Naxçıvana həsrət "Araz Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev istefaya göndərilib. Şəxsən mənim üçün Elmar bəyin klubdan ayrılması gözlənilməz olmadı. Hələ aylar öncə söz-söhbət gəzirdi. Zaur Axundovun Baxşıyevi yola salmağa qərar verdiyi, ayrılığın an məsələsi olduğu barədə xəbərlər eşidirdik.
Zaur Axundovun rəsmi şəkildə "Araz Naxçıvan”la bağlılığı yoxdur. Amma hamı yaxşı bilir ki, Naxçıvan Futbol Federasiyasına rəhbərlik edən Axundov klubun da faktiki sahibidir. Adam özü ötən mövsümün startında verdiyi müsahibəsində bildirmişdi ki, Elmar Baxşıyevə vaxt qoyub, təyin edilən müddətdə lazımı qədər xal toplanmasa, baş məşqçini istefaya göndərəcək. Zaur bəyin bunu bilərəkdən edib-etmədiyini dəqiq bilmirik. Lakin bu cür davranmaqla adam həm özünü ifşa etmiş, həm də "Araz Naxçıvan”ın bir peşəkar klub kimi imicini yerlə bir etmişdi.
Sözün düzü, mən hələ həmin vaxt Elmar Baxşıyevin bu cür münasibətə qarşı çıxacağını, Axundovdan belə ehtiyatsız ifadələr işlətməməyi tələb edəcəyini gözləyirdim. İşsiz qalmaqdan ehtiyat edən Baxşıyev susmağa üstünlük verdi.
Azərbaycan cəmiyyətinin acı reallıqları var. Bu reallıqlar futbolda da keçərlidir. Hamı işini, bir tikə çörəyini itirməkdən qorxur, buna görə də hüquqlarının pozulmasına göz yumur. Əlində ixtiyar, cibində pul olanlar da həmin reallığı yaxşı bildiklərindən öz tabeliyində olanlarla ürəkləri istəyən kimi davranırlar. O cümlədən də Zaur Axundov bu cür imkanlarından geninə-boluna istifadə edənlərdən, rəhbərliyi altında çalışan məşqçiləri alçatmağı sevən biridir.
Ukraynalı Yuri Maksimov hamımızın yaxşı yadındadır. Adam "Keşlə”yə Azərbaycan kubokunu və avrokuboklara vəsiqə qazandırmışdı. Hadisə şahidləri belə nəql edirdilər ki, bir dəfə Zaur Axundov paltardəyişmə otağına əlindəki su şüşəsini Maksimova tərəf fırladıbmış. Şüşə ukraynalı məşqçiyə dəyəndən sonra isə Axundov "hədəfin” o olmadığını, futbolçulardan kimisə nişan aldığını deyib. Həmin vaxt Maksimovun könlünü almaq mümkün olsa da, çox keçmədi ki, ukraynalı mütəxəssis "Keşlə”dən ayrılıb, ölkəsinə yollandı.
Tərlan Əhmədov da Zaur Axundovun günahsız qurbanlarından biridir. Tərlan bəy çətin məqamda olan "Keşlə”ni qəbul edib, turnir cədvəlinin üst pilllələrinə yüksəltmişdi. Onun çalışdırdığı komanda sürpriz şəkildə bürünc medal da qazanmışdı. Lakin "Neftçi”də olduğu kimi "Keşlə”də də Tərlan bəy avrokuboklara vəsiqə qazanıb orda məşqçi kimi iştirak edə bilmədi. 2020-ci ilin avqustunda Avropa Liqasında iştiraka hazırlaşan "Keşlə” Əhmədovla müqaviləni uzatmaqdan imtina etdi. Avrokuboklarda iştirak həvəsiylə yaşayan, komanda formalaşdırmağın planlarını quran Tərlan bəy bir andaca işsiz qaldı.
Yazılarımın birində Zaur Axundovun məşqçilərlə bu cür davranmasına toxunmuş, "bəylə bostan əkənin tağı çiynində bitər” məsəlini də xatırlatmışdım. Təəssüf ki, yuxarıda qeyd etdiyim kimi, iş tapmağın çətinliyi bizim məşqçilərin gözünü qorxudur, onlar Zaur Axundovla bu şərtlər altında işləməyə razılıq verirlər. 16-cı turda "Şamaxı”nı 2:0 hesabıyla məğlub edən "Araz Naxçıvan” qış fasiləsinə qədər 26 xal toplayıb. Bu isə 3-cü pillədəki "Zirə”nin topladığından cəmi iki xal az idi. Deməli, "Araz Naxçıvan”ın nəticələri elə də pis sayılmamalıydı. Deyir sən saydığını say, gör Zaur Axundov nə sayır. Belə çıxır ki, Zaur Axundov "Araz Naxçıvan”ın "Qarabağ” və "Sabah”la çempionluq uğrunda mübarizə aparmasını gözləyirmiş. Ona görə də Elmar Baxşıyevin işindən narazı qalıb, onu istefaya göndəriblər.
Məsələ təkcə baş məşqçini istefaya göndərmək deyil, "Araz Naxçıvan” həm də ictimaiyyəti aldatmağa cəhd göstərir. Klubun açıqlamasında qeyd olunur ki, baş məşqçiylə müqaviləyə qarşılıqlı anlaşmayla xitam verilib. Lakin Baxşıyev bunu təkzib edir, deyir ki, heç bir anlaşma olmayıb, məni çağırıb yolların ayrıldığını söyləyiblər. Zaur Axundovdan bundan daha betərini gözləmək olar. Ona görə də Baxşıyev üzülməsin. Canını bu adamlardan sağ-salamat qurtarıbsa, böyük şeydir. Bundan sonra Zaur Axundov kimi adamlarla işbirliyinə gedəndə daha yaxşı düşünmək vacibdir.
Amal Abuşov
Şərhlər