Xəbər lenti

Avrokuboklara möhtəşəm başlanğıc
Amal Abuşov
İdman 10:56 10.07.2026

Avrokuboklara möhtəşəm başlanğıc

Bütün diqqətlərin uzaq Amerika, Meksika və Kanadada keçirilən dünya çempionatına yönəldiyi bir məqamda Azərbaycan klubları üçün yeni avrokubok mövsümü başladı. Artıq "Sabah” Çempionlar Liqasında, "Qarabağ” Avropa Liqasında, "Zirə” isə UEFA Konfrans Liqasında ilk görüşünü keçirib. Hər şey bizim üçün əla başlayıb. Təmsilçilərimiz azərbaycanlı futbolsevərləri üç qələbəylə sevindiriblər, özü də qapılarını toxunulmaz saxlamaqla. Bu nəticələr isə mərhələ keçmək şanslarımızı xeyli artırır.

İlk meydana çıxan "Sabah” oldu. Ölkə çempionunun üzərindəki məsuliyyət digərlərinə nisbətən daha çox idi. Bu da səbəbsiz deyil. Valdas Dambrauskasın çalışdırdığı "bayquşlar” bu il "Qarabağ”ı taxtdan salıb, ölkə çempionu adını qazanıb. "Qarabağ” illərdir ki, azarkeşləri öz uğurları ilə sevindirib, avrokuboklarda uzun və zəfərlərlə dolu yol qət edib. "Qarabağ”dan çempionluq titulunu alan "Sabah” da bu uğurun davamını gətirməklə təsadüfən qızıl medalları qazanmadığını isbatlamalı idi. Həm nəticə, həm də səviyyə fərqi "Sabah”ın Uels təmsilçisi "Nyu Seynts”i keçməyə çox yaxın olduğunu göstərir. Uels çempionu Masazırdakı oyunun ilk yarısında "Sabah”a bir qədər müqavimət göstərməyi bacarsa da, ikinci hissədə meydanda bir komanda var idi. "Sabah” səviyyə fərqini ortaya qoyub, 2:0 hesablı qələbə qazandı. Məni narahat edən məqam "Sabah”ın legionerlərinin bir çox epizodlarda laqeyd davranması, ələ düşən fürsətləri dəyərləndirməməsidir. Ümid edirəm ki, qaçırılan qollara görə səfər oyununda təəssüflənməyəcəyik və "Sabah” Böyük Britaniyadan uğurlu nəticə ilə dönəcək.

"Zirə” isə hamını əməlli-başlı təəccübləndirdi. Düzdür, Rəşad Sadıqovun komandasından qələbə gözləyirdik, amma ən nikbin azarkeş belə Kutaisi "Torpedo”su ilə oyunun 3:0 hesabıyla yekunlaşacağını proqnozlaşdıra bilməzdi. "Zirə”nin işini çətinləşdirən məqamlar yetərincə idi. Komandanın Konfrans Liqasında çıxış edəcəyi gec dəqiqləşmişdi. Ona görə də Rəşad bəyin futbolçulara yetərincə hazırlıq keçmək, yeni transferlərlə heyəti gücləndirmək imkanı olmamışdı. Amma "Zirə” çətin vəziyyətdən məhz Sadıqovun məşqçilik bacarığı sayəsində çıxmağı bacardı. "Zirə”nin gürcülər üzərində qələbəsində komandanın onurğası sayılan Ruan Renatonun, Davit Volkovun və ötən mövsüm qəsəbə təmsilçisinə qoşulan Eren Aydının böyük əməyi oldu. Rəşad Sadıqov kiçik imkanlarla böyük işlər görə bildiyini isbatlayıb. Qalır səfərdə bu üstünlüyü qorumaq və növbəti mərhələyə qədər komandanın gücünə güc qatmaq. 

"Qarabağ” da İslandiya təmsilçisi "Vestri”ni 3:0 hesabıyla məğlub etdi. Yenilənmiş heyətin rəsmi oyunda necə görünəcəyini hamı maraqla gözləyirdi. Heyətə yeni qatılanlar özlərini əsl "Qarabağ”lı kimi göstərməyi bacardılar. Hiss olunurdu ki, yenilər Qurban Qurbanovun oyun fəlsəfəsini mənimsəməyə, komandanın bir parçasına çevrilməyə çox çalışıblar. Zaman keçdikcə "Qarabağ”ın daha yaxşı olacağına, futbolçuların formaya düşəcəyinə inam böyükdür. Hələlik isə "Vestri” üzərindəki 3:0 hesablı qələbənin dadını çıxararıq. Avrokuboklarda böyük və uğurlu təcrübəyə sahib "Qarabağ”ın yoluna davam edəcəyinə, Avropa Liqasının əsas mərhələsinə vəsiqə qazanacağına inam böyükdür.

Ümumilikdə rəqibləri üzərində 8:0 qələbə qazanan "Sabah”, "Zirə” və "Qarabağ”ın uğurlu startı azərbaycanlı futbolsevərlərin də iştahını artırıb. Yarışa bir qədər gec qoşulacaq "Neftçi”nin də estafeti belə qəbul etməsi, uğurun davamını gətirməsi vacibdir. Milli səviyyəsində üzümüz çox gülməsə də, klublarımızdan böyük qələbələr gözləyirik. Azı üç Azərbaycan klubunun təsnifat oyunlarından uğurla keçməsini, əsas mərhələyə qədər yüksəlməsi hər birimizin arzusudur. Qalır klublarımızın bu arzumuzu reallaşdırması.

Amal Abuşov

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->