Xəbər lenti

Qitənin 6 komandasından biri
Amal Abuşov
İdman 11:19 03.10.2025

Qitənin 6 komandasından biri

Bəli, xəyallarımız gerçəkləşir. "Qarabağ” Çemppionlar Liqasının əsas mərhələsinə fırtına kimi başlayıb. "Köhlən atlar” səfərdə "Benfika”nı, evdə "Kopenhagen”i məğlub etməklə 6 xal toplayıb. Bu 6 xalın sayəsində qitənin nəhəngləri ilə bir sırada dayanmışıq. Azərbaycan çempionu Çempionlar Liqasının ilk iki turunu qələbə ilə başa vuran "Bavariya”, "Arsenal”, PSJ, "İnter”, "Real” kimi top-klublarla eyni cərgədə dayanıb. Adları o altı komandanın sırasına düşməyən neçə-neçə nəhəng komandalar var ki, "Qarabağ” onlara yuxarıdan aşağı baxır. Onları sadalamağa başlasaq, yazımızı bütünlüklə həmin siyahıya həsr etmiş olarıq. Odur ki, başqa məqamlara da toxunmaqla davam edək.

Gedişat onu göstərir ki, klubun prezidenti Tahir Gözəl, komandanın baş məşqçisi Qurban Qurbanov "biz komandamıza güvənirik” deyəndə heç də boş sözlər deməyiblərmiş. Əksinə, böyük bir kütlənin narazılıqları, "Qarabağ”a yönəlik tənqidləri boşuna imiş. Bu cür düşüncə sahibləri "Qarabağ"ın haqqına girib, böyük adamların gördüyü böyük işlərə kölgə salmağa çalışıb. Əlbbətə, daha yaxşı hücumçunun olması heç də pis olmazdı. Amma həmin o bahalı hücumçunun gəlməsiylə klubun daxilindəki abu-havanın korlanması reallığını, "maaş cədvəlinə” yenidən əl gəzdirilməsi zərururətinin yaranmasını Gözəldən, Çəlikəldən, Qurbanovdan və klubda çalışan digər məsuliyyət sahiblərinin yaxşı heç kim bilmir. Məhz bu səbəbdən də məsələlərə daha böyük prizmadan, "Qarabağ”ın ümumi maraqları çərçivəsindən baxmaq zərurəti var. 

Bir də ki, dəyişməyən, dəyişdirə bilmədiyimiz acı həqiqəti unutmamalıyıq. Söhbət Azərbaycan Premyer Liqasının səviyyəsindən gedir. Ölkəmizə daha yaxşı legionerlərin gəlməsini arzulayırıqsa, mütləq və mütləq çempionatımızın səviyyəsini yüksəltməliyik. Legioner limitinin aradan qalxması ilə Azərbaycan klublarının ətək-ətək pul xərcləyib, heyətlərinə qatdığı əcnəbi futbolçuların adlarına baxın. Çoxusu ad xatirinə, yer doldurmaq üçün gələnlərdir. Biz uşaq olanda kimisə əl salmaq üçün ona zarafatla "yaşayırsan ki, dünya boş qalmasın” deyirdik. Müqayisə kobud alınsa da, təxminən indiki durum ona oxşardır. Heyət boş qalmasın deyə Allah bilir neçənci dərəcəli legionerlər klublarımıza doldurulur. Nə qədər ki, belə davam edəcək, "Qarabağ”la müqayisə olunmağa layiq klubumuz da olmayacaq. Necə ki, avrokuboklar bunun göstəricisidir. Təmsilçilərimiz "Sabah”, "Araz Naxçıvan”, "Zirə” elə ilk mərhələlərdəcə turnirlərdən qovulubsa, biz hansı böyük xəyallara düşə bilərik?

Büdcəsi on milyonlarla ölçülən "Neftçi”nin dərdini isə dağlara danışsaq, dağlar da əriyər. Ölkənin ən qocaman klubunun dərdinə əlac edə bilən yoxdur. Ona görə də bizim klublarımızın "Qarabağ”la müqayisə edilməsi mümkün deyil. Çox istərdim ki, "Qarabağ” nümunəsini klublarımız daha dərindən öyrənsin, onun kimi olmağa çalışsınlar. Zarafat deyil, qitənin ən nüfuzlu turnirinin sıralamasının zirvəsindəki altı komandasının biri Azərbaycan Premyer Liqasının təmsilçisidir. Hamı ondan danışır, ən tanınmış mütəxəssislər və futbol adamları heyrətini gizlədə bilmir. "Qarabağ”ı qiymətləndirmək, ondan öyrənmək, onunla qürur duymaq lazımdır. Nə qədər ki, gec deyil, bunu dəyərləndirin.

Amal Abuşov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->