Doğrusu, çoxdandır ölkədə aparılan dini islahatlarla bağlı yazmağı düşünürdüm. Əslində indiyədək bu mövzuda heç də az yazmamışam, hər dəfə də çalışmışam ki, necə deyərlər, başdansovdu olmasın, məsələnin hansısa konkret aspektinə toxunum.
Amma problem qəti tükənmir, xəmir kimi su aparır. İnsafən, hökumət çox çalışır ki, bu sferada bir dəyişiklik olsun. Amma alınırmı, ən əsası da asandırmı?
Əlbəttə, çətindir, çünki indi az qala, hər şey şəbəkələşib və böyük biznesə çevrilib. O gün avtobusla gedəndə baxıb görürəm ki, şəhərdə nə qədər mərasim zalları tikilib. Hamısı da müştərisini gözləyir: bəli, kimsə ölməlidir ki, bunlar qazansınlar.
Deyim ki, əslində belə zalların olması pis də deyil, şəhərdə yas mərasimlərini keçirmək üçün yer tapmaq elə də asan iş deyil, hətta tapılanda belə qonum-qonşu üçün problemlər yaranır. Amma istəməzdik ki, bu zallar da "şadlıq sarayları” kimi başlasın insanlara, necə deyərlər, qiymət oxumağa...
Amma təkcə budurmu bir neçə ildir davam edən dini islahatların yolundakı ən əsas maneə? Təəssüf ki, yox. Daim yazırıq ki, bu məsələlərdə imkanlı adamlar nümunə olmalı, öndə getməlidirlər ki, digərləri də onlara baxıb desinlər ki, bax, filankəs istəsəydi, hamımızdan dəbdəbəli yas-ehsan verərdi, amma etmədi.
Fəqət çox uzaq zamanları bilmirəm, amma altmış bir yaşımda gördüyüm-qənaətim bu olub ki, bizim "elita adamları” heç də bütün məsələlərldə öndə olmağı sevməyiblər.
Bəli, vəzifə paylananda, sərvət, hakimiyyət veriləndə bunların çoxu hamıdan qabaqda olur, amma başqa məsələlərdə qəti adlarını çəkməyin: sanki samanlıqda əlinizdən saldığınız iynəyə dönəcəklər; gecəbəgündüz axtar, xeyri yoxdur, tapa bilməyəcəksən.
Dini islahatların yolunda bir maneə də var ki, adam onu demək də istəyir, deməmək də. Söhbət din adamlarından, əsasən də axundlardan, mollalarrdan gedir. Onların da problemi həll olunmayınca məsələ tamam yoluna qoyulmayacaq, həllini tapmayacaq.
Qınaqçün demirəm. Əsla. Bilirsinizmi, birimiz jurnalist, digərimiz həkim, bir qeyrimiz də mühəndis olduğu kimi bunlar da molladırlar.
İndi bu adamlar neyləsin? Peşələri budur və çox da vacib peşədir: hamımızın yaxınları, qohumları, bir gün elə özümüz də köçürük dünyadan. Bütün bu prosesləri yola verənlər, zəruri ayinləri icra edənlər kimlərdir? Onlarsız keçinmək mümkündürmü?..
Sovetlərdən dinsiz dövlət yox idi, amma hətta onlar da nə qibləmizi dəyişə bildilər, nə də dini ayinlərimizi.
Hətta onda da ən böyük vəzifələrdə çalışanlarımız - məmur həmvətənlilərimiz belə bəzi dini ayinlərə mütləq əməl edər, məsələn, ölülərini müsəlman qaydası ilə dəfn edərdilər. Futuroloq olmasam da düşünürəm belə olub, bəlkə beş yüz il sonra da beləcə də qalacaq.
Həm də tarix boyu mollaları, hətta aşıqları da el-camaat dolandırıb, çünki bunlarsız keçinməyiblər: biri toyunu-düyününü yola verib millətin, digərisə yasını. Ona görə də dövlət hansısa formada bunların da problemini həll etməlidir: ya bu adamlara maaş verilsin, ya ruhani idarələri, məscidlər özləri dolandırsın bunları. Bildiyimə görə, axundlar maaş alırlar, amma din adamları təkcə bir axunddan ibarət deyil axı...
Mollalara münasibət hələ də birmənalı deyil. Sovet vaxtı dini təhsil demək olar, məhv edilmişdi, ruhanilər yetişdirilmirdi. Ona görə də ən müxtəlif adamlar öz təşəbbüslərilə mollalıq edir, mərasimləri birtəhər yola verirdilər. Sovetin vaxtı üç belə molla tanıyırdım, hər üçü əslində traktorçu idilər, amma həm də mollalıq edir, insanların xeyir–şərini birtəhər yola verirdilər. Düşünürəm, buna görə onlara da rəhmət oxumaq lazımdır, başqa neyləmək olardı?
İndi şükr, çox şeylər dəyişib. Nə qədər desən, savadlı və məlumatlı din adamları var. Amma burada da bir nüansı vurğulamağa dəyər.
İnsanlarımız hərdən mollalara bir az şübhəli, bir az da sınayıcı münasibət göstərir, hətta məclislərdə onların səhvini də tutmaq istəyirlər. Düşünürsən ki, mollalardan çox şey tələb etmirikmi?
Əlbəttə, bəzi incə məqamları var dinimizin və mollalar belə məsələləri şərh edəndə səhvə, yanlışlığa yol verməməlidirlər. İmkan olanda buna da toxunarıq, amma məsələlər var ki, onlara ilahiyyat alimləri düzəliş versə daha yaxşı olar.
Belədəsə, bilirsiz, hər molla akademik Vasim Məmmədəliyev deyil, bütün mollalar ilahiyyat alimləri deyillər, professor, akademik axtarırsınızsa, gedin universitetlərə, akademiyaya. Mollanın əsas işi nədir? Müəyyən dini ayinləri icra etmək, millətin dini ənənələrini yaşatmaq. Bunu yaxşı edirlərsə, sağ olsunlar, bəs edir, çünki bir daha deyirik ki, molla akademik, filosof, hətta ilahiyyatçı-alim də deyil. Məgər hər həkim, hər mühəndis, hətta müəllim alim-professor olurmu?..
Dediyimiz budur ki, bu məqamlar nəzərə alınsa, islahat prosesi sürətlənər. Adamın yaxınını itirməsi özü böyük dərddir - problemdir. Bir problemi də biz yaradırıq. Adam bilmir, ölüsünü düşünsün, yoxsa ki, yas mərasimlərini necə verəcəyini, bunun üçün haradan pul tapacağını.
Həm də insanlar onsuz da ömürlərinin demək olar, axırınadək yaxınlarının itkisilə barışmırlar. Amma on il yas saxlasaq, ən böyük saraylarda dəddəbəli yas mərasimləri keçirsək, dünyanın bütün nemətlərini ora gətirsək, yenə də xeyri yoxdur, dünyasını dəyişmiş doğmalarımız qayıtmayacaqlar, necə deyər, qaradır torpağın üzü, gildən-torpaqdan yaranmış insan bir gün torpağa da qayıtmalıdır.
Həm də durub Allahla "allahlıq” etməyəcəyik ki! Tanrının bizim üçün qoyduğu qanun var. Bir gün hamımız köçəcəyik dünyadan: min il əvvəl də belə olub, sonra da belə olacaq. Çətinmi bunu anlamaq, daha doğrusu, bununla barışmaq?..
Hüseynbala Səlimov
Şərhlər