Xəbər lenti

Mənə bir sərgi salonu verin, özümü asmaq üçün...
Hüseynbala Səlimov
Sənət 10:31 10.10.2025

Mənə bir sərgi salonu verin, özümü asmaq üçün...

Aman Allah, Əminə xanım Yusif qızı da köçdü bu dünyadan, daha heç vaxt bu tərəflərə qayıtmayacaq. 

Mən onu canlı olaraq neçə illər bundan əvvəl Gənc Tamaşaçılar Teatrından çıxanda görmüşdüm. İlahi, nə qədər keçib o vaxtdan.

Bir neçə il əvvəl də televizyada görmüşdüm onu. Bir şeir oxudu. Təsadüfən o şeir mənə də tanış idi. İnanmazsınız, mənə "həftəbecər” kimi görünən həmin şeiri Əminə xanım necə oxudusa, məəttəl qaldım! Onda bildim ki, bədii qiraətçi nədir, "poeziya teatrı” nə deməkdir və ən əsası da: şeiri tək yazmağı yox, oxumağı da bacarmaq lazımdır.

Sovetin vaxtından misal gətirməyi xoşlamıram. Hər şey bir yana, insanlar düşünə bilər ki, adam o vaxtdan başqa bir şey görməyib! 

Amma ən acısı bilirsinizmi, nədir? Çox təəssüf, hər şey olmasa da, çox şey o dövdə qaldı. Bəlkə də vaxt gələcək, hamımız toparlanacaq, nəinki əvvəlki şeyləri bərpa edəcək, hətta yenilərini yardacaq və mədəmizdən savayı da nələrisə (üzürlıü sayın bu ifadəni!) düşünəcəyik! Əminəm ki, o vaxt mütləq gələcək, hərçənd, bazar daha çox satıla bilən şeyləri sevir. Amma dünyada əmtəə olmayan, həm "dəyərsiz”, həm də qiymətli şeylər olur, axı hər şeyi bazarın "tələb-təklif” qəlibinə sığışdırmaq olmur! 

Bilirsiniz, bəzən adamlar qəbul da edə bilmirlər ki, kapitalizm də, nə bilim, bazar iqtisadiyyatı da sadəcə, məcburi zərurətdir, başqa bir şey deyil. Bunun məntiqi və meyarı budur ki, hər şey o vaxt yaşarlı olur ki, bazarda qiyməti olsun. Amma bundan da fərqli şeylər var axı dünyada.
Sözümü niyə gətirirəm? Sovetin vaxtında aktyor, rejissor, şair Həsən Əbluc və eləcə də Əminə xanım poeziya teatrı yaratmışdılar. Yox, məncə, onların heç bir ofisi, zalı-filanı yox idi, bu adamları televiziyada görürdük. Bilmirəm, bəlkə də nəsə varmış, o vaxt biz Bakıdan, Bakı da bizdən uzaq idi. 

Amma televiziya hərdən bu məsafəni qısalda bilirdi. İndi niyə televiziyalar bunu edə bilmirlər? "Filan rayonda filankəs qonşusunu bıçaqlayıb!” – axı, dostlar, insanlar təkcə belə xəbərlərlə yaşamırlar, təkcə bunun həsrətində deyillər, onlar başqa şeylər də gözləyirlər tamam gözdən düşmüş televiziyalardan! 

İndi insanların çox böyük əksəriyyəti televiziyadan uzaqdır, amma dəfələrlə yazmışıq ki, indinin özündə televiziyalar istəsə, möcüzə yarada bilər, amma istəmirlər. Bir neçə dəfə misal çəkmişəm: ABŞ-da bir dəfə tanınmış aparıcılardan biri "Anna Karenina” romanı haqda bir-iki cümlə deyir. Ertəsi gün bütün tamaşaçılar cumurlar kitab dükanlarına ki, bəs sizdə bu roman–kitab varmı?

Əminə xanım da möcüzə yarada bilirdi. Birini dedim. Sanki şeir bu xanımın ifasında ikinci həyatına qovuşurdu. Çox təəssüf, xanım sonuncu idi bu sırada. Bilirsiniz, başqa şeir oxuyanlar da var. Amma onların bəzisi məndən inciməsin, tamadalar bir şeydi, Həsən Əbluclar, xüsusən də Əminə Yusifqızılar tamam başqa! Çox təəssüf, bizim toylar təkcə qonaqların yox, elə toy aparan sənətkarlarının da zövqünü korlayır!..

Poeziya qiraətilə bağlı deyim ki, axır vaxtlardək rəhmətlik Fuad Poladovu və bir də Allah canını sağ eləsin, Fəxrəddin Manafovu dinləmişəm. Amma vaxtilə rəhmətlik Həsənağa Turabov da – bəli, səhnəyə adi danışıq dilini gətirən bu adam da şeir oxuyardı. Xüsusən də klassik ədəbiyyatı, əruzu hamı oxumazdı, bunu hər adam bacarmazdı. Bəs hanı o adamlar? Hanı o poeziya?.. 

Sonuncu dəfə Əminə xanımın ifasında internetdə "Mənə sərgi salonu verin...” (Rəsul Rza) şerini dinləmişdim. Vallah, hərdən adama elə gəlir, hamımıza sərgi salonu lazımdır. Başqa şeyçün yox, sadəcə, özümüzü asmaq üçün ki, bəlkə bu yolla ən yaxşı halda mağazaların virtinlərindən, harada nəyin və neçəyə satıldığı haqda reklam bukletlərindən savayı bir şey görməyən insanlarımız bizi də görə bildilər...

Hüseynbala Səlimov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->