Şeydayev hələ gözlədiyimiz səviyyəyə çatmayıb. Bəlkə də ölkəmizdə yetərincə şans qazanmaması onda özünə qarşı inamsızlıq yaradıb. Qısası, hələ ki, Şeydayevə nələrsə mane olur. 

Cavab oyununda "Qarabağ"ı nə gözləyə bilər? Transfer, lazımi mövqelərdə futbolçuların sayı az olduğundan komandada problemlərin yarandığı göz önündədir. Maksimin qırmızı vərəqə görməsindən sonra xüsusən də müdafiədə çətinliklər yaşayacaqları qaçılmazdır. Qurban bəy də bundan çox narahatdır və ilk oyundan sonra mətbuat konfransında yarızarafat, yarıciddi şəkildə məsələni qabartdı. Komanda səfərdə lidersiz oynayacaq. "Aşdod" isə bu məqamdan doğan boşluqlardan yararlanmaq üçün çalışacaq. Bütün bunlara baxmayaraq, Qurban Qurbanovlu "Qarabağ"ın Konfrans Liqasının ikinci təsnifat mərhələsində mübarizəni dayandıracağı ilə bağlı fərziyyələri qəbul etmirəm.
Səbuhi Həsənov
XƏBƏRLƏR
BLOGLAR
X