Xəbər lenti

“Həminki Zaminəm, sizin Zamin...” - Zamin Hacı ilə müsahibə
Ölkə 12:58 07.08.2023

“Həminki Zaminəm, sizin Zamin...” - Zamin Hacı ilə müsahibə

Jurnalist Zamin Hacının Qaynarinfo-ya müsahibəsi
 
- Zamin bəy, salam. Necəsiniz? Çoxdandır ki, sizi görmürük, yəni üzdə deyilsiniz. Halbuki heç vaxt gündəmdən düşməyən adamlardan idiniz. Nələr dəyişib? Haralardasınız, nə işlə məşğulsunuz? 

- Yaxşı olasınız, pis deyiləm. Xüsusi olaraq heç bir iş görmürəm. Görsənmirəm deyəndə ki, fiziki mənada çox yerə vaxt çatmır, qalanı da yazı ilə görsənmək olur, o da həmişəki kimidir. Heç əvvəllər də fiziki olaraq hər dəqiqə, hər yerdə görsənən adam deyildik. Yazıram. Köhnə hamam, köhnə tasdır. Gündəmdən düşməməyə qalanda isə gərək gündəm olsun ki, orada da ola biləsən. Durğunluqda ortalığı bulandırmaq da bir şey deyil. 

- Hərdən elə olur ki, bəzi saytlarda, məsələn, sonuncu dəfə "Kulis.az”da, bədii-publisistik yazılar da yazırdınız, amma qəfildən dayandı. Səbəb nədir? Niyə belə get-gəllər edirsiniz?

- Bu, məndən asılı bir şey deyil. Nə "Kulis.az”, nə də başqa saytlar. Əməkdaşlıq edirik, sonra da onlar, yaxud, onlara olan təzyiqlər nəticəsində dayanır. 
 


- Bəzən deyirlər ki, Zamin Hacı əvvəlki Zamin Hacı deyil, sərtliyi azalıb. Belədirmi? Belədirsə, təzyiqlər niyə var?

- Kimlər, nə üçün elə deyir, bilmirəm. Amma bir qədər absurd fikirdir. Mən həminki Zaminəm, sizin Zamin. Təzyiqlər isə aydın məsələdir. Təəccüblü heç nə yoxdur. 

- Hazırda yaradıcılıq baxımından necədir vəziyyət? Yeni nəsə yazırsınızmı? 

- An olaraq heç nə yazmasam da, yazıb saxladığım nələrsə var. Tam olaraq indi nəsə demək istəmirəm, sağlıq olsun, çap olunandan sonra bilinər. Yaxın zamanlarda iki kitabım çap olunmuşdu. 

- Azərbaycan ədəbiyyatını necə, izləyirsinizmi? Hansı kitablardan, hekayələrdən, şeirlərdən danışa bilərsiniz? Müəlliflər də olar.

- Azərbaycan ədəbiyyatını imkan düşdükcə izləyirəm. Rasim Qaracanı, Seymur Baycanı, Nərmin Kamalı, Qisməti, lap gənclərdən sən Orxan Saffarini, Vüqar Vanı ləzzətlə oxuyuram. Klassiklərimizdən isə əlbəttə, Mirzə Cəlil, Haqverdiyev, Axundov, Hacıbəyov, Füzuli, Sabir, fiziki mənada masaüstü kitablarımdır.

- Elə iki gənci oxuyursunuz?

- Qarşıma çıxanları oxuyuram. Məsələn, son olaraq Orxan Həsəninin "Və dalğalandı yaddaş tarlası” romanını da oxudum. Vüqar Vanla səni isə xüsusi oxuyuram. İkiniz də olduqca istedadlısınız. Dövr də, meydan da sizindir. 

- Zamin bəy, dediniz ki, son illərdə iki kitabınız, biri şeir, biri də publisistik məqalələriniz çap olunub. Amma sanki, bir az səssiz ötüşdü. Nə oxucuların, nə də ədəbi mühitin nəzərində oldu. 

- Onsuz da, həmişə belə olub. Mənim xüsusi bir iddiam və istəyim yoxdur. Yazıçı deyiləm, şair deyiləm. Yazmışam, yazdıqlarımı çap etmişəm. Qalanı qalıb oxuculara, mühit adamlarına. Gedib kimlərəsə deyəsi deyiləm ki, məni oxuyun, danışın. 
 
- Zamin bəy, istəyərdim, bu barədə də soruşum. Uzun müddətdir ki, sosial şəbəkələri bağlamısınız. Bu barədə söz-söhbətlər də gəzir ki, bunu sizə tapşırıq veriblər, qorxub etmisiniz…
 
- Belə söhbətlər, onsuz da, heç vaxt tükənmək bilmir. Mən bir anda qərar verdim, getmək istədim, getdim. Kim qorxudacaq? Niyə qorxudacaq? Dediyim kimi, təzyiqlər həmişə var. Amma mənim sosial şəbəkələrdən getməyim, nədənsə, kimdənsə qorxmağımla bağlı deyil. 

-  Hesabınızı bağlayandan sonra sosial şəbəkədə olan adamları təhqir də etdiniz…

-  Təhqir deyəndə, kobud səslənə bilər. Belə deyək, emosional bir ifadə idi. İndi də düşünürəm ki, sosial şəbəkə yer deyil. Vaxt itkisidir. Qətiyyən darıxmıram və maraqlı da deyil. 

- Yəni, heç qayıtmaq fikriniz yoxdur?

- Qətiyyən. Başım-qulağım dinc, özümə ayıracaq vaxtım da çoxdur. Nə işim var daha sosial şəbəkədə? Nəyə qayıdım, niyə qayıdım? Məni oraya heç nə bağlamır. 

- Yazıçılar Birliyinə necə, münasibətləriniz əvvəlki kimidir? Əvvəllər xeyli sərt tənqidlər edərdiniz. 

- Bəli. Azərbaycan Yazıçılar İttifaqı 1934-cü ildə yaradılıb. Stalinə bütün ölkə boyu belə qurumlar lazım idi ki, sabah repressiyanı kütləviləşdirəndə yazıçıları elə yazıçıların öz əliylə gedər-gəlməzə göndərsin. O baxımdan, bu gün adını dəyişib "Birlik” qoymaqla AYB mahiyyətini qəti dəyişməyib, elə həmin NKVD-nin balasıdır, şər, böhtan, intriqa, yaltaqlıq yuvasıdır.

- Gənc yazıçıların AYB-yə üzv olmasına münasibətiniz necədir? Bir xeyli gənc müəllif var ki, onlar təqaüd, yaxud da, başqa məsələlər üçün birliyə üzv olurlar. 

- Öz işləridir, kiməsə hökm verəsi deyilik. Amma məncə, azadlıqlarını AYB ilə məhdudlaşdırmasınlar. Ora üzv olub nə edəcəklər? İstedadlarımı artacaq? Sosial şəbəkələr kimi Yazıçılar Birliyi də vaxt itkisidir. Heç uzun-uzun danışmağa da dəyməz...

Orxan Saffari
--> -->