Xəbər lenti

Ankaranın Moskva və Pekinlə strateji alyansda yer alması realdırmı? (ŞƏRH)
Dünya 14:14 09.02.2026

Ankaranın Moskva və Pekinlə strateji alyansda yer alması realdırmı? (ŞƏRH)

"Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının Qərbə qarşı Ankara, Moskva və Pekin arasında alyans yaradılması təklifi siyasi manevr kimi dəyərləndirilə bilər".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev deyib.

Ekspertin fikrincə, mövcud şəraitdə belə bir alyansın yaranması mümkün deyil:

"Reallıqda Türkiyənin Moskva və Pekinlə strateji alyansda olması indiki vəziyyətdə mümkünsüzdür. Bunun baş vermə ehtimalı demək olar ki, sıfıra bərabərdir. Türkiyənin mövcud durumu və geosiyasi mövqeyi Ankaranı Rusiya və Çinlə bir strateji blokda görməyə imkan vermir. Çünki belə bir alyansa daxil olmaq eyni zamanda Türkiyənin digər ölkələrlə münasibətlərinə yenidən baxması anlamına gələr".
 

 
Arif Əliyevin sözlərinə görə, Dövlət Baxçalının bu açıqlaması böyük ehtimalla müəyyən siyasi hesablamaların nəticəsidir:

"Görünür, bu bəyanat Qərbə yönəlik təzyiq alətlərindən biri kimi səsləndirilib. Ola bilsin ki, hansısa razılaşma və ya siyasi konfiqurasiya çərçivəsində belə bir mesajın verilməsinə ehtiyac yaranıb. Son dövrlər Vaşinqton tərəfindən Türkiyənin kifayət qədər nəzərə alınmaması, eləcə də Avropa İttifaqı ilə üzvlük danışıqlarının yenidən canlandırılmaması fonunda səslənən tənqidi açıqlamalar var. Baxçalının çıxışı da bu mövqelərə cavab kimi  dəyərləndirilə bilər".

Siyasi şərhçi Mehman Əliyev isə Baxçalının açıqlamasını populist bəyanat kimi qiymətləndirib:
 


"Bu, reallığı əks etdirməyən bir bəyanatdır. Məqsəd Rusiya və Çinlə münasibətlərdən siyasi dividend əldə etmək ola bilər. Üstəlik, bu açıqlama Türkiyə hökumətinin rəsmi mövqeyini ifadə etmir”. 
 
Qeyd edək ki, MHP lideri Dövlət Baxçalı Qərbə qarşı çıxmaq üçün Ankara, Moskva və Pekin arasında alyans yaradılması ideyası ilə çıxış edib. Bu təşəbbüsə münasibət bildirən Rusiyanın Türkiyədəki müvəqqəti işlər vəkili Aleksey İvanov açıqlamanı maraqlı təklif kimi dəyərləndirib. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Baxçalının təşəbbüsünə münasibət bildirərkən hələlik bu ideya ilə "tam tanış olmadığını”, lakin "hər şeyin yaxşılığa doğru inkişaf etməsini” arzuladığını bildirib.

Rüfət Sultan

--> -->