Xəbər lenti

Məzahir Məmmədli:
phrase_var_qaynar. 19:20 20.07.2026

Məzahir Məmmədli: "Bu, təhsil və əmək bazarı üçün strateji yol xəritəsidir

"Prezident İlham Əliyevin təsdiqlədiyi "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı" ölkənin əmək bazarı və təhsil sisteminin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Ekspert bildirib ki, sözügedən sənəd qarşıdakı beş il üçün strateji inkişaf istiqamətlərini müəyyənləşdirir:

"Bu, 2026-2030-cu illəri əhatə edən böyük strateji sənəddir. Tədbirlər Planı əmək bazarının tələblərinin təhsil sistemi ilə daha sıx əlaqələndirilməsini nəzərdə  tutur. Bu baxımdan Elm və Təhsil Nazirliyinin üzərinə  ciddi vəzifələr düşür. Söhbət universitetlərin maddi- texniki bazasının gücləndirilməsindən, ali təhsilin keyfiyyətinin artırılmasından və regionların inkişafına xidmət edən addımların atılmasından gedir".
 
 


Məzahir Məmmədli xatırladıb ki, bir neçə il əvvəl ali təhsil  müəssisələrinin bir hissəsinin regionlara köçürülməsi ilə bağlı təkliflər də səsləndirilmişdi:

"Bu gün artıq daha real yanaşma ondan ibarətdir ki,  universitetləri köçürməkdənsə, regionlarda fəaliyyət göstərən ali məktəblərin və onların filiallarının maddi-texniki bazası gücləndirilsin, müasir standartlara uyğunlaşdırılsın. Bu, həm regionların inkişafına, həm də  əhalinin Bakıya axınının müəyyən qədər azalmasına töhfə verə bilər".

Ekspert hesab edir ki, Tədbirlər Planının əsas istiqamətlərindən biri də təhsil sisteminin əmək bazarının tələblərinə uyğunlaşdırılmasıdır:

"Bu gün ali məktəbləri bitirən gənclərin əhəmiyyətli hissəsi ixtisasına uyğun iş tapmaqda çətinlik çəkir. Fikrimcə, peşə təhsili və kolleclərin fəaliyyəti də əmək bazarının real ehtiyaclarına daha uyğun qurulmalıdır. 2026-2030-cu illər ərzində bu sahədə pilot layihələrin  həyata keçirilməsi və nəticələrin qiymətləndirilməsi mümkündür".

Məzahir Məmmədlinin sözlərinə görə, ali məktəblərin, kolleclərin və ümumtəhsil müəssisələrinin qarşısında yeni və daha konkret hədəflər dayanır:

"Bu dəyişikliklərin nəticəsini qısa müddətdə gözləmək düzgün olmaz. Lakin tədbirlər planı ardıcıl icra olunarsa,  uzunmüddətli perspektivdə Azərbaycan təhsilinə, elmə və əmək bazarına ciddi fayda verə bilər".

Qeyd edək ki, Prezident İlham Əliyev "Məşğulluq  Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı"nı təsdiqləyib. Sənədə əsasən,  tədbirlərin əsas icraçısı Elm və Təhsil Nazirliyi, digər icraçılar isə aidiyyəti dövlət qurumlarıdır.Planın icrası 2026-2030-cu illəri əhatə edir.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->