Xəbər lenti

Röya gəlir, yoxsa Abubakar?
Amal Abuşov
İdman 13:19 18.10.2025

Röya gəlir, yoxsa Abubakar?

"TikTok" sosial şəbəkəsində xeyli məşhurlaşan bir videoçarx var. Bakıdakı şadlıq saraylarından birindəki toy məclisində çəkilən qısa videoda müəllif başını masanın üzərinə qoyub yatan dostunu oyatmağa çalışır: "Musa, ay Musa, dur. Ay yetim, Röya gəlib e, Röya, durrrr...". Musa da içib sərxoş olub, başını masadan qaldırmağa taqəti və həvəsi yoxdu. Eləcə əlini yelləyir və öz dünyasına qayıdır. 

Baş verənlərdən xəbərsiz Röya da səhnədə həvəslə oxuyur. Hardan bilsin ki, 5-10 metr ondan aralıda Musa adlı sadə bir azərbaycanlının öz dünyası var, onun oxuması və oynaması Musanın vecinə də deyil. Halbuki, başqa bir vaxt harda çıxış etməsindən asılı olmayaraq, hamı onu görməyə, eşitməyə can atır...

..."Neftçi” sosial şəbəkə hesablarından azarkeşlərini müjdələyib. Lap "Bir qalanın sirri” filmindəki qanlı daş, sim və nar paylaşımı kimi. Kamerunun bayraqlarının rəngini xatırladan bir fotoyla "GƏLİR” yazıblar. Ehtimal etmək çətin deyil ki, söhbət kamerunlu futbolçu Vensan Abubakardan gedir. 

Xeyli vaxtdır ki, futbolçu ilə "Neftçi” arasında danışıqlar aparılırdı. "Göylə gedən” Abubakar "Neftçi”dən uzunmüddətli müqavilə və xeyli pul tələb edirdi. "Neftçi” isə çalışırdı ki, qiyməti bir az aşağı salsın, müqavilənin müddətini azaltsın. Deyəsən, tərəflər uzlaşa biliblər. Ən son məlumatlara görə Abubakar üçün Paris-Bakı marşurutu üzrə bilet alınıb və ötənlərin tanınmış futbolçusu paytaxtımıza doğru yola düşüb.

Bu xəbərə "Neftçi” azarkeşinin sevinəcəyi heç şübhə doğurmur. Amma işin bir tərəfi də var ki, Abubakar əvvəlki Abubakar deyil. Necə ki, Emil Mpenza, Maykl Essyen kimilər karyeralarının qürub çağında Azərbaycana gəlib, gün keçirib, pul qazanmaq həvəsinə düşmüşdülər. Abubakarın yaxşı vaxtları ən azı 4-5 il bundan geridə qalıb. "Hatayspor”un Super Liqanı tərk etməsi dəqiqləşən kimi Abubakar komandadan ayrılmışdı. Bu komandanın formasıyla 25 oyuna çıxan hücumçu cəmi 7 dəfə fərqlənməyi bacarmışdı. Mayın 9-da "Hatayspor”dan ayrılan 33 yaşlı kamerunlu o zamandan bəri klubsuz qalıb. Tanınmış Avropa klublarından, zəngin ərəblərdən təklif gəlməyincə meydana zəngin azərbaycanlılar çıxıb. Çarəsiz Abubakar da onlara "hə” deməli olub.

Əlbəttə, ötənlərin məşhur futbolçusunun Azərbaycana gəlməsi, burda futbol oynaması yaxşı hadisədir. Amma şəxsi qənaətimdir ki, biz belə xırda şeylərə sevinib, fəxr etdiyimiz günləri geridə qoymuşuq. Reallığa baxanda, Abubakar formasını bərpa edib, "Neftçi”yə və Azərbaycan çempionatına uyğunlaşana qədər qış fasiləsi çatacaq. Ölkə çempionatında səkkizinci turun oyunları keçirilir, 3 turdan sonra 1-ci dövrə başa çatacaq. Cəmi 1 qələbə qazanan "Neftçi” 8 xalla 9-cu pillədədir. Görünən odur ki, "ağ-qaralar” milyonlar xərclənən transfer əməliyyatlarının, Polşada keçirilən yay hazırlığının boşa getdiyinin fərqindədir. Abubakar "Hatayspor”da edə bilmədiyini burda etməli, "Neftçi”ni irəli aparmalıdır.

İndilik isə "Neftçi” başını masanın üzərinə qoyub, öz dünyasına qapılan Musanın vəziyyətindədir. Röyanın gəlişi Musanı oyada bilməmişdi. Görək Abubakarın gəlişi "Neftçi”nu şirin yuxudan ayıldıb, mükafatlar uğrunda mübarizəyə qaytara biləcəkmi. Yaşayarıq, görərik!

Amal Abuşov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->