İsrail öz ərazisinə İran raketlərinin kütləvi hücumuna cavab variantlarını nəzərdən keçirərkən, ABŞ rəsmiləri onu diqqətini hərbi məqsədlərə yönəltməyə çağırır. Tehrandakı nüvə obyektlərinə zərbə rejimin özünə qarşı hücum kimi qəbul edilə bilər və neft müəssisələrinin atəşə tutulması neftin qiymətinin qalxmasına səbəb ola bilər. Amma Vaşinqtonun Təl-Əvivdəki təsiri zəifləyir və ABŞ digər G7 ölkələrini danışıqlara cəlb edir.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Moscow Times”
yazır.
Qərb ölkələri münaqişənin Yaxın Şərqdə genişmiqyaslı müharibəyə çevrilməsinin qarşısını almağa çalışır. İran, Tehranın dəstəklədiyi "Hizbullah" hərəkatının lideri Həsən Nəsrullahın ölümünə səbəb olan Livanı bombalamasına cavab olaraq çərşənbə axşamı İsrailə yüzlərlə raket zərbəsi endirib. ABŞ prezidenti Co Bayden bəzi İsrail siyasətçilərinin İranın nüvə obyektlərinə zərbələr endirməklə hücumuna cavab vermək çağırışlarına dəstək olub-olmayacağı ilə bağlı suala "yox” cavabını verib.
"Bloomberg” xəbər verir ki, bu arada G7 eskalasiyanı dayandırmaq üçün bəyanat hazırlayır.
"Biz İsraillə onların nə edəcəyini müzakirə edəcəyik. Yeddimiz hamımız razıyıq ki, onun cavab vermək hüququ var, lakin bu cavab mütənasib olmalıdır”, deyə Bayden G7 liderləri ilə məsələni müzakirə etdikdən sonra bildirib.
"Nüvə obyektlərinə zərbələr Tehranda rejimin özünə qarşı hücum və onun əsaslarını sarsıtmaq cəhdi kimi qəbul edilə bilər və bu, müvafiq cavab tələb edəcək və "bütün tərəfləri eskalasiya spiralına sürükləyəcək”, deyə keçmiş yüksək rütbəli xüsusi xidmət orqanının rəsmisi və hazırda Atlantik Şurasının əməkdaşı Conatan Panikoff "Financial Times”a danışıb.
FT vəziyyətlə tanış olan insanlara istinad edərək yazır ki, Birləşmiş Ştatlar və digər Qərb ölkələri İsraili İrandakı hərbi hədəflərə diqqət yetirməyə çağırıb, lakin etiraf edirlər ki, son zamanlar onların təsirləri zəifləyib, İsrail hakimiyyəti özünü daha inamlı hiss edir və bu, İrana qarşı strateji mübarizədə onlara xal gətirəcəksə, müəyyən hərbi və siyasi qurbanlar verməyə hazırdırlar. Onların sözlərinə görə, Təl-Əviv raket buraxılış qurğularına və neft infrastrukturuna hücumlar da daxil olmaqla bir neçə hərəkət variantını təhlil edir. Qəzetin mənbələrindən biri bildirib ki, hazırda nüvə obyektlərinə qarşı tədbirlər nəzərdən keçirilmir.
Panikoff deyir ki, Vaşinqton həmçinin neft yataqlarına hücumların İranı Amerika neft şirkətlərinin və Fars körfəzindəki ABŞ-la dost ölkələrin yataqlarına hücum etməyə təşviq edəcəyindən narahatdır. Bu, ABŞ-da keçiriləcək prezident seçkilərinə cəmi bir ay qalmış neftin bahalaşmasına səbəb olacaq.
Nizami Bağırov
Şərhlər