Azərbaycan Mərkəzi Bankının açıqladığı 2026-cı ilin ilk altı ayına dair maliyyə göstəriciləri bank sektorunda sabitliyin davam etdiyini göstərir.
Qaynarinfo xəbə verir ki, bu barədə iqtisadçı Eldəniz Əmirov danışıb.
Ekspert bildirib ki, sektor üzrə əsas maliyyə göstəriciləri müsbət olsa da, gəlirlərin və mənfəətin məhdud sayda bankda cəmləşməsi diqqət çəkən əsas məqamlardan biridir.
Onun sözlərinə görə, xalis mənfəət, əməliyyat mənfəəti, faiz gəlirləri və balans kapitalı üzrə bazarın ilk üç bankı üstün mövqeyini qoruyub. Təkcə xalis mənfəət göstəricisi üzrə həmin üç bank birlikdə təxminən 540 milyon manat gəlir əldə edib. Dördüncü yerdə qərarlaşan bankın mənfəəti isə 34,5 milyon manat təşkil edib ki, bu da bazarda maliyyə nəticələrinin yüksək səviyyədə konsentrasiya olunduğunu göstərir.
İqtisadçı qeyd edib ki, analoji vəziyyət dövlət büdcəsinə ödənilən mənfəət vergisində də müşahidə olunur. İlk üç bankın ödədiyi mənfəət vergisinin ümumi həcmi 158 milyon manatdan çox olub ki, bu da sektorun əsas vergi yükünün iri bankların üzərində cəmləşdiyini göstərir.
Əmirov vurğulayıb ki, bankların gəlirlərinin artması hər zaman xalis mənfəətin eyni templə yüksəlməsi demək deyil. Onun fikrincə, risklər üzrə əlavə ehtiyatların yaradılması və digər maliyyə amilləri bəzi banklarda əməliyyat mənfəəti artsa da, xalis mənfəətin azalmasına səbəb ola bilir.
Təhlildə bildirilir ki, bəzi banklarda isə həm əməliyyat, həm də xalis mənfəətdə artım qeydə alınıb. Bu isə maliyyə nəticələrinin yalnız gəlirlərlə deyil, risklərin idarə olunması, xərclər və digər amillərlə də sıx bağlı olduğunu göstərir.
İllik müqayisədə banklar arasında fərqlərin kifayət qədər böyük olduğu da qeyd edilir. Belə ki, bəzi banklarda xalis mənfəət ötən ilin eyni dövrü ilə müqayisədə 130-150 faiz artdığı halda, digərlərində 50 faizdən çox azalma müşahidə olunub.
İqtisadçının sözlərinə görə, faiz gəlirləri hələ də bank sektorunun əsas gəlir mənbəyi olaraq qalır və bazarın aparıcı bankları bu istiqamətdə liderliyini saxlayır. Qeyri-faiz gəlirləri artsa da, onların ümumi gəlir strukturunda payı hələlik həlledici səviyyəyə çatmayıb.
Əməliyyat xərcləri və balans kapitalı üzrə göstəricilər də iri bankların üstünlüyünü təsdiqləyir. Daha geniş filial şəbəkəsi, böyük müştəri bazası və yüksək əməliyyat həcmi bu bankların həm xərclərinin, həm də kapitalının yüksək olmasını şərtləndirir.
Eldəniz Əmirov hesab edir ki, 2026-cı ilin ilk yarısının nəticələri Azərbaycan bank sektorunun sabit inkişaf mərhələsində olduğunu göstərir. Bununla yanaşı, maliyyə nəticələrinin əsasən iri banklarda cəmləşməsi, gəlirlərin böyük hissəsinin faiz gəlirlərindən asılı qalması və banklar arasında maliyyə göstəricilərinin kəskin fərqlənməsi gələcək dövrdə diqqət tələb edən əsas məsələlərdəndir.
Onun fikrincə, sektorun uzunmüddətli inkişafı üçün rəqabət mühitinin gücləndirilməsi, gəlir mənbələrinin daha balanslı formalaşdırılması və qeyri-faiz gəlirlərinin payının artırılması mühüm əhəmiyyət daşıyır.
Aydın
Şərhlər