Xəbər lenti

Yalanın kökünü kəssən, başqa heç bir tərbiyəyə gərək qalmaz - Sabahımız
Ölkə 17:20 27.01.2022

Yalanın kökünü kəssən, başqa heç bir tərbiyəyə gərək qalmaz - Sabahımız

(Yazı "Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusu üzrə hazırlanıb)

21-ci əsrin Azərbaycan gənci bu gün dünyada özünü istər təhsili, istər milli ruhu, istər yeniliklərə, inkişafa göstərdiyi maraqla təsdiq etmiş bir gənclikdir. 
Səsi-sorağı dünyanın dörd bir yanından gələn gəncimiz, hər sahədə qazandığı uğur ilə bayrağımızı fəxrlə ucalara qaldırıb. Bu gün biz bu gənclik sahəsində hər yerdə fəxrlə "mən azərbaycanlıyam” deyə bilirik. Bunu isə biz 44 günlük  Böyük Vətən müharibəsi zamanı bir daha öz qanımız, canımız bahası ilə əldə etdik. 

Bu günün gəncliyi sabahın gələcəyidir

Azərbaycan gəncliyi, onun bu günü, sabahından danışan Milli Məclisin deputatı Elman Nəsirov qeyd edib ki, gənclər bizim gələcəyimizdir. Gənclərin milli-mənəvi ruhda tərbiyə edilməsi həm də Azərbaycanın gələcəyi anlamındadır:



"Xüsusilə bugünkü dünyamızda, söhbət 21-ci əsr reallığından, informasiyasından  gedir, bu reallıqda gənclər ilk növbədə vətənpər, peşəkar, böyük dünya görüşünə malik, milli mənəvi dəyərlər ruhunda tərbiyə almış, xarici dilləri bilən, müasir informasiya texnologiyalarından başı çıxan olmalıdır və ilk növbədə dövlətinə və dövlətçiliyinə xidmət etməlidir”. 

Elman Nəsirov qeyd edib ki, bu, çox önəmli məsələdir. Belə gənclərin tərbiyə edilməsi prosesində şübhəsiz ki, böyük məsuliyyət ailənin və məktəbin üzərinə düşür. Deputat bu ikisini xüsusi ilə qeyd edib:

"Bu məsələdə birinci növbədə məsuliyyət ailənin üzərinə düşür. Evdə lazımi tərbiyə almayan gənc məktəbdə də özü üçün münbit şərait axtaracaq. Mühit insanın formalaşmasında mühüm rol oynayır. Gənclərin formalaşmasında məktəbdə formalaşmış mühitin çox böyük rolu var. Hesab edirəm ki, məktəblərdə psixoloq işinə barmaqarası baxmaq olmaz. Bu gün məktəblərdə psixoloqlara böyük ehtiyac var. Onlar gənclərlə çox ciddi iş aparmalıdır. Bu məsələyə paralel şəkildə məhz ali məktəblərin özündə də ciddi fikir verilməlidir. Universitetlərdə bu sahə üzrə prorektor var, onlar sanki ali məktəblərdə tədris işləri üzrə əsas sima kimi diqqəti cəlb edir, amma təlim-tərbiyə üzrə prorektorlar sanki onun kölgəsində qalır. Halbuki, gənclərlə o işləməli, məhz milli-mənəvi ruhda tərbiyə edilməsi, vətənpərvər gənc kimi yetişməsi işinə töhvələr verməlidir”. 
 


Deputat qeyd edib ki, gənclərin milli mənəvi dəyərlər ruhunda yetişdirilməsində dövlətimizin kifayət qədər uğurlu siyasəti var:  

"Ali baş komandanımız İlham Əliyevin dediyi kimi, son 18 il ərzində doğulmuş gənclər sözün həqiqi mənasında qəhrəmanlıq nümayiş etdirdilər. 44 günlük vətən müharibəsi yaşlı nəslin "biz köhnə nəsil daha yaxşı idik” və s. bu kimi bütün sualların hamısının cavabını verdi. Məlum oldu ki, bugünkü Azərbaycan gənci vətənpərvər və öz həyatını fəda edib, şəhidlik zirvəsinə ucalmağa qadir gəncdir. Bunu da xüsusi ilə qeyd etmək lazımdır”. 

