Xəbər lenti

“350 min casus olar?”- Azərbaycanda Bəhai icmasının təmsilçisi ilə müsahibə
Ölkə 12:01 12.08.2022

“350 min casus olar?”- Azərbaycanda Bəhai icmasının təmsilçisi ilə müsahibə

Qaynarinfo-nun suallarını Azərbaycan Bəhailəri Dini Mərkəzinin katibi Ramazan Əsgərli cavablandırır. 

- Ramazan bəy, bu günlərdə İranda bəhailərə qarşı hücum başlandı, evləri yerlə yeksan edilən adamlar vardı. Bununla bağlı video paylaşımınızı gördüm. Ümumiyyətlə, bəhailər kimlərdir və niyə belə sərt münasibətlə üzləşiblər? 

- Təəssüf ki, bəhailər bu din yaranandan bəri İranda daim təqiblərə məruz qalıblar. Bu təqiblər nəticəsində 20000-dən çox insan qətlə yetirilib. İranda 1979-cu ildən bəri isə yüzlərlə insan yenə öldürülüb, həbsə salınıb. Bəhailər heç vaxt siyasətə qarışmırlar, yaşadıqları ölkənin qanunlarına sözsüz itaət edirlər. Bu qədər təqib olunmalarına, öldürülmələrinə, əmlaklarının talan edilməsinə, təhsil ala bilməmələrinə baxmayaraq, heç vaxt qanunsuzluq etməmiş və siyasi etriazlara qoşulmamış bir icmanı nədə günahlandırmaq olar? Konkret olaraq İranda bəhailərin davranışında qüsur tapa bilmədikləri üçün onları casusluqda günahlandırırlar. Təxminən 200 illik tarixə malik 350 000-dən çox ən böyük bir dini azlığın bütün nümayəndələri necə casus ola bilər? Onların yeganə günahı bəhai olmalarıdır. Belə bir ittiham isə sadəcə vicdan azadlığını boğmaqdan və anaxronizmdən başqa bir şey deyil. Bu təqiblərə rəvac verənlər tarix qarşısında və ilahi ədalət qarşısında mütləq cavab verəcəklər. 

Sualın ikinci hissəsinə keçsək, mən hesab edirdim ki, 90-cı illərdən bu yana Azərbaycanda bəhai dini haqqında daha dolğun məlumat olmalıdır. Amma yoxdursa da, bəzi məlumatları təkrarlamaqda fayda var. Bəhailik dindir, təriqət deyil. Onun doğulması, yaranması 19-cu əsrin ortalarına təsadüf edir. 1844-cü ildə İranın Şiraz şəhərində Seyid Əli Məhəmməd adlı bir şəxs "Bab” ləqəbi götürərək elan etdi ki, Allahın zühurudur, müjdəçidir, gəlib xəbər versin ki, özündən sonra böyük bir ilahi məzhər gələcək. Ancaq Həzrət Babdan öncə Şeyx Əhməd Əhsayi və Seyid Kazım Rəşti adında iki nəfər Yaxın Şərqdə, xüsusilə Bəhreyndə, İraqda, İranda insanları hazırlayırdılar ki, ilahi yazılar - "İncil” və "Quran” əsasında zühurun baş vermə vaxtı yaxınlaşır. Onlar da insanları ayıldır, hazırlayırdılar. Bununla paralel 1820-30-cü illərdə Naxçıvanda-Ordubadda iki nəfər vardı: biri Molla Sadıq idi, Ordubadın Vənənd kəndindən. Molla Sadıq da insanları İmam Mehdinin zühur vaxtının yaxınlaşmasına hazırlayırdı. Onun çoxlu ardıcılları vardı. O vəfat edəndən sonra onun işini Seyid Əbdül Kərim adında şagirdi davam etdirdi. 1844-cü ildə Bab özünü elan edəndə bir çox yerlərdə, o cümlədən, Ordubadda və Zəngəzurda zühur vaxtına hazırlanmış insanlar ona iman gətirdilər. M.S. Ordubadinin yazdığına görə, onların ardıcıllarının sayı minlərləydi. Beləlikə, Babilik 1844-cü ildə başladı. Tarixçilər buna babilik hərəkatı da deyirlər. Amma əslində babilik bir din idi, çünki Bab özü deyirdi ki, mən peyğəmbərəm, məndən sonra daha böyük bir Məzhərin gəlişini müjdə vermək üçün gəlmişəm. 

Həzrəti Bab Təbrizdə edam ediləndən sonra onun ardıcılları arasında şahın vəzirinin oğlu əsilzadə Mirzə Hüseyn Əli adında bir nəfər Babın işini davam etdirdi. Şaha sui-qəsd cəhdindən sonra - 1852-ci ildən etibarən babilər ciddi şəkildə təqib olunmağa başladılar. Bir çox babini qətlə yetirdilər. Babın məşhur şagirdi Mirzə Hüseyn Əlini isə yoldaşları ilə birgə İraqa sürgün elədilər. O sonradan Bəhaullah ləqəbini götürmüşdü. 1863-cü ildə Mirzə Hüseyn Əli-Bəhaullah elan etdi ki, Həzrəti Babın vədini verdiyi şəxs odur. Həzrət Bəhaullaha iman gətirənlər bəhai adlandırılmağa başladılar və beləcə, Babilik sona yetdi, yerinə Bəhailik gəldi. Və Bəhailik bir din kimi yayılmağa başladı. 1963-cü ildə Bəhaullahın yazılarına və vəsiyyətinə uyğun olaraq, bu dinin davamçıları ali dini, ruhani və inzibati orqan olan "Ümumdünya Ədalət Evini” yaratdılar. Bu gün dünya bəhai icması bu Ədalət Evi tərəfindən idarə olunur. Bəhailər dünyanın 180-dan çox ölkəsində yayılıb. Bəhailərin ana prinsipi dünyanın, bəşəriyyətin birliyidir. Bütün bəhai təlimləri bəşəriyyətin birliyi ətrafında fırlanır. Hər şey buna xidmət edir, hər şey bu kontekstdə izah olunur. Həzrət Bəhaullah buyurur ki, "Birlik çadırı qurulub. Bir-birinizə yadlar kimi baxmayın. Siz hamınız bir ağacın meyvələri, bir budağın yarpaqlarısınız”. Yaxud "Birliyin nuru o qədər güclüdür ki, bütü yer üzün işıqlandırıb nura boyayar”.

"İslam qanunları ilə bəhailiyin qanunları arasında fərqlər var. Bu fərqlər bəşəriyyətin birliyi kontekstində keçərlidir. İslam dövründə biz bəşəriyyətin birliyindən danışa bilməzdik..." 

- Bəhailiyi başqa dinlərdən-xüsusilə bətnindən doğulduğu islamdan fərqləndirən ciddi nələrisə varmı? Onsuz da bütün dinlər bir-birinin davamıdır, təkrarıdır, belədirsə, yeni yanaşma, baxış yoxdursa, yeni dinə yaratmaq cəhdinə nə ehtiyac vardı? 

- Bəhailik bir islam ölkəsində yarandı. Dünyada mövcud olan dinlərdən hansına yaxındır sualı versəniz, təbii ki, cavab islam olar. Amma bu yaxınlıq bütün dinlərdə var. Mən islamla, başqa dinlərlə oxşar və fərqli cəhətlərdən daha çox başqa kontekstdən danışmaq istərdim. Bəhaullahın ana prinsipi bəşəriyyətin birliyidir. Daha bir vacib məqam isə dinlərin birliyidir. Söhbət burda dinlərin süni şəkildə birliyindən getmir. Bu, daha fundamental bir prinsipdir. Allah birdir, bəşəriyyət də birdir. Allahın insanları yönəltmək, istiqamətləndirmək istəyi vəhydir. Vəhyin özü də vahid bir prosesdir. Sadəcə bu prosesin tarixdə müxtəlif adları var. Vəhyin bir mərhələsi krişnaizmdir, o biri mərhələsi zərdüştlükdür, bir mərhələsi yəhudilikdirsə, bir mərhələsi xristianlıqdır. Bir mərhələsi islamdırsa, o biri mərhələsi bəhailikdir. Həzrət Bəhaullah özü buyur ki, "...bütün Peyğəmbərlər Allahın Əmrinin müxtəlif libaslara bürünmüş heykəlləridir. Əgər sən diqqətlə baxsan, görərsən ki, Onların hamısı bir çadırda sakindirlər, bir göydə uçur, bir taxtda əyləşib, bir nitqi söyləyir və eyni bir Dini bəyan edirlər”. Biz vəhy prosesini bu cür başa düşdükdə çoxlu məsələlər öz yerini tutur və ziddiyyətlər aradan qalxır. Dinlər arasında oxşarlıqlar da, fərqlər də var. Zatən fərqlər olmasa, yeni dinə də ehtiyac olmazdı. 

