XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

8 min manatlıq ixtisas - Tələbələr nə qazanacaq, nə itirəcək?
Ölkə19:05 11.08.2026

8 min manatlıq ixtisas - Tələbələr nə qazanacaq, nə itirəcək?

“Abituriyent” jurnalının 4-cü sayında açıqlanan məlumatlara görə, 2026/2027-ci tədris ili üzrə Azərbaycanda ali təhsil müəssisələrində bəzi ixtisasların illik təhsil haqları 8 min manata qədər yüksəlib.

Xüsusilə bəzi özəl universitetlərdə və ayrı-ayrı ixtisaslarda təhsil haqlarının yüksək olması valideynlərin və abituriyentlərin xərclərlə yanaşı, ödənilən məbləğin qarşılığında hansı keyfiyyətin təqdim edilməsi məsələsini də gündəmə gətirir.

Bəs illik 8 min manatlıq təhsil haqqı normal tendensiyadırmı? Universitetlər bu məbləğin qarşılığında tələbələrə hansı imkanları yaratmalıdır?

Təhsil eksperti Yalçın İslamzadə Qaynarinfo-ya açıqlamasında bildirib ki, hər il bu məbləği rahatlıqla ödəyə bilən ailələrin böyük hissəsi övladlarını xaricdə oxutmağa üstünlük verir:

“Övladlarının universitet təhsili üçün ildə 8000 AZN vəsaiti rahatlıqla ödəyə bilən ailələr onsuz da övladlarını xaricdə oxudurlar”.

Ekspert hesab edir ki, ailələrin 8 min manat ödəməsi övladlarının gələcəkdə sosial-iqtisadi vəziyyətinin yaxşılaşacağına zəmanət vermir:

“8 min manatı çətinliklə verən ailələr, bu fədakarlığı etdikdən sonra verilən təhsilin övladlarının sosio-iqtisadi vəziyyətini yaxşılaşdıracağına ümid edə bilərlərmi? Məncə, yox”.

Yalçın İslamzadə bunun əsas səbəblərindən biri universitetlərdə tətbiqyönümlü və əmək bazarı ilə əlaqəli təhsilin yetərli səviyyədə olmamasını göstərib:

“Çünki universitetlərimiz qarşılıqlı müəllim-tələbə münasibətində sorğu-sual şəraitində, tətbiq yönümlü, sənaye ilə əlaqədə, nəzəri bilikdən çox həm də bacarıq aşılayan təhsil verə bilmirlər”.

Ekspert universitetlərin maddi-texniki bazasının da yüksək təhsil haqqını əsaslandırmaq üçün kifayət etmədiyini bildirib:

“Universitetlərin müasir laboratoriyaları, kitabxanaları, jurnallara abonelik sistemi yoxdur.

Verilən tapşırıqlar tətbiqyönümlü, layihəsaslı deyil. Daha çox nəzəri tutumlu biliklərdir ki, o bilikləri mənimsəmiş tələbə sabah iş yerində çaşıb qalır”.

Yalçın İslamzadə bu səbəbdən 8 min manatlıq universitet təhsilinin özünü doğrultmadığını düşünür:

“Ona görə də, düşünmürəm ki, 8000 manatlıq universitet təhsili özünü doğruldur. Hətta paradoksal olaraq, bu vəsaiti xarici proqramlarla təhsil verən özəl liseylərə ödəmək daha məntiqli sayılır. Çünki bu liseylərdəki təhsil nəticəsində alınan dərəcələr keyfiyyətli universitetlərə həm qəbul təmin edir, həm də hazırlaşdırır”.

Günay İlqarqızı