Xəbər lenti

47-ci prezident, gürcü Çesi və Moskva-Pekin fərqi...
Hüseynbala Səlimov
Dünya 10:17 22.01.2025

47-ci prezident, gürcü Çesi və Moskva-Pekin fərqi...

Görəsən, gürcü hakimiyyətini ABŞ-da "dərin dövlət” (deeep state) məsələsi niyə bu qədər narahat edir? Düşünürük ki, bu məsələ üzərində baş sındırmağa dəyməz, onlar istəyir ki, Tramp özünün Gürcüstanla və hətta Cənubi Qafqazla bağlı siyasətini tamam "ağ səhifə”dən başlasın. 

Məhz buna görə avro-inteqrasiya məsələsində Tramp hakimiyyətdən gedənə qədər (2028-ci ilədək!) taym-aut götürüblər. Belə olacaq və ya olmayacaq,- daha dəqiqini hələ ki Vaşinqtonda və yaxud da Brüsseldə bilirlər. Biz isə bununla bağlı hansısa mülahizə söyləməyəcəyik, çünki onsuz da bu xüsusda çox yazılır və deyilir, hətta o qədər müzakirə edilir ki, bu məsələlər adamı lap yorur...

Bizimsə diqqətmizi çəkən bu oldu ki, Donald Trampın inauqurasiya mərasiminə təkcə Gürcüstandan deyil, elə bütün Cənubi Qafqazdan da xanım Zurabişvilidən başqa heç kim dəvət almadı. Burada onu da qeyd edək ki, hələ dekabrda Fransada məşhur kilsənin təmirdən sonrakı açlışı ilə bağlı mərasimlərdə də Makronun təşəbbüsü ilə Tramp çox qısa vaxt ərzində olsa da, hər halda, Zurabişviliylə görüşmüşdü. 

Ən maraqlısı isə bu oldu ki, Vaşinqton bu günlərdə İrəvanla strateji xartiya imzaladı, amma hətta bu da Trampın nəzərində Nikol Paşinyanın siyasi çəkisini qaldrımadı, Donald Tramp özünün birinci prezidentlik müddətində inqilabçı erməni baş naziri N.Paşinyana nə qədər diqqətsizlik göstərmişdisə indi də belə oldu – Ermənistan və lideri ABŞ prezidenti üçün maraqlı olsaydı, Tramp Zurabişvili kimi Paşinyanla da görüşərdi və burada mübahisə üçün bir predmet olmazdı, çünki Zurabişvilidən tam fərqli olaraq Paşinyan hələ həqiqətən də ölkəsinin legitim hakimiyyətini təmsil edir və ciddi siyasi müşahidəçilər hələ ki onu "axsaq ördək” adlandırmağa tələsmirlər, çünki növbəti seçkilərə hələ bir il qalıb və bir il böyük siyasətdə heç də qısa müddət sayılmır.

Daha bir maraqlı detal isə bu oldu ki, futbolçu Gürcüstan prezidenti də, şoumen ABŞ prezidenti də yanvarda ilk qərarlarını əfv fərmanı ilə başladılar və ya davam etdirdilər– M.Kavelaşvili düz 613 nəfəri əfv etdi! 

Elə cənab Donald Tramp da ondan qətiyyən geri qalmadı, vaxtilə Kapitoliyaya basqın etmiş demək olar ki, bütün tərəfdarlarını əfv etdi, onların sayı isə səhv etmirəmsə, mindən çoxdur. 

Bir azacıq haşiyə kimi alınsa da bir sualı qeyd etməmək olmur: demokratlar o vaxt seçkini saxtalaşdırmışdısa, bəs indi niyə bunu etmədilər? Belədə isə, həqiqətən də suçlu adamların-siyasi ekstremistlərin heç bir əsas olmadan azad edilməsi ABŞ hüquq sisteminə sayğısızlıq deyilmi? 

Kavelaşvilinin prezident seçilməsi (özü də alternativsiz əsasda!) qonşu Gürcüstanda çox böyük mübahisələrə və etirazlara səbəb olmuşdu və fikirləşirdik ki, o, özünün yeni fikirli adam olduğunu, heç də İvanişvilinin "qolu bağlı qulu” olmadığını sübut etmək üçün hansısa bir orijinal hərəkət edəcək. 

Formal olaraq elə belə də oldu – gürcü müşahidəçilər də qeyd edir ki, heç vaxt bir fərmanla bu qədər məhbus əfv olunmamışdı! 

Amma heç də həmişə kəmiyyət keyfiyyətə çevrilmir və yeni Gürcüstan prezidentinin əfv fərmanı o vaxt qeyri-adi olardı ki, azad olunan məhbuslar arasında eks-prezident Saakaşvili də olardı. Lakin yeni gürcü prezidenti bir daha göstərdi ki, o, bütün Gürcüstanın yox, daha çox hakim "Gürcü arzusu”nun, ən yaxşı halda isə, 300 nəfərlik "seçicilər kollegiyasının” prezidentidir və missiyası da daha çox budur ki, hakim partiya üçün problem yaranmasın.

Xanım Salome Zurabişvili də eks-prezident Mixeil Saakaşvilini əfv etmədi. Düzdür, o vaxt hakim "Gürücü arzusu” dərhal bildirmişdi ki, Zurabişvili hətta Saakaşvilini əfv  etsə belə, o, azadlığa buraxılmayacaq! 

Amma Zurabişvili ən azı siyasi-hüquqi presedent yarada bilərdi, fəqət, bunu da etmədi – doğrusu, biz siyasətçi xanımın bu qədər kinli və eqoist olduğunu zənn etməzdik. M.Saakaşvili şəxsən özü ona əfv üçün müraciət etmişdi, hətta bu da siyasətçi xanımın ürəyini yumşaltmadı və o, keçmiş həmkarını bağışlamadı. 

Burada onu da qeyd edək ki, Saakaşvilinin Gürcüstana gəlişi və burada həbs olinması lap Çe Gevaranın qəziyyəsinə bənzəyir – bəli, onların hər ikisi romantik inqilabçılardır, bircə fərqlə ki, Çe solçu idi, Saakaşvili isə demokrat-sağçıdır... 

Bəs indi nə qalır? Sadəcə, oturub gözləmək! Bəli, hamı səbrsizliklə cənab 47-cinin - Donald Trampın böyük siyasətdə bu müddət üçün ilk böyük qərarını və addımını gözləyir...

Burada bir detalı da qeyd edək ki, Donald Tramp Çinin əleyhinə nə qədər danışsa da, onu daha böyük təhlükə adlandırsa da, yenə də bu ölkənin liderlərini özünün inauqurasiya mərasiminə dəvət etdi, ruslar isə bu diqqətə layiq görülmədi, halbuki Tramp Rusiya ilə münasibətlərdə fövqəladə yeniliyə imza atmağı düşünsəydi, gərək, bundan başlaya idi. 

Amma etmədi və bu bir daha onu göstərdi ki, Rusiya elə Tramp üçün də əsas problem olaraq qalır. 

Həm də gəlin unutmayaq ki, cənab Donald Tramp 47-ci, yəni daha bir dəfə seçilməklə ABŞ-ın həm də 45-ci prezidenti oldu. Yəni ABŞ siyasət maşını 45 belə prezident görüb və yola salıb. 

Görünür, elə qonşu gürcü hökumətini də narahat edən budur – Vaşinqtonun da siyasətində elə məqamlar var ki, hətta Tramp da onları dəyişməkdə acizdir, bu, onun üçün COP29 deyil: bunları bir böyük güc olaraq ABŞ-ın həyatı maraqlarıdır...
 
Hüseynbala Səlimov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->