Yeni dinin doğuluşuna o vaxt ehtiyac yaranır ki, insanlar ictimai-sosial təkamüldə yeni mərhələyə çatırlar. Onların ehtiyacları, qabiliyyətləri dəyişir. Qabiliyyətlər inkişaf edir, yeni ehtiyaclar yaranır. Bu ehtiyacları qarşılamaq üçün Allah yeni qanunlar verir. Əvvəlkiləri dəyişir. Yeni din göndərir, ancaq bu, əvvəlki dinin inkarı deyil. Təbii ki, islam qanunları ilə bəhailiyin qanunları arasında fərqlər var. Bu fərqlər bəşəriyyətin birliyi kontekstində keçərlidir. İslam dövründə biz bəşəriyyətin birliyindən danışa bilməzdik. Çünkü, məsələn, Amerika kəşf olunmamışdı, biz bilmirdik ki, yer kürə şəkilindədir. Buna görə də bəşəriyyətin birliyindən danışmaq mümkün deyildi. Elmin, texnologiyanın yaratdığı yeni inkişaf mərhələsi bəşəriyyətin vahid bir orqanizm olduğunu ortaya çıxardı. Bəhailiyin yaranması da bu zərurətdən doğub. 

- Bəhailərin əsas mərkəzinin İsraildə yerləşməsi müəyyən suallar yaradır. Yəqin sizə də belə suallar verilir. Nə düşünürsünüz bu suallar barədə, nə cavab verirsiniz bu suallara?.. 

- Bu sual, doğrudan da tez-tez verilir. Məsələ bundadır ki, Həzrət Bəhaullah Osmanlı imperiyasında məhbus idi və onu İraqdan İstanbula, Ədirnəyə, daha sonra isə 1868-ci ildə İndiki İsrail ərizisində olan Əka şəhərinə sürgün etmişlər. Bu dövrdə İsrail dövləti yox idi və həmin ərazi Osmanlının tərkibindəydi. Həzrət Bəhaullah 1892-ci ildə Əkkada vəfat etdiyi üçün orada dəfn olunub və onun mavzoleyi də Əkka yaxınlığındadır. Bundan başqa Həzrət Babın mavzoleyi İsraildə Hayfa şəhərindədir və bu mavzoley də İsrail dövləti yaranmazdan əvvəl tikilib. Ona görə də Bəhai dininin dünya mərkəzi İsraildə yerləşir və buradan aydın görünür ki, bu məsələlərin İsrail dövləti ilə əlaqəsi yoxdur. Əkka və Hayfa şəhərləri, daha doğrusu, Həzrət Bəhaullah və Həzrət Babın mavzoleyləri bəhailər üçün müqəddəs sayılır və ziyarət obyektləridir. Bu səbəblərə görə də Ümumdünya Ədalət Evi, təbii olaraq, İsraildə yerləşir. Bundan başqa, bu məsələlər əvvəlki dinlərdə olan kəhanətlərin həyata keçməsidir və bu daha geniş mövzudur, daha doğrusu, ilahiyyat məsələsidir ki, istəyənlər araşdıra bilərlər. 

"Hacı Zeynalabdin Tağıyev qızlar məktəbi açmamışdan qabaq bəhailər Balaxanıda qız məktəbi açmışdılar" 

- Azərbaycanda məşhur bəhailərdən kimlərin adını çəkə bilərsiniz? 

