Məqsəd Nur
Ölkə 11:46 28.11.2023

"28"-in işğalı

Sovet dövrü Bakının mərkəzində yerləşən "zavokzalnı"da (vağzalətrafı) ermənilərlə barabər, digər millətlər də yaşayırdılar. Onlar müxtəlif zamanlarda Bakını işğal etmiş və ya müxəlif səbəblərdən - məsələn, II dünya müharibəsi zamanı Bakıya köçürülən Leninqrad qaçqınları, həyatını cənub şəhərində davam etdirməyə qərar verən keçmiş Nikolay xidmətçiləri və sair kimi kəsimlərdən ibarət olsalar da, qeyri-ixtiyari vağzal ətrafında məskunlaşır,  instinktiv olaraq nə vaxtsa buradan çıxıb gedəcəklərini bilirmiş kimi, vağzalın ab-havasından, dəmir yollarına asan coğrafi çıxışın verə biləcəyi üstünlüklərdən bərk yapışırdılar. Bax beləcə, həmçinin bu və ya digər səbəblərdən indi gördüyümüz "28"-in qaynar həyatı formalaşırdı. Əgər məndən soruşsanız, deyərəm ki, Azərbaycanın ən boz və mənasız, lakin güzgü kimi gerçəkliyini əks etdirən ən soyuq, şəffaf yeri elə "28"-dir. Buna görə "28"-i həm də müasir tariximizin indikatoru hesab etmək olar.

O gün təsadüfən vağzalətrafı küçələrlə bir xeyli gəzməli oldum. Əgər sizə desəm ki, "28"-də üstü meyvəli xurma (korolyok) ağacı gördüm, təəccüblənməyin. Vaxtilə bu ərazidə yaşıllıq çox idi, özüm şahidəm. Xüsusilə, tut, meynə (üzüm tağları), hətta badam ağacları az qala hər həyətdə var idi. Lakin yuxarıda dediyim xurma (korolyok) ağacı bu ərazilərə yad idi. Əslində bu ağac həm də ərazisini satmağa hazırlaşan bir dayının "reklam"ı idi. Ona dedim: 

-Axı bu ərazini alan adamlar bozluqdan başqa rəng görmür, xurma ağacı kimin nəyinə lazımdır?

Xeyli susdu. Ağacın ümidlə ətrafa boy verməsi məni o qədər kədərləndirdi ki, sualıma cavab almamış ərazidən uzaqlaşdım. 

Əvvəlcə belə başa düşdüm ki, "28"-də baş verən işğaldan çox adamın xəbəri yoxdur. Sonra bir neçə yaxın adamla bu barədə danışdım. Sən demə, hamı hər şeyi yaxşı bilirmiş. Burada əhalinin mənzil şəraitini daha da yaxşılaşdırmaq üçün kommersiya məqsədli pilot yaşayış binaları tikilir. Həm də elə hündür binalar ki, ilk iki-üç mərtəbəsi obyektlər üçün nəzərdə tutulub, zirzəmilərdəki məhdud sayda parklanma ərazisi isə mənzillərin ümumi sayı ilə tərs mütənasibdir. Həm də çox tərs. 

Hərdən fikirləşirsən ki, hansı "ağılsız" bu binalarda ev alar? Yaxud, hansı əbləh burada bu qədər bina tikmək üçün icazə verər? Fəqət bu suallar "28"-dəki mənzərənin qarşısında o qədər sadəlöhvdür ki, susursan. 

Vaxtilə bu ərzidə internasional bakılılar "əmələ gəlmişdi". Onların davamçıları da buralardan çəkilib getdilər. İndi ərazidə ev alanlar və mənzil satanlar, tutalım, əslən Kəlbəcər rayonunun Zülfüqarlı kəndindən də ola bilər. Maraqlıdır, bəs bu qədər "müasir azərbaycanlı"nın genetik davamçıları "28"-də necə yaşayacaq? Axı məktəbə, işə, rayona, aeroporta gedərkən bu tıxacxanada boğulub qalacaqlar. Onları buraya - məhz vağzal ətrafına toplaşmağa nə vadar edir? Dəmir yolu, vağzal əvvəlki nəqliyyat intensivliyini itirib, bu adamlar ölkənin sabit vətəndaşlarıdır, onlar üçün bu ərazidə heç bir altşüuri təhdid yoxdur. 

Hə, Süleyman Rüstəm küçəsi ilə yuxarı qalxarkən gördüm ki, Şəhərsalma və Arxitektura Komitəsi də bu məhəllədə - sovet dövründən qalma mozaikalı, bərpa olunmuş gözəl bir tarixi binada yerləşdirilib. Bəs görəsən, onlar ətrafdakı fəlakəti görüb nə düşünürlər? Yəqin ki, çox gecikiblər, yaxud müvafiq qərarlar veriləndə iştirak etməyiblər. 

Köhnə bakılılar "28"-i sevmir, heç bir könhə bakılı havayı versən də, "28"-dən ev almaz, alsa da, burada yaşamaz. Niyə? Çünki "28" yaşanası yer deyil. Orada məhv edilmiş tarixi binalardan qalan tək-tük tağlar, çarhovuzlar, üzüm sarmaşıqları, sökülüb satılmş tramvay xətlərinin çapıqları da lap yaxın vaxtlarda itib-gedəcək, unudulacaq. Amma bu itirilən tarixdə qəribə bir işğal havası var. Doymadan, usanmadan, burnunun ucundan o yanı görmədən davam edən işğal. 

Bəlkə, başınızı qaldırıb bir ətrafa baxasınız, ay mənim torpaq çörəyi yeyə bilməyən "filanyerli" qardaşlarım...

Məqsəd Nur