"Aznur” MMC-yə məxsus "Belarusski” mağazasında oğurluq baş verib.
Qaynarinfo-nun məlumatına görə, mağaza müdirinin otağındakı seyfdən 36 404 manat pul oğurlanıb.
Hadisəni mağazanın fəhləsi törədib. O, oğurluqdan bir gün sonra polis tərəfindən saxlanılıb. Nadir Şahinliyə (şərti) qarşı Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan edilib. Barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.
Cinayət işinə Nəsimi Rayon Məhkəməsində hakim Anar İbadzadənin sədrliyi ilə baxılıb. Nadir Şahinli məhkəmə zamanı verilmiş ittiham üzrə özünü təqsirli bilib. O, əməlini maddi sıxıntılarla əlaqələndirib.
Oğurluğu necə törətməsinə gəlincə, Nadir Şahinli bildirib ki, mağaza bağlanmazdan əvvəl anbarda gizlənib. İşçilərini mağazanı tərk etməsindən əmin olduqdan sonra isə oğurluq planını həyata keçirib.
Zərərçəkmiş tərəf isə məhkəmənin diqqətinə çatdırıb ki, dəymiş ziyan ödənilib.
Məhkəmənin hökmü ilə Nadir Şahinli 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanıldığı 1 gün müddət 2 günə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
"Aznur” MMC 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi İsgəndərzadə Nərgiz İsgəndər qızıdır.
Seyid
Şərhlər