- Naxçıvanda bəhailər incidildikdən, təzyiqlərə məruz qaldıqdan sonra Azərbaycanın başqa ərazilərinə üz tutub, orda bəhai icmaları yaradıblar. Bir çox yerlərdə bəhai icmaları olub və indi də var. Bəhailik yayıldıqca bir çox adamlar ora üz tutub. Məsələn, Mikayıl Müşfiqin atası Əbdülqədir İsmayılzadə bəhai olub. Bəhailər maarifçiliyə önəm verdiyinə görə, ziyalılar bu icmaya üz tutarmış. Əbdülqədir İsmayılzadə kasıb uşaqlarına pulsuz dərs verirmiş o vaxt. 

O vaxt Ordubadan gələnlər arasında bir vacib şəxs vardı - Ələkbər Məmmədxanlı. Qori seminariyasında Cəlil Məmmədquluzadə ilə bir yerdə oxuyub. Amma pulu olmadığına və Azərbaycan dilində danışdığına görə onu Qoridən çıxarıblar. O da sonralar gedib Xarkovda Mühəndislik İnstitutunu oxudu. Ələkbər Məmmədxanlı sonradan oldu Ələkbər Naxçıvanlı. Rus, fars və ərəb dillərini mükəmməl bilirdi və Əbdül-Bəhanın Tolstoya məktublarını tərcümə edirdi, göndərirdi. Tolstoy Əbdül-Bəhaya məktublarını Mirzə Ələkbər vasitəsilə çatdırırdı. 

Ələkbər Bakıda ziyalılar arasında bəhaliyi təbliğ edirdi. Ziyalılar bu dinə üz tuturdu. Məsələn, Hüseyn Cavid bəhai idi. Əliqulu Qəmküsar bəhailiyə rəğbət bəsləyənlərdən idi. Sabir bəhai olmasa da, Şamaxıda olanda bəhai məclislərində iştirak edirdi. Balaxanıya gələndən sonra da bəhailər ona dəstək olurdular. Ümumiyyətlə, o dövrlər bəhailər maarifçilik hərəkatına ciddi töhfə veriblər. Hacı Zeynalabdin Tağıyev qızlar məktəbi açmamışdan qabaq bəhailər Balaxanıda qız məktəbi açmışdılar. Musa Nağıyevin bəhai olduğunu yəqin ki çox adam bilir. 

"Tahirə çox cəsarətli qadın olub. Bəzi Qərb tədqiqatçıları hətta onu Janna Darkdan daha üstün qadın hesab edirlər" 

- Səhv etmirəmsə, sizin yazılarınızda bir fikrə rast gəlmişdim: müsəlman dünyasında çadranı ilk atan qadın Tahirə Qürrətüleyn adlı azərbaycanlı xanımdır. Bu fikri təsdiq edən mənbələr varmı? 

- "Tahirə tarixdə” kitabı var, Amerikada nəşr olunub. Tahirə haqqında elmi araşdırmaların məcmusudur. Tahirə ABŞ-da, Pakistanda, İranda daha çox araşdırlıb, nəinki Azərbaycanda. Bizdə heç kim buna cəhd eləməyib. Təkcə Əzizə Cəfərzadə "Zərrintac-Tahirə" adlı bir roman yazıb. Tahirə Qəzvin türküdür. Bir çox tədqiqatçılar onun türk olduğunu öz araşdırmalarında qeyd edirlər. O, bütövlükdə İran qadınlarının səsi idi. Üç dildə, ərəb, fars, Azərbaycan dillərində bədahətən şeirlər deyirdi. Babın özünü görmədən ona iman gətirmişdi. Onun əsl adı Səlimədir. Tahirə adını ona Həzrət Bəhaullah verib. 1848-ci ildə babilərin toplatısında Tahirə ilk dəfə çadranı atır və buna görə onu qınayır, ismətini şübhə altına alırlar. Belə olduqda Həzrət Bəhaullah onun təmizliyini və iffətini göstərmək üçün ona "Tahirə” adı verir ki, bu "pak” deməkdir. 

