Rusiya XİN-nin nümayəndəsi Mariya Zaxarovanın brifinqi zamanı "Report” agentliyinin jurnalisti İqbal Rüstəmov Moskvada Konstantin Zatulinin təşəbbüskarı olduğu "Lazarev klubu” ikinci rus-erməni forumunun keçiriləcəyi və bu forumda Dağlıq Qarabağdakı separatçı rejiminin nümayəndələrinin iştirak edib-etməyəcəyi ilə bağlı sual verib.
Jurnalist məsələ ilə bağlı Mariya Zaxarovaya sual ünvanlayan zaman, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədri olduğunu xatırladıb və Qarabağ separatçılarının bu forumda iştirakının yolverilməz olduğunu qeyd edib.
Lakin Mariya Zaxarova jurnalistin sözünü kəsib:
"Bir dəqiqə dayanın. Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədri olması ilə bu forum arasında nə əlaqə var? Siz sualınızda iki məsələni birləşdirirsiniz, halbuki onları birləşdirmək lazım deyil.
Əlbəttə ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir və rəsmi səviyyədə üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir. Habelə Moskvada, siz düzgün olaraq qeyd etdiyiniz kimi, vətəndaş cəmiyyətləri və qeyri-hökumət təşkilatları tərəfindən təşkil olunan yüzlərlə fərqli mövzulu forumlar keçirilir. Söhbət belə forumlardan birindən gedir.
Sizdə bu forumda hansısa yolla rəsmi şəxslərin iştirak etdiyi haqqında məlumat varsa, bizə ötürün. Məndə belə bir informasiya yoxdur”, -deyə Zaxarova bildirib.
Rusiya XİN rəsmi nümayəndəsi qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyətləri tərəfindən müxtəlif tədbirlərin keçirilməsi hüququ Rusiya qanunvericiliyində təsbit olunub:
"Əgər tədbirdə rəsmi olaraq dövlət orqanı nümayəndələrinin iştirakından söhbət gedirsə, mən bunu şərh etməyə hazıram. Ancaq bunun üçün konkret məlumatlar olmalıdır”. (oxu.az)
Şərhlər