Qədim Romanın tozlu arenalarında yalnız kişilərin qılınc oynatdığını düşünmək olar. Lakin tarixdən gələn yeni bir kəşf bu təsəvvürü kökündən dəyişə bilər.
Qaynarinfo xəbər verir ki, arxeoloqlar Roma arenalarında vəhşi heyvanlara qarşı döyüşən qadınların mövcudluğunu təsdiqləyən ilk birbaşa vizual sübutu üzə çıxarıb. Bu tapıntı qadınların qanlı döyüşlərdə iştirak etdiyini göstərməklə yanaşı, həmin mübarizələrin nə qədər amansız bir şou dünyasına aid olduğunu da sübut edir.
Bu proses əslində 1860-cı ildə Fransanın Reyms şəhərində tapılan bir mozaika ilə başlayır. Təəssüf ki, bu nadir əsərin böyük hissəsi Birinci Dünya müharibəsi zamanı bombardman nəticəsində məhv olub. Lakin mozaikanı tapan ilk arxeoloq onun detallı təsvirini bir kitabda yayımlayaraq məlumatın günümüzə çatmasına imkan yaradıb. Kaliforniya Universitetindən bir tədqiqatçının bu köhnə təsvirləri yenidən araşdırması ilə faktlar üzə çıxmağa başlayıb. Yazılı mənbələrdə qadınların arenalarda heyvanlarla döyüşdüyü qeyd olunsa da, indiyədək bunu sübut edən dəqiq vizual material yox idi.
Arenanın qadın ovçuları: Venatrix
"Venatrix" adlandırılan bu qadın döyüşçülər digər insanlarla döyüşən ənənəvi qadın qladiatorlardan fərqlənir. Üçüncü əsrə aid edilən mozaikadakı fiqurun qadın olduğu sinə quruluşu və üz cizgilərinə əsasən aydın şəkildə görünür. Tədqiqatçı Alfonso Manyasın fikrincə, bu qadın döyüşçülərin döyüş zamanı üst hissələrinin çılpaq olması təsadüfi deyil. O dövrdə tribunada olan minlərlə tamaşaçının döyüşçünün qadın olduğunu uzaqdan seçə bilməsi üçün bu üsuldan istifadə olunurdu. Eyni zamanda bunun tamaşaçılarda əlavə maraq və həyəcan yaratmaq üçün qəsdən qurulmuş bir şou elementi olduğu ehtimal edilir.
Bu qadınların arenaya necə gəldiyi isə ayrıca maraq doğurur. Manyas bildirir ki, bu döyüşçülər ölümə məhkum edilmiş əsirlər deyildi; əksinə, silah istifadə etdiklərinə görə peşəkar şəkildə hazırlanmış ovçular idi. Onların bəziləri könüllü şəkildə bu fəaliyyətlə məşğul olurdu, digərləri isə törətdikləri cinayətlərə görə azadlıqlarını qazanmaq üçün vəhşi heyvanlarla döyüşməyə məcbur edilirdi. Bununla yanaşı, Roma cəmiyyətinin yuxarı təbəqəsinə mənsub qadınların belə mühitdə iştirak etmədiyi faktı bu döyüşçülərin əsasən aşağı sosial təbəqədən gəldiyini göstərir.
Qadağalar və unudulan tarix
Roma İmperiyasında qadın qladiatorların digər insanlarla döyüşməsi eramızın 200-cü ilində qadağan edilmişdi. Lakin bu mozaika heyvanlarla döyüşlərin həmin qadağadan kənarda qaldığını göstərir. Ehtimal olunur ki, vəhşi heyvanlara qarşı aparılan bu mübarizə romalılar üçün daha az mübahisəli əyləncə növü sayılırdı. Tarixçilər hesab edir ki, qadınlar bu arenalarda əslində daha geniş şəkildə təmsil olunublar, lakin zamanla mənbələrin itməsi səbəbindən bu faktlar unudulub.ə
Aydın
Şərhlər