Xəbər lenti

ADY-nin rəqəmsallaşması proseslərin daha şəffav, sürətli və dəqiq olmasına kömək edir (RƏYLƏR)
Ekonomiks 10:55 17.10.2019

ADY-nin rəqəmsallaşması proseslərin daha şəffav, sürətli və dəqiq olmasına kömək edir (RƏYLƏR)

Nəqliyyatın idarə edilməsində rəqəmsal texnologiyaların tətbiqi və infrastrukturun elektronlaşdırılması müasir dövrdə dünya ölkələri qarşısında duran əsas çağırışlardandır.

Bu, əlverişli qeosiyasi mövqeyindən istifadə etməklə bir sıra beynəlxalq nəqliyyat dəhlizlərinin mərkəzinə çevrilən və nəqliyyat habı rolunu öz üzərinə götürən Azərbaycana və onun dəmir yollarına da şamil edilir.

Bəs, Azərbaycan Dəmir Yolları bu çağırışlara nə dərəcədə effektiv formada cavab verir və informasiya-kommunikasiya texnologiyaları bu sektora nə dərəcədə siraət edib?

Məsələni "Finans.az"a şərh edən "Azərbaycan Dəmir Yolları" QSC-nin İnformasiya Texnologiyaları Departamentinin rəisi Davud Əliyev İnformasiya-Kommunikasiya Texnologiyalarının imkanlarından istifadənin qatarların online izlənilməsinə və bu kimi digər funksionallığın əldə edilməsinə şərait yaratdığını deyib:

"Müasir İKT-nin imkanlarından istifadə, məlumatların daha dəqiq olması ilə müştərilərin vaxtına qənaət edilməsi, ölkələrarası inteqrasiya nəticəsində məlumatların daha sürətli və daha dəqiq ötürülməsi, planlamanın düzgün və zamanında edilməsi, qatarların online izlənilməsi və s. kimi funksionallığın əldə edilməsinə şərait yaradır".

"Müştəri kassaya gəlmədən, istənilən yerdə, istənilən vaxtda biletlərlə bağlı məlumaları əldə edərək, bilet ala bilər”
 

"Bildiyiniz kimi, rəqəmsallaşmanın olması üçün buna uyğun infrastrukturun mövcud olması şərtdir, buna görə də fiber optik xətlərin dəmir yolu infrastrukturu boyunca çəkilməsi vacibdir. Bunun nəticəsində dəmir yolunun daxili şəbəkəsi gücləndirilir ki, bu da proqram təminatı vasitələrindən istifadəni, proseslərin avtomatlaşdırılmasını, habelə IT avadanlığı üçün platformanı mümkün edir. Əlavə olaraq, sərnişinlərin internetdən rahat istifadəsi də, müştəri məmnuniyətinin artmasına səbəb olur.

Online bilet satışının tətbiqi birbaşa müştəri məmnuniyətinin artmasına səbəb olan amillərdəndir. Belə ki, müştəri kassaya gəlmədən, istənilən yerdə, istənilən vaxtda biletlərlə bağlı məlumaların əldə edərək bilet ala bilər. Burada sərnişin vaxtına qənaət etməklə yanaşı, şəxsi kabinetinə daxil olub, daha öncədən etdiyi əməliyyatları və tarixçəni də görə bilir. Bütün bunlarla yanaşı, kağız sərfiyyatına qənaət etməklə, təbiəti də qorumuş oluruq.

Dəmir yolunda olan Yük Daşımaları, Sərnişin Daşımaları, Hərəkətin Təhlükəsizliