Xəbər lenti

Zəlzələ bölgəsində sürüşmə faktı aşkarlanıb (FOTOLAR)
Foto 11:05 08.02.2019

Zəlzələ bölgəsində sürüşmə faktı aşkarlanıb (FOTOLAR)

Fevralən 5-də İsmayıllı və Ağsu rayonlarında baş verən zəlzələ ilə bağlı bölgədə kompleks seysmoloji tədqiqatları davam etdirən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) əməkdaşları Şamaxı rayonu ərazisində sürüşmə faktını aşkar ediblər.

Bu barədə Qaynarinfo-ya RSXM-nin İnformasiya şöbəsindən məlumat verilib. 

Aparılan araşdırmalar zamanı Şamaxı rayonunun ərazisində Qızmeydan yolunun kənarında sürüşmə sahələrində aktivlik müşahidə olunub. Qeyd edək ki, aşkar olunan birinci sürüşmə sahəsinin yanında asfalt yolun üzərində 5-10 millimetrlik çatlar yaranıb. Bundan başqa, yolun kənarında 15-25 millimetrlik çökmə və sürüşmə halı müşahidə edilir.

Yolun ikinci hissəsindəki sürüşmə sahəsində asfalt üzərində 5-10 millimetrlik çatlar, yol kənarında isə 20-30 santimetrlik aralanma müşahidə edilir. Həmçinin, Ağsu aşırımında yolun 154-cü kilometrinə qədər hissəsində çatlar və sürüşmələr müşahidə olunur.

Bununla yanaşı, RSXM əməkdaşları ayrı-ayrı qruplarda zəlzələnin episentrində gərginliyin öyrənilməsi ilə bağlı da tədqiqatları davam etdirirlər. Hazırda müxtəlif istiqamətlərdə profillər üzrə seysmik və geofiziki tədqiqatlar davam etdirilir.

Aparılan araşdırmalarla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->