Almaniyanın Gelzenkirxen şəhərində keçən ilin dekabr ayında bir bankın kassa şöbəsinə edilən və 100 milyon avro dəyərində əşyaların oğurlandığı tarixi soyğunla bağlı yeni məlumatlar ortaya çıxıb.
Qaynarinfo xəbər verir ki, polis bir ay davam edən araşdırmadan sonra soyğunun baş verdiyi kassa şöbəsindən yeni fotolar yayımlayıb.
29 dekabr 2025-də, soyğun aşkarlanandan dərhal sonra çəkilən fotolar oğurluğun miqyasını göstərir. Daha əvvəl yalnız kassa şöbəsinə bitişik arxiv otağının görüntüsü paylaşılmışdı. Polis sözçüsü bildirib: "İndi insanlar ilk dəfə digər tərəfi də görə bilir".
Yayılan məlumatlara görə, bankın kompüter sistemi 27 dekabr səhər saat 10:45-də ilk kirayə kassanın açıldığını qeydə alıb. Soyğuncuların kassa şöbəsindəki fəaliyyətinə aid qeyd isə saat 14:44-də birdən kəsilib. Bu, soyğuncuların bankın sisteminə müdaxilə etdiyini və ya qeyd sistemini deaktiv etdiyini göstərir.
Qeyd dayandırıldıqdan sonra təxminən 3100 müştərinin bütün kassalarının mexaniki olaraq açılmasının nə qədər sürdüyü məlum deyil. Polis oğurlanan dəyərin 100 milyon avro səviyyəsində olduğunu təxmin edir.
Fotoşəkillər soyğunun təşkilatlanması və soyğuncuların məqsədyönlü hərəkətləri haqqında diqqətəlayiq ipucları verir. Arxiv otağından kassa şöbəsinə açılan, xüsusi əl burğulama maşını ilə (direl) qazılmış 40 santimetr diametrli və 60 santimetr dərinliyindəki tunel daha aydın görünür. Polis sözçüsü qeyd edib: "Hər kəs buradan keçə bilməz. Ən azı bir soyğuncunun incə bədən quruluşlu olması lazımdır".
Polis son bir ay ərzində üç növbədə fasiləsiz işləyərək kasa şöbəsindəki araşdırmalarını əsasən tamamlayıb. Yüz minlərlə əşya ilkin yoxlamadan keçirilib, kataloqlanıb və şəkilləri çəkilib. 50 mindən çox əşya detallı şəkildə qeydiyyata alınıb və bir çox fiziki izlər təhlükəsizliyə götürülüb.
Hələlik təxminən 1200 zərərçəkmişin ifadəsi alınıb, yüzlərlə zərərçəkmişlə daha görüş üçün vaxt təyin edilib. Oğurlanan məbləğin tam miqdarı, bu ifadələr və ekspertiz hesabatları tamamlandıqca dəqiqləşəcək. Polis, cinayətin açılması üçün xaricdəki həmkarları ilə də əməkdaşlıq edir.
Aydın
Şərhlər