"Anklavlarla bağlı məsələ delimitasiya prosesi çərçivəsində müzakirə olunaraq həll edilməlidir".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyanın Azərbaycanın 8 anklav kəndi məsələsinin həlli üçün iki variantın olduğu barədə səsləndirdiyi fikri şərh edərkən deyib.
"Bu, ağrılı və uzun müddətli məsələdir. Ona görə də Bakı həmin məsələni sonraya saxlamaqla sülh müqaviləsinin imzalanmasını tezləşdirmək istəyir", deyə politoloq bildirib.
Həmsöhbətimiz qeyd edib ki, anklavlarla bağlı ilk olaraq hüquqi əsas və sənədlər ortaya qoyulmalıdır:
"Azərbaycanın 8 kəndi işğaldadır. Bu kəndlərdə işğala qədər insanlar yaşayıb. Ancaq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları məsələsi bərabər statusda deyil. Hansısa yüksəklik və dağ əraziləri ola bilər ki, Azərbaycan Ordusunun nəzarətində olsun. Bu da erməni hərbi təxribatının qarşılığı olaraq, adekvat hərbi əməliyyatlarla ortaya çıxmış zərurətdir. Amma bütün hallarda bu ərazilər insanların yaşadığı yerlər və Azərbaycanın işğal etdiyi ərazi kimi dəyərləndirilə bilməz. Ermənistan tərəfindən isə işğal olunmuş ərazilərimiz var".
Digər tərəfdən, politoloq vurğulayıb ki, İrəvanın iddia etdiyi əraziləri təsdiq edəcək hüquqi sənədin olması ciddi sual altındadır:
"Paşinyan dəfələrlə bildirib ki, Ermənistan ərazisinin dövlət reyestr qeydiyyatı yoxdur. Bu yoxdursa, İrəvanın iddiasının hüquqi cəhətdən heç bir əsası yoxdur. Paşinyan sadəcə olaraq, bildirir ki, 29,8 min kv.km rəqəmini 1987-ci ilin sovet ensiklopediyasından götürüb. Bu fikirlərin ortaya atılması və onun hüquqi əsas kimi götürülməsi absurddur. 70-80-ci illərdə SSRİ tərəfindən Ermənistana bəxşiş edilən Azərbaycanın otlaq sahələri var. Məhz bu otlaq sahələri sayəsində ölkəmizin 4 kəndi anklav vəziyyətinə düşüb. Bu sənədləri ortaya qoymaqla problemi həll etmək mümkündür. Mübadilə üçün İrəvan bu ərazilərin hüquqi cəhətdən özünə məxsusluğunu isbat edəcək sənəd ortaya qoymalıdır. Arqument səsləndirmək olar, amma onu hüquqi cəhətdən əsaslandırmaq üçün dəlil və hüquqi sənədlər ortada olmalıdır”.
Qeyd edək ki, Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan yerli mediaya açıqlamasında Azərbaycanın 8 sərhəd kəndi ilə bağlı məsələnin həlli üçün iki variantın olduğunu deyib. O bildirib ki, bu kəndlərin əraziləri dəqiq müəyyən edilməli, hüquqi əsasları dəqiqləşdirilməlidir:
"Bundan sonra iki proses gedə bilər: ya mübadilə və ya ərazi tənzimlənməsi, ya da sərhədlərin delimitasiyası və demarkasiyası prosesində məsələnin müzakirəsi”.
Rüfət Sultan
Şərhlər