Elman Nəsirov onu da qeyd edib ki, həyat yerində dayanmır, gənclərin vətənpərvərlik ruhunun pozulması istiqamətində də, milli-mənəvi dəyərlərdən uzaqlaşması istiqamətində də xaricdən müəyyən təsirlər var:

"Bu istiqamətdə Azərbaycanı sevməyən qüvvələr də öz işini görməyə çalışır. Gənclərdən dövlətçilik əleyhinə istifadə etmək istəyənlər var. Amma Azərbaycan gənci, yenə təkrarlayıram, bu 44 günlük müharibədə öz möhürünü elə qoydu ki, biz Azərbaycan gəncinin gələcəyinə böyük ümidlər bəsləyirik, inanırıq ki, Azərbaycan gənci hələ öz sözünü deyəcək və bu gəncliklə gələcəyə çox böyük ümidlə baxa bilərik”. 

"Babəkəm, Koroğluyam, Azərbaycan oğluyam” 

Yazıçı Pərviz Cəbrayıl qeyd edib ki, çoxları bu məsələni hərfən anlayır: 



"Adama elə gəlir ki, məsələn, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi deyəndə ona mütləq milli kimliyi, onun keçmişi, tarixi qələbə və fəthləri, tarixyaratma gücü, adət-ənənələri və s. başa salınmalı, bu ruhda tərbiyə edilməlidir. Və eləcə də vətənpərvərlik hisslərinin aşılanması, o ruhda xüsusi tərbiyə edilməsi. Mənə görə, bu, qətiyyən belə deyil. Əlbəttə, bir fərd üçün onun kimin oğlu olması, hansı nəsildən gəlməsini bilmək vacibdir, ancaq bunu bilməklə onda nə milli kimliyi, nə vətənpərvərlik hissini tərbiyə etmək olar. Əslində məsələ çox sadədir. 

Bir gün övladı doğulmuş bir şəxs Diogenin yanına gəlir və övladını necə tərbiyə etməli olduğunu soruşur. O isə belə cavab verir: "Uşaq ədalətli ölkədə doğulubsa, kifayətdir”. Elə bu məntiqdən çıxış edib deyə bilərik ki, bu şeyləri tərbiyə etmək üçün şüurunun kəsdiyi ilk gündən vətəndaşa ədalətli olmağı, azadlığın böyük nemət olduğunu, rüşvətin, korrupsiyanın ən böyük yaramazlıq, əxlaqsızlıq və cinayət olduğunu, qanunların şah olduğunu, başqalarının fikirlərinə sayğıyla yanaşmağı, tolerantlığı, xüsusi mülkiyyətin müqəddəsliyi və toxunulmazlığı fonunda vətənin də bir xalqın-ulusun xüsusi mülkiyyət olduğunu, yalanın iflas və çöküşün başlanğıcı olduğunu və s. bu kimi mətləbləri həm başa salmaq, həm də tərbiyəçinin (bu, müəllim də, dövlət də ola bilər) şəxsi nümunəsində göstərmək olar. Bunlar olmayandan sonra nə qədər "Babəkəm, Koroğluyam, Azərbaycan oğluyam” desən də, xeyri olmayacaq. Ancaq bir anlıq təsəvvür edək ki, bu ölkənin hər bir fərdi yuxarıda sadaladığımız bütün mənfiliklərdən uzaqdır, o zaman bu ölkə cənnətə və dünyanın ən qüdrətli dövlətinə çevrilməzmi? Yalandan uzaq, ədalətli olan insan həm mənlik şüuru, həm vətənpərvərliyi ideal olan insandır. Yalanın, ədalətsizliyin kökünü kəsəndən sonra başqa heç bir tərbiyəyə gərək qalmır”.  

Məcbur yox, təlqin etmək lazımdır 

Şair Emin Pirinin fikirlərinə görə isə, bizdə hər zaman gənclərin milli mənlik şüurunun inkişafından, vətənpərvərlikdən danışırlar. Hər zaman da bundan gileylənirik. Amma burda problem odur ki, milli mənlikdən, vətənpərvərliyin tərbiyəsindən danışarkən, həmin metodun böyründən keçib gedirik.
Burda əsas məsələ ondan ibarətdir ki, biz həmin insanlara özü olmağı öyrətməliyik. İstər bu, təhsil prosesində olsun, istərsə də ondan sonrakı mərhələdə:



"Əgər bir gənc özü olmağı öyrənibsə, başqasını təkrarlamırsa, bu ölkədə, bu yurdda yaşayan insan, istər-istəməz əcdadlarını da bugünkü dövlətini və onun uğrunda qurban getmiş insanların, şəxsiyyətlərin dəyərini biləcək. Amma biz bunu sadəcə fikir kimi deyirik ki, sən vətənin, bu torpağın qiymətini bilməlisən, bu torpaq uğrunda şəhid gedən insanları unutmamalısan. Ancaq biz bunu ona dil ilə deyəndə onda sanki bir antipatiya yaradırıq, uzaqlaşdırırıq. Bunun yolu bu vətəni, bu ölkəni sev deməklə olmur. Ona bu sözləri demədən sevdirmək lazımdır. Burda ən əsas məsələ onun özü olmağı, layiqli vətəndaş olmağıdır. Əgər sən bir şagirdə, tələbəyə öyrətsən ki, bu ölkədə, bu yurda rüşvət pis bir şeydir, burda avtomatik olaraq onun vətənpərlik hisləri də oyanmış olacaq ki, bu ölkədə yaşayan vətəndaşdan rüşvət almaq, onun haqqını yemək olmaz. Sən ona öyrətsən ki, küçədə gedərkən zibilləmək olmaz, bunun özü də qarşındakı gəncdə vətəninin küçələrinə də vətənpərvərlik hissi ilə yanaşma yaradacaq. Biz yolla getməliyik, bunu dilimizlə deyib məcbur etməməliyik. Bunun özü tərbiyələnmənin qarşısını alan bir şeydir”. 

Gənclərin inkişafında ailə institunun rolu 

Psixoloq Fərqanə Mehmanqızı düşünür ki, bu gün ailə institutu dediyimiz bir dəyər məhv olmaq üzrədir. Ona görə də bu gənclik milli-mənəvi şüuru inkişaf etdirmək yerinə, əksinə, onda geriləmə gedir. Buna görə də istər məktəblərdə, istər universitetlərdə ən başda ailə institutunu, milli-mənəvi dəyərləri təlqin etmək lazımdır. Hər yerdə milli-mənəvi dəyərlərin təlqininə, maariflənməyə diqqət etmək lazımdır. Psixoloq elə düşünür ki, məktəblərdə uşaqların şüuraltına təsir edən dərslər çox olmalıdır: 



"Məncə, gənclərin sosial səhifələrdən istifadəsinə də nəzarət eləmək lazımdır, - psixoloq əlavə edib. - Bu səhifələrdən gənclərin daha yaxşı istifadəsinə, gənclərin şüuraltına, milli-mənəvi dəyərlərinə təsir etmək olar. Ailələri ailə dəyərləri mövzularında maarifləndirmək lazımdır. Valideynə övlad dəyərini, övlada valideyn dəyərini, özündən böyüklərə olan hörmət kimi dəyərləri anlatmaq lazımdır. Biz güclü xalqıq. Bunu 44 günlük mühüribə dövründə də sübut elədik. Baxmayaraq ki, yeni nəsil özündən böyük nəsli bəyənmir, amma bizə miras qalan müharibəni, savaşı biz gənclər bitirdik və qalib olduq. Bu da onu göstərir ki, bizim toxumumuzda, genimizdə milli-mənəvi dəyərlər, birlik var. Bundan yaxşı mənada istifadə edib, inkişaf etdirmək lazımdır”.

Günay İlqarqızı

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->