Beynəlxalq Su Agentliyi (IWA) tərəfindən dekabrın 4-ü Ümumdünya Su İtkisi Günü elan edilib. IWA içməli su paylama sistemlərində su itkilərinin böyük problemləri və bununla mübarizəyə daha ciddi yanaşma ehtiyacını diqqətə çatdırmaq üçün 2021-ci ildə bu təşəbbüslə çıxış edib.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat xidmətindən Qaynarinfo-ya bildirilib ki, hesablamalara görə, dünya üzrə içməli su təchizatı şəbəkələrindəki su itkiləri hər gün 346 milyard litrə çatır. Su itkisini ən azı 30% azaltmaq, 800 milyon insanın içməli su ilə təmin edilməsi üçün kifayət qədər qənaət təmin edir.
"Dünya Su İtkisi Günü və bundan sonrakı dövrdə, su təsərrüfatı şirkətləri sızmanın azaldılması strategiyalarının effektivliyini və davamlılığını yenidən nəzərdən keçirməlidirlər. Müştəri xidmətlərinin yaxşılaşdırılması və israfın qarşısının alınması ilə yanaşı, suyun qiymətli və məhdud bir resurs olduğuna daha çox diqqət yetirilməlidir. Bu, xüsusilə iqlim dəyişikliyinin ətraf mühitimizə təsiri və su təsərrüfatlarının karbon sıfır hədəfinə çatmaq yönündə səyləri nəzərə alındıqda daha da əhəmiyyət qazanır.
Su İtkisi Günü səviyyəsində təqdim olunan su itkisinə qarşı mübarizəyə hər birimiz qoşulmalıyıq.
- Su itkisi zamanı başqaları da susuz qalmaq məcburiyyəti yaşayır.
- Su itkisi zamanı istehlakçı qurum sizə xidmət göstərə bilmir.
- Su itkisi zamanı dünyada hər gün sürətlə azalan içməli suyun faciəvi həddə çatmasına yardımçı oluruq.
- Damlalarla su axıntısı sutkada 24 litr, ayda 720 litr su itkisi deməkdir.
- Duş almağı 1-2 dəqiqə qısaltmaqla ay ərzində su sərfini 550 litr azaltmaq olar.
- Dişləri fırçalayarkən kranı bağlamaqla ayda 45 litr su qənaət olunur.
- Təraş olunarkən kranı açıq saxladıqda ayda 40 litr su itkiyə gedir.
- Meyvə və tərəvəzlərin su şırnağı əvəzinə su ilə dolu qablarda yumaq daha səmərəlidir
- Paltaryuyan maşın işləyərkən 100-180 litr su istifadə olunur. Bu əl ilə yumaqla müqayisədə dəfələrlə azdır.
- Donmuş ərzağın su şırnağı altında donunun açılması böyük miqdarda su itkisi yaradır
- Zərurət olmadıqda yuyunarkən vannadan deyil, duşdan istifadə etmək lazımdır.
- 5 dəqiqə duş qəbuluna 50 litr, vannanın doldurulmasına 200 litr su tələb olunur.
Su itkisinə şərait yaratmayın. Su itkisi halları, su xətlərində qəza hadisəsi ilə rastlaşdıqda, zəhmət olmasa, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə xəbər vermənizi xahiş edirik.
Əziz abonentlər həmrəy olaq. Su itkisinin qarşısını almaq üçün qarşılıqlı şəkildə birgə fəaliyyət göstərək. Hər damla suyun qədrini bilək, gələcəyimizi xilas edək!", deyə qurumdan bildirilib.
Şərhlər