Ukrayna Silahlı Qüvvələri (USQ) ruslar tərəfindən aldadılaraq cəbhəyə göndərilən 36 yaşlı keniyalı yüngül atletini əsir götürüb.
Qaynarinfo xəbər verir ki, o, "ABC News”a verdiyi
müsahibədə bu vəziyyətə necə düşdüyünü danışıb.
Qeyd olunur ki, keniyalı Evans Kibet peşəkar yüngül atletdir. Lakin onun sözlərinə görə, idman ona kifayət qədər gəlir gətirmədiyi üçün ölkə xaricində qazanc imkanları axtarmağa başlayıb.
Bir gün ona guya ödənişli idman festivalında iştirak üçün Sankt-Peterburqa getmək təklif olunub. Kibet bildirib ki, bunu ailəsinə maddi dəstək olmaq üçün yaxşı fürsət kimi qiymətləndirib.
Jurnalistlərə danışan keniyalı deyib ki, Sankt-Peterburqa çatdıqdan sonra ona və digər afrikalılara vizanı uzatmaq və rus dilində tərtib edilmiş bir müqavilə imzalamaq təklif olunub. Aydındır ki, onların heç biri sənədin məzmununu anlamayıb. Sonradan məlum olub ki, bunlar hərbi xidmət müqavilələri imiş.
Kibetin sözlərinə görə, müqaviləni imzaladıqdan qısa müddət sonra onun pasportu əlindən alınıb və təlim üçün poliqona aparılıb. Orada ona təxminən bir həftəlik ilkin hərbi hazırlıq keçilib. Bundan sonra isə o və digər əcnəbilər birbaşa cəbhə xəttinə göndəriliblər.
Kibet necə USQ-yə əsir düşdüyündən də danışıb.
Kibetin dediyinə görə, o, dərhal anlayıb ki, nə idman tədbirindədir, nə də adi bir işdə — real döyüş şəraitində, artilleriya, dronlar və daimi ölüm təhlükəsi içindədir.
Həyatından qorxduğunu etiraf edən kişi meşəyə qaçıb, hərbi formanı çıxarıb və iki gün sonra Ukrayna mövqelərinə çıxaraq təslim olub. Orada o, Ukrayna hərbçiləri tərəfindən əsir götürülüb.
Jurnalistlər müəyyən ediblər ki, Ukrayna ordusu yalnız Kibeti deyil, başqa afrikalıları da əsir alıb. Onların bir çoxu Rusiyanın onları aldadaraq müharibəyə cəlb etməsi ilə bağlı oxşar hekayələr danışıb. Bununla yanaşı, bəzi əcnəbilər Rusiya qüvvələrinə könüllü qoşulduqlarını da etiraf ediblər.
Nəşr əlavə edib ki, Ukrayna tərəfinin məlumatına görə, hazırda Rusiya ordusunda 36 ölkədən 1 436 afrikalı xidmət edir. Bundan başqa, Kreml yüksək maaşlı iş və ya təhsil vədləri ilə əcnəbilərin müharibəyə cəlb edilməsini fəal şəkildə davam etdirir.
Qeyd edək ki, Evans Kibet Xarkov vilayətinin Volçansk rayonu ərazisində Kostya Qordiyenko adına 57-ci ayrıca motoatıcı briqadanın döyüşçüləri tərəfindən əsir götürülüb. O, onlara Ukraynaya qarşı döyüşmək istəmədiyini və bu səbəbdən qaçmaq qərarına gəldiyini deyib.
Keniyalının sözlərinə görə, iki gün meşədə gəzərək Ukrayna hərbçilərini tapmağa və onlara təslim olmağa çalışıb. O izah edib ki, əgər rusların yanına qayıtsaydı, onu öldürərdilər.
Kibet bildirib ki, ukraynalılar yaxşı insanlardır. O etiraf edib ki, əsir düşdükdən qısa müddət sonra ona yemək və su verilib.
Alpər
Şərhlər