ABŞ Afrikadan mis, kobalt və digər strateji mineralların təchizatına görə Çinlə rəqabət aparır. Vaşinqton xüsusi diqqəti Zambiya, Qvineya və Konqo Demokratik Respublikasına yönəldib.
Qaynarinfo "Reuters" agentliyinə istinadən xəbər verir ki, yalnız Konqo dünya kobalt təchizatının 70%-dən çoxuna malikdir, ölkə 2024-cü ildə təxminən 3,3 milyon ton mis istehsal edib.
Lakin ABŞ yüksək riskli ölkələrdə operatorlarını yerləşdirmək əvəzinə, satınalma sazişləri və digər ticarət strukturlarından istifadə etməyə üstünlük verir. Məsələn, "Mercuria" ilə saziş və Konqo dövlət mədən şirkəti "Gecamines" ilə razılaşmalar vasitəsilə istehsal ABŞ üçün əlverişli zəncirlərə yönəldilir; hazırda bu sahədə Çin emal müəssisələri üstünlük təşkil edir.
"ABŞ sənaye iştirakından deyil, maliyyə imkanlarından istifadə edir. Vaşinqton satış və ticarət kanalları vasitəsilə Konqo misini ABŞ alıcılarına yönləndirə bilir, DKR-dəki mədənlərin işlənməsi ilə bağlı siyasi və əməliyyat risklərini öz üzərinə götürmədən”, deyə "Control Risks analitiki Vinsent Ruje bildirib.
Çin şirkətləri Konqodakı ən böyük mis və kobalt yataqlarını – o cümlədən Tenke Fungurume və Kamoa-Kakula – nəzarətdə saxlayır və on ildən çoxdur ki, çıxarılan məhsulun böyük hissəsini Çin emalına yönəldir. Konqo həmçinin sink, germanium və qalium təchizatçısına çevrilir.
Qeyd olunur ki, Çin operatorları mübahisəli ərazilərdə fəaliyyət göstərir və bazara çıxış sürəti üzrə üstünlük əldə ediblər. Digər təchizatçılar üçün isə mülkiyyət məsələsi əsas problem olaraq qalır.
Aydın
Şərhlər