2000-ci illərin əvvəlləri idi. Peşə fəaliyyətimlə bağlı İsveçdə, Stokholmda birləşməyə cəhd göstərən diaspora nüfuzlularının iştirakı ilə Novruz tədbirində iştirak edirdim. Tədbirə böyük ümid və sevinclə getmişdim.
İçəri girəndə başqa planetə düşmüş adam kimi məclisdə topa-topa oturmuş cənublu həmvətənlərimin hər hərəkətinə acgözlüklə baxır, hər birini "kəşf" etmək üçün döyükürdüm. Onlar ailələri ilə birlikdə, qadınlı-kişili, qızlı-oğlanlı, uşaqlı-böyüklü dəstələrə bölünmüş, qruplara, cameələrə ayrılmışdılar. Bu nədir, tudəçilər, şahçılar, irançılar və sair və ilaxır. İlaxır çərşənbə halayçıları da hamımızı birləşməyə, rəqs edib qucaqlaşmağa çağırırdı.
Lakin ədəb-ərkan pərdəsi altında gizli qorxunun, əda və kin-küdurətin gizləndiyini gördükcə Arazı ayıranların cəddi-əqrəbasına deməkliyim gəlirdi... Hətta milli marşlar, havalı çağırışlar belə öz döl-döşünü zalın yarıqaranlıq künclərinə tıxamış dəstə başçılarını bir araya gətirə bilmədi. Eynən toya küslü gəlmiş qudalar kimi: oynamaq, şənlənmək və beləcə bir-birinə qovuşub əylənmək istəyən uşaqlarına göz ağardan yad qövmlər gördüm...
O gündən Mirzə Fətəli Axundov barədə daha çox düşünməyə başladım. Hələ də haqqında birmənalı fikrə gəlməmişəm, özbaşıma "Traxtor" komandasına azarkeşlik edir, Təbriz deyəndə bağrım başının göynəməkliyindən qurtula bilmirəm...
Bu günlərdə isə daha çox mətnlər, müharibələr və silahlar haqqında düşünürəm. Ədəbiyyat heç kimi və nəyi xilas etmək iddiasında deyil. Lakin yazılmaq istəyən hər bir mətnin atom laboratoriyasındakı zərrəciklər qədər xəlvətdə gizləndiyini anladım. O zərrəcikləri zənginləşdirmək isə onların öz daxilində gedən prosesdən asılıdır. Görünür, Axundov buna nail ola bilmişdi. Və, bəlkə də, həmin zərrəciklər "Təbriz həvalisindəki Xamnə qəsəbəsindən" elə o vaxt çıxıb? Bəlkə də, elə buna görə, Mirzə Fətəlinin adı gələndə ən nüfuzlu həmyerlisi də ona dodaq büzür, kim bilir?
Səməd Vurğun şah Qacarın cildinə girmək üçün beyin axınlarının ən dərininə baş vura bilmişdi. Elə bu yaxınlarda "Vaqif" dramındakı bir parça yadıma düşdü:
"Qılınclar toqquşub iş görən zaman,
Neynər dediyiniz quru bir vicdan?"
Deyəsən, həminki söz yerinə gəldi: raketlər toqquşub iş görən zaman, neynər dediyiniz quru bir vicdan?
Belə baxıram, raketlər bitib-tükənən kimi, növbəti atlşlara qədər yaranan "antraktlarda" Axundov xatırlanacaq. Və deyəsən, gec-tez, onun laboratoriyasına qayıldacaqlar...
Məqsəd Nur
Şərhlər