ABŞ-ın vitse-prezidenti Cey De Vens Ermənistana səfərə gəlib.
Qaynarinfo xəbər verir ki, Vens İrəvan səfərindən sonra Azərbaycanı da ziyarət edəcək.
Vitse-prezidentin 30 il münaqişə şəraitində olmuş, 2020-ci ilin sentyabrında başlayan və 44 gün sonra Azərbaycanın qələbəsi ilə başa çatan II Qarabağ müharibəsindən sonra sülhə doğru addımlayan bu iki ölkəyə səfəri mühüm siyasi hadisə kimi qiymətləndirilməlidir.
Siyasi analitiklərin fikrincə, Vensin Ermənistan və Azərbaycana səfəri İrəvan və Bakının dayanıqlı sülhə nail olmaq istiqamətində atdığı addımları sürətləndirmək, eləcə də tərəflər arasında sülh müqaviləsinin imzalanmasını təmin etmək məqsədi daşıya bilər.
Analitiklər hesab edirlər ki, ABŞ Ermənistanda cari ilin 7 iyun tarixində keçiriləcək parlament seçkilərindən əvvəl sülh müqaviləsinin imzalanmasına nail olmağa çalışır. Ağ Ev Ermənistandakı revanşist qüvvələrin, eləcə də bölgədə sülh və sabitliyin bərqərar olmasında maraqlı olmayan aktorların Paşinyan hakimiyyətini siyasi səhnədən sıxışdırmaq təhlükəsini nəzərə almaya bilməz. Bu baxımdan, rəsmi Vaşinqton sülh müqaviləsinin mümkün qədər tez imzalanmasına xüsusi önəm verir.
Azərbaycanın bu məsələdə mövqeyi aydındır. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, bölgədə sülhün tərəfdarıdır. Azərbaycan sülh müqaviləsinin imzalanması üçün zəruri addımları atmaqla bu xoş niyyətini təkcə bəyanatlarla deyil, praktiki addımlarla da nümayiş etdirir.
Ermənistanın mövcud hakimiyyətinin də sülhə müsbət və maraqlı yanaşdığı müşahidə olunur. 2025-ci il avqustun 8-də ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh memorandumu paraflanarkən Azərbaycan Prezidenti İlham Əliyev erməni jurnalistin sualına cavab olaraq bildirib:
"Həm siz, həm də Azərbaycan ictimaiyyəti tam əmin ola bilər ki, bu gün baş verənlər nəticə etibarilə sülhə gətirib çıxaracaq - Cənubi Qafqazda davamlı və əbədi sülhə".
Ermənistanın baş naziri Nikol Paşinyan isə Prezident İlham Əliyevin bu fikirlərinə münasibət bildirərək "Tamamilə razıyam və heç bir əlavəm yoxdur", deyə vurğulayıb.
Bütün bunları nəzərə alsaq, böyük sülh müqaviləsinin yaxın vaxtlarda imzalana biləcəyini söyləmək mümkündür.
Seyid
Şərhlər