Texnologiyada əldə olunan uğurlar qədər uğursuzluqlardan da dərs alınır. 2024-cü il isə texnologiya sahəsində bir sıra mühüm fiaskolarla yadda qalıb.
Qaynarinfo xəbər verir ki, "MIT Technology Review" bu sahədə baş verən ən böyük uğursuzluqları araşdırıb.
Süni intellektin tarixi sınağı
Fevral ayında təqdim olunan "Gemini" adlı süni intellektə əsaslanan görüntü istehsalı platforması tarixi məlumatları müxtəliflik prizmasından təsvir etməyi hədəfləyirdi. Məsələn, II Dünya müharibəsi dövrünə aid alman əsgərlərini təsvir edərkən müxtəlif etnik qruplardan olan əsgərləri göstərib.
Lakin bu yanaşma kəskin tənqidlərə səbəb olub. "Google" şirkəti "Gemini"nin insan təsvirləri yaradan funksiyasını dayandırmaq məcburiyyətində qalıb və inklüzivlik məqsədində "təhlükəni düzgün qiymətləndirmədiyini" etiraf edib.
"Boeing Starliner"
"Boeing"in təkrar istifadə edilə bilən kosmik gəmisində baş verən texniki problemlər NASA-nın astronavtları Sunita Uilyams və Barri Uilmorun Beynəlxalq Kosmik Stansiyada qalmasına səbəb olub.
İyunda həyata keçirilən və səkkiz günlük sınaq uçuşu kimi planlaşdırılan missiya, helyum sızması və yanacaq problemlərinə görə uğursuzluqla nəticələnib. "Starliner" boş vəziyyətdə Yerə qayıdıb və astronavtların 2025-ci ilə qədər "SpaceX" vasitəsilə geri dönməsi planlaşdırılır.
"Boeing" 2024-cü ildə başqa problemlərlə də üzləşib: uçuş zamanı qapının açılması, işçi tətilləri, "737 Max" modelinin təhlükəsizliyinə dair dövlətin aldadılmasə ilə bağlı böyük cərimələr və şirkət rəhbərinin istefası kimi ciddi hadisələr baş verib.
"CrowdStrike" kəsintisi
Kibertəhlükəsizlik şirkəti "CrowdStrike"ın iyul ayında göndərdiyi bir yeniləmə bir sıra havayolları, TV kanalları və xəstəxanaların "Windows" sistemlərinin çöküşünə səbəb olub. "Delta Airlines" bu hadisəyə görə 7 min uçuşu ləğv etmək məcburiyyətində qalıb və şirkətə 500 milyon dollarlıq məhkəmə iddiası qaldırıb.
"CrowdStrike" problemi bir fayldakı xəta ilə izah etsə də, "Delta" şirkəti hadisəni "test edilməmiş və təsdiqlənməmiş qısayolların" nəticəsi kimi dəyərləndirir.
"Şaquli əkinçilik təsərrüfatların iflası
700 milyon dollardan çox investisiya toplayan "Bowery" şirkəti "şaquli əkinçilik" sahəsində uğursuzluqla üzləşib. Şirkətin qapalı məkanlarda robotlarla marul yetişdirmək layihəsi noyabr ayında müflis olmaqla nəticələnib.
Şirkətin istehsal etdiyi məhsullar bazar qiymətlərindən baha idi və təsərrüfatdakı xəstəliklər məhsulların satışını çətinləşdirib.
"23andMe"nin çöküşü
Genetik analiz xidməti təqdim edən "23andMe" 2024-cü ildə böhranla qarşılaşıb. Şirkətin səhmləri kəskin şəkildə dəyərdən düşüb, genetik tədqiqatlarla bağlı planlar dayandırılıb və işçilərin əhəmiyyətli bir hissəsi işdən çıxarılıb.
Müştərilər şirkətin bağlanacağı halda onların genetik məlumatlarının taleyi ilə bağlı narahatlıq keçirir. Şirkət böyük məlumat bazasına malik olsa da, bundan mənfəət əldə etməyin yolunu tapa bilməyib.
Hər bir uğursuzluq texnologiyanın inkişafı üçün dərs ola bilər, lakin bu hadisələr 2024-cü ilin "kabusa bənzər" texnologiya ili kimi xatırlanmasına səbəb olub.
Aydın
Şərhlər