Həmin tədbirdə o çoxsaylı kişilərin arasında yeganə qadın idi. O kişilərin arasına üzü açıq çıxır. Hətta babilər də bu addımı düzgün anlamırlar. Amma o çox cəsarətli qadın olub. Bəzi Qərb tədqiqatçıları hətta onu Janna Darkdan daha üstün qadın hesab edirlər. Onun bənzəri tarixdə çox azdır. Zəkanın, imanın, gözəlliyin və cəsarətin ö dövrdə bir qadında birləşməsi nadir rast gəlinən şeydir. Tahirədə bunların hamısı vardı. Təəssüf ki, onu 1852-ci ildə Tehranda "İdelxani” adlanan bağda boğub öldürürlər. Son sözü də bu olub ki, məni öldürə bilərsiniz, ancaq qadınların azadlığının qarşısını heç vaxt ala bilməyəcəksiniz. Sonradan rus yazıçısı İzabella Qrinevskaya "Bab” adlı pyes yazdı. Tahirə də həmin pyesin əsas qəhrəmanlarından biridir. Həmin pyes Moskvada, Londonda, Sankt-Peterburqda tamaşaya qoyuldu. Hətta Sankt Peterburq truppası həmin tamaşanı 1907-ci ildə Bakıda da oynadı. 

Azərbaycanda bəhailərin sayı nə qədərdir? 

- Dediniz, vaxtilə Azərbaycanda bəhailərin sayı çox olub. İndi vəziyyət necədir?  

- Biz statistika aparmırıq. Təbii ki, icmanın böyük hissəsi var ki, onlar icmanın inzibati sistemində iştirak edirlər. Amma bəhai icmasının bir xüsusiyyəti budur ki, biz bəhai ilə qeyrilərinə fərq qoymuruq. Bizim üçün biz, siz, onlar anlayışı yoxdur. Bütün hallarda bəhai icmasının üzvləri yüzlərlə deyil, minlərlədir. Bizim əsas işimiz və məqsədimiz də hansısa ayinlər icra etmək deyil. Bəhailikdə dini ibadət fərdidir. Bizim əsas məqsədimiz dünyanın yaxşılaşdırılmasına, cəmiyyətin inkişafına töhfə vermək üçün biliyimizi genişləndirmək, qabiliyyət və bacarıqlarımızı inkişaf etdirmək və bunu dinindən asılı olmayaraq hər kəslə etməkdir. 

- Ramazan müəllim, sizcə Azərbaycanda dövlət-din münasibətləri hansı səviyyədə qurulub? Hökümət dini icmalarla hansı səviyyədə işləyir? 

- Məncə, yüksək səviyyədədir. Xüsusilə Dini Komitə bu sahədə çox fəal iş aparır. Dini icmaların bir-birinə yaxınlaşması, tolerantlıq, multikulturalizm kontekstində çox yaxşı, nümunə ola biləcək mühit var. Bu da icmaların inkişafına çox yaxşı şərait yaradır. Ancaq şəraitin yaradılması ilkin addımdır. Bu ölkənin mənəvi həyatını daha da zənginləşdirmək istiqamətində davamlı dialoq, gerçək diskurs və məşvərət olmalıdır.

- Sizcə, elmin, texnologiyanın bu səviyyədə inkişaf etdiyi, baxışların, yanaşmaların dəyişdiyi indiki dövrdə dini söhbətlərə, baxışlara hacət varmı?

- Bu, yaxşı bir sualdır. Doğrudan da indiki zamanda dinin yeri və rolunu özümüz üçün bir daha müəyyən etməliyik. Bildiyimiz kimi, elm və din iki bilik sistemi olub insanlığın inkişafı üçün zəruri bilik və baxışları, praktika və dəyərləri verir. Elmin rolu aydındır və bu gün dünyanı elmi nailiyyətlərsiz və texnologiyasız təsəvvür etmək mümkün deyil. Bəs din? Necə ki elm elmdir, o cür də din dindir. Elmi necə qəbul ediriksə, dini də o cür qəbul etməliyik. Daha dəqiq desək, bütün insanlar üçün bir elm olduğu kimi, hamı üçün də əsində bir din vardır. Elm yeniləndiyi və inkişaf etdiyi kimi, din də yenilənir, dini təfəkkür də inkişaf edir. Dinlə bağlı problem onu ehkamlara əsir edib dəyərdən salan yanaşmadır ki, bu da onu canlılıqdan və həyat gücündən məhrum edir, intellektual kəsimdə ikrah yaradır, onu mövhumatla eyniləşdirməsinə yol açır. Dini həqiqət nisbidir. Ehkamçılıq bu nisbiliyi rədd edərək həqiqət barədə nisbi və natamam olan bir konsepsiyanı bütün bəşəriyyət və bütün dövlər üçün mütləq və dəyişməz olan bir sistemə çevirmək istəyir. Problem məhz burda başlayır. Əslində elm və din gerçəkliyi qavramağın və təsvir etməyin iki yoludur. Onları bir-birinə qarşı qoymaq olmaz, onlar bir-birini tamamlayır. Bəhailər inanırlar ki, din də müasir tələblərə cavab verməlidir. Ona görə də din də yenilənir. Amma bu yenilənməni insanlar edə bilməzlər. Din Allahdan olduğu üçün onu da ancaq O yeniləyə bilər və bu vəhy vasitəsilə baş verir. Bəhai dini bu yenilənmənin, yəni kəsilməz Vəhy prosesinin indiki mərhələsidir. 

İnsanlığın sosial təkamülündə yeni mərhələ başlayıb və bəhai dini təlimləri, bizim inancımıza görə, məhz bəşəriyyətin bugünkü ehtiyaclarını ödəmək, problemlərini həll etmək üçün göndərilib. Bəşəriyyət öz inkişafında körpəlik, uşaqlıq və yeniyetməlik dövrlərini arxada buraxıb və artıq yetkinliyin astanasındadır. Ona görə də ona yeni bilik, baxış və münasibətlərini tənzimləyən yeni qanunlar lazımdır. İnsanlığın uşaqlıq yaxud yeniyetməlik dövrünə xas davranışı onun yetkinlik dövründə adekvat deyil. "İnsanların könül quşlarına yeni uçuş öyrətmək lazımdır”. Həzrət Bəhaullah buyurur ki, "Bütün insanlar hər zaman inkişaf edən sivilizasiyanı irəlilətmək üçün yaradılıblar”.

Bu mənada ədəbiyyat və incəsənət də istisna deyil. Bu gün əslində çox şey dalandadır. Konkret olaraq bizdə elmdə də, ədəbiyyatda da, kinoda da yeni üfüqlər açmaq mümkündür. Bunun üçün epoxanın ruhunu tutmaq lazımdır. İstənilən sahədə nə qədər alicənablıqla işə başlasaq da, nə qədər fədakarlıq göstərsək də, bütün bunlar bəşəriyyətin birliyi kontekstində deyilsə, bəşəriyyətin birliyi üfüqünə baxmırsa, ikinci, üçüncü addım dalandır. Bugünkü ədəbi prosesləri az-çox izləyirəm. İstedadlı adamlar var. Həyatın müxtəlif anlarını gözəl, orjinal şəkildə göstərən epizodları görmək olur. Amma ideya yoxdur. İkincisi də işıq azdır. Əsərdə işıq yoxdursa, o çətin ki ədəbiyyat olsun. Gerçəklik eşqi ilə ədəbiyyatı, ədəbi mühiti qaranlıqla doldurmaq yanlışdır, zərərlidir. Bəşəriyyət özünün yetkinlik yaşına çatması ərəfəsində ikən ədəbiyyat da yəqin ki libasını dəyişməlidir. İnsanın özünü tanımasında yeni mərhələ başlayıb. Bu mərhələnin nə gətirdiyini və insanların ruhi ehtiyaclarını şüurlu və ya intuitiv olaraq necə ödəməyə çalışmalarını, çabalarını təsvir etmək üçün, yəqin ki ədəbiyyat da özünə yenidən baxmalıdır. Bügünkü insanın tələbatı başqadır. Həzrət Bəhaullahdan yenə bir sitat gətirim: "Hər şeyi bilən Həkimin əli dünyanın nəbzi üzərindədir. O, dərdi görür və qüsursuz hikməti ilə dərman verir. Hər günün öz müşkülü var, hər başın öz sevdası. Bugünkü dərdin bir dərmanı var, sabahkının başqa bir dərmanı. Yaşadığınız günün dərdlərinə baxın və onun ehtiyac və tələblərindən danışın”.

Ağa Cəfərli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->