Ötən həftə Rusiya prezidenti Hindistana yollandı. O, hər dəfə harasa gedəndə hamı dərhal Roma Statutunu qəbul etmiş ölkələrin siyahısına baxır ki, görüm, az qala, dünyanı qorxu içində saxlayan bu adam nə əcəb cəsarətlənib, məsələn, Hindistana yollanıb?
Doğrusu, prezident Putinin hansısa ölkədə qandallana bilməsi haqqındakı söhbətlərə daha çox "qərəvəlli” kimi baxırıq, belə şey görməmişik və razılaşın ki, adam görmədiyi şeyi təsəvvür də edə bilmir, ən azı çətinlik çəkir.
Amma dana bilmərik ki, Beynəlxalq Cinayət Məhkəməsinin məlum qərarından sonra adamın səfərləri həqiqətən də məhdudlaşıb, məsələn, BRİCS-in bir neçə tədbirinə onlayn şəkidlə qatılıb, yəni məsələ tamam boş da deyil: Putin uşaq deyil, dünyanın hər yerindən və işindən xəbərdar olan böyük dövlətin adamıdır və bir daha deyirik ki, nədənsə ehtiyat edirsə, deməli, əsas var: fantastik trillerlərin süjetini xatırlatsa da, məsəl var, deyir ki, od yanmasa, tüstü çıxmaz.
Qərəz, siyahıya baxdıq, məlum oldu ki, qəribə olsa da, Hindistan kimi regional stastuslu dövlət hələ də Roma Statunu qəbul etməyib.
Burada oxucumuz dərhal "nə əcəb, balam?” soruşardı yəqin, amma bizimçün maraqlı deyil bu: ya vəlvələdən, ya da zəlzələdən, fakt budur ki, hələ qəbul etməyiblər.
Bu cür beynəlxalq hüquqi presedentlərin detallarını bilmirəm, məncə, beynəlxalq məhkəmələrin belə qərarlarının ilk növbədə siyasi-diplomatik nəticələri olmalıdır: belə adamları həm də arazuolunmaz şəxs–"persona non grata” elan etmək, heç yerə dəvət etməmək, hansısa danışıqlar aparmamaq, bir növ, tamamilə təcrid etmək lazımdır.
Bəlkə də praktikada məsələ elə belə də qoyulur, daha dəqiqini güman, beynəlxalq hüquq üzrə mütəxəssilər bilirlər. Mənimsə bildiyim budur ki, Putin diplomatik-siyasi mənada tamam izolə olunmayıb, onunla hətta müəyyən danışıqlar da aparılır, xüsusən də Ukrayna məsələsilə bağlı.
Sanki bu azmış, prezident Tramp onu hərdən hətta dostu adlandırır, halbuki adam, nə az, nə də çox, hərbi canidir, hətta elə-belə təcüvüzkar da deyil! Bilmirəm, V.Putinlə bağlı Beynəlxalq Məhkəmənin qərarında konkret nə yazılıb, amma bir daha deyirik ki, adam hərbi cani elan olunub və heç təsəvvür edərdinizmi ki, məsələn, Miloşeviçlə danışıqlar aparılsın? Belə adamlarla danışıqların bir mövzusu ola bilər: silahı yerə qoyub təslim olmaq, işğal olunmuş bütün əraziləri boşaltmaq!.. Di gəl, hələ Beynəlxalıq Cinayət Məhkəməsinin qərarına bir az qeyri-ciddi yanaşma var.
O gün baxıram, Rusiya prezidenti deyir ki, Avropa müharibə istəsə, sabahdan savaşa hazırıq! Yaxud başqa xəbərdə söylənilir ki, dünyasını dəyişmiş rusiyalı demokrat Navalınının fotosunu paylaşdığına görə bir siyasətçi - vəkil cərimələnib.
Axı nə baş verir, özləri demiş, "ağılla dərk olunmayan, arşınla ölçülməyən” ölkədə? Bizim böyük Cavid demişkən: "İblisəmi uymuş bəşəriyyət?”. Soruşmaq istəyirsən ki, dostlar, müharibədən başqa bir şey bacarmırsınızmı? Bir başqa təklifiniz yoxdurmu dünyaya?..
Qəribəsi, hətta təəccüblüsü budur ki, Putin və ya balacaboy Medvedev hər dəfə belə bəyanatlar verəndə Avropada bəzilərinin dizləri əsməyə başlayır, halbuki bunlar heç vuruşmağı da heç vaxt bacarmayıblar axı!
Çox da uzaqlara varmayacam, şükür, hamı tarixi bilir, bir şeyi qeyd edəcəm ki, bunların həmişə rus şaxtası, rus meşəsi, ərazinin çox böyük olması (cəbhə xətti böyük olanda müharibə aparmaq da çətin olur), insan resurslarına tamam sayğısız münasibət (bütün hərbi qələbələri "Pirrr qələbəsi” olub - öz hərb tarixçiləri belə yazır! Ukraynayla savaşda bir milyon insan ölüb, amma deyirlər ki, Rusiyada müharibə hiss olunmur!), ən nəhayət, son anda digər dövlətlərin bunlara əl uzatması karlarına gəlib və məhv olmaqdan xilas edib.
Avropalılara gəldikdə, adam bilirsinizmi, nə demək istəyir? Bunlar yarım-feodal Əfqanıstanla bacarmadı, Ukrayna ilə məsələni bir-iki həftəyə bitərəcəklərini düşünürdülər, üç il keçib! İndi həqiqətənmi hesab edirsiz ki, Putin durub o boyda müasir Avropanı işğal edəcək? Gülməli deyilmi? Yoxsa düşünürsünüz ki, nüvə silahına əl atacaq? Aydın deyilmi bu onun sadəcə, taktikasıdır? Bizim dildə desək, özünü "dəliliyə” vurub hamıdan nəsə qoparmağa çalışır.
O ki qaldı Hindistan səfərinə, bu ölkə hamı kim daim bunların da beynini məşğul edib. Hətta "Rusiya və Hindistan” mövsunda düşünəndə yadıma məşhur Rerixlər düşür: konspirologiyanı sevənlər hətta iddia edirlər ki, guya Rerixlər ora ölümsüzlüyün sirrini tapmaqçün gedibmiş! Hətta bəzi rəvayətlərə inansaq, guya onları ora Stalin özü yollayıbmış! Bu yaxınlarda prezident Putinin də 150 il yaşamaq istədiyi deyilirdi.
Əlbəttə, macəra kimi görünür bütün bunlar. Hindistansa əslində tarix boyu macəradan çox, böyük nemətləri-sərvətlərilə cəlb edib hamını, hərçənd, Kiplinqin Hindistanında macəra, hətta ekzotika da az deyil.
Rusların Sovetin vaxtında da Dehliylə münasibətləri pis deyildi. Çox əvvəlləri bilmirəm, vaxtilə baş nazir xanım İndira Qandi SSRİ-nin böyük dostu sayırlırdı. Yadımdadır, tələbəlik vaxtı Moskvada bizim yataqxananın yaxınlığındakı meydana deyəsən, onun adını vermişdilər və xanın Qandi özü də tədbirə təşrif buyurmuşdu. O qədər adam vardı ki, nə qədər atılıb-düşsək də, Hindistanın "siyasət gözəli”ni canlı olaraq görmək qismət olmadı: belə tədbirlərdə ön cərgələrdə o vaxt əsasən mülki geyimli KQB əməkdaşları dayanardılar, hələ aşkar görünən milis kordonlarını-filanı, rəsmi şəxsləri demirəm. Bir sozlə, bizim kimi adi adamlar qıraqdan-bucaqdan boylanardılar ki, bəlkə nəsə görə bildilər.
Hindistan indi Rusiyanın nə dostudur, nə də düşməni. Hərçənd, onun hərbi-siyasi statusunda "soyuq müharibə”dən sonra dəyişiklik olmayıb, deyəsən, "qoşulmama siyasəti”ni davam etdirir (müvafiq təşkilatın üzvü kimi qalır, di gəl, bizimlə soyuq davranır – güman, İslamabada görə!), bir növ, ABŞ-la Rusiya arasında vurnuxur, halbuki bəzi parametrlərinə görə artıq üçüncü ölkə deyil, nüvə silahı da var, demoqrafik resurslarına görə də məncə, birinci sayılır və iqtisadi cəhətdən də xeyli irəliləyib, hərçənd, indi də "dilənçilərin zəngin ölkəsi” deyirlər ona.
Hazırki məqamda Putinçün də, Trampçün də ona görə maraqlıdır ki, biri neftimi al, digərisə alma deyir!
Söylənilənlərə görə, Hindistan indi Rusiyadan çox neft alan ikinci ölkədir. O üzdən Tramp-Putin cütlüyü üçün Çin kimi böyük önəm kəsb edir. ABŞ üçün hələ Çin kimi "diqqətəlayiq” deyil, amma çox ölkələr istər-istəməz, hərdən seçməli olurlar.
Dehlini daim ortada vurnuxmağa vadar edən başqa səbəb də budur ki, Kəşmir məsələsi var. Odur, hələ gözləyək, görək, xanım Zaxarova bu görüşlə bağlı daha hansı rəsmi açıqlamaları verəcək...
Hüseynbala Səlimov
Şərhlər