İranın mədəni irs, turizm və əl işləri naziri Rza Salehi Əmiri Ərdəbil bölgəsindən olan parlament üzvləri ilə görüşündə quru sərhədlərin açılması ilə bağlı verdiyi açıqlama diqqət çəkib. Nazir bildirib ki, Bakı və Tehran quru sərhəd boyunca sərnişin daşımalarının bərpası imkanlarını müzakirə edirlər.
Milli Məclisin deputatı Hikmət Babaoğlu Qaynarinfo-ya açıqlamasında deyib ki, Bakı və Tehran arasında quru sərhədləri boyunca sərnişin daşımalarının bərpası marşrut üzrə ola bilər:
"Bunlardan biri ənənəvi Beləsuvar-Culfa marşrutu ilə vətəndaşlarımızın Naxçıvan-Bakı istiqamətində hərəkət etməsidir. Digər variant isə önümüzdəki aylarda tamamlanması nəzərdə tutulan Araz körpüsü üzərindən quru sərhədlər vasitəsilə daha qısa və effektiv, Zəngəzur dəhlizinə paralel hərəkətin mümkün olmasıdır. Ona görə də bir qədər gözləmək lazımdır ki, bu proses tam aydınlaşsın".
Deputat vurğulayıb ki, söhbət bütövlükdə Azərbaycandan Azərbaycana hərəkətdən gedir:
"Doğrudan da, Azərbaycan vətəndaşlarının buna ehtiyacı var. Çünki hazırda Naxçıvana gedib-gəlmək əsasən təyyarə vasitəsilə mümkündür. Quru nəqliyyatının bərpası Naxçıvana gediş-gəlişi xeyli asanlaşdıra bilər".
Qeyd edək ki, Azərbaycanın quru sərhədləri 2020-ci ilin mart ayından bağlıdır.
Bahar Rüstəmli
Şərhlər