Xəbər lenti

ABŞ Suriyanı götürür? - Pentaqon qoşunlarını iki dəfə artırdığını bildirdi
Dünya 16:29 20.12.2024

ABŞ Suriyanı götürür? - Pentaqon qoşunlarını iki dəfə artırdığını bildirdi

Amerika Birləşmiş Ştatları Suriyada terrorçu İŞİD qruplaşması ilə mübarizə üçün öz qoşunlarının sayını iki dəfədən çox artırıb.  

Qaynarinfo xəbər verir ki, bu barədə AP agentliyi, ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi general-mayor Pet Rayderin sözlərinə istinadən məlumat yayıb.  

Rayderin sözlərinə görə, Suriyadakı Amerika hərbçilərinin sayı təxminən 2000 nəfərdir.  

O, əlavə edib ki, əlavə qüvvələr Suriyada "ən azı bir neçə aydır" yerləşdirilib və bu artım nə Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılması, nə də "İslam Dövləti" ilə bağlı hücumların artması ilə əlaqəlidir.  

Rayder bu məxfiləşməni "diplomatik məqsədlərlə" və məsələnin həssaslığı ilə izah edib.  

Amerika müdafiə idarəsinin nümayəndəsi vurğulayıb ki, "gələcəkdə qoşunların sayında əlavə dəyişikliklər" planlaşdırılmır.  

Bununla belə, agentlik qeyd edir ki, bu vəziyyət dəyişə bilər, çünki yeni seçilmiş prezident Donald Tramp Suriyada ABŞ qoşunlarının iştirakının genişləndirilməsinə dəstək vermədiyini bildirib.  

Rayder əlavə edib ki, qüvvələrin artımı müvəqqətidir və onlar ABŞ-ın İŞİD qruplaşmasına qarşı əməliyyatlarını gücləndirmək məqsədilə yerləşdirilib.  

Onun sözlərinə görə, əlavə qoşunların əsas hissəsini ABŞ ordusunun adi hərbi qüvvələri və xüsusi əməliyyat qüvvələri təşkil edir.  

Agentlik əlavə edib ki, 19 dekabradək Pentaqon Suriyadakı ABŞ hərbçilərinin sayının 900 nəfər olduğunu israrla bildirirdi.  

Dekabrın 9-da ABŞ Suriyada İŞİD terrorçu qruplaşmasına məxsus obyektlərə onlarla hava zərbəsi endirib.  

Daha əvvəl ABŞ dövlət katibi Blinken Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşərək iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması və Suriyadakı son hadisələri müzakirə edib.  

Ağ Evdə həmçinin Əsəd rejimini devirən Suriya üsyançıları ilə ilk əlaqələr qurulub və onları ölkə üçün inklüziv keçid hökuməti təşkil etməyə çağırıblar.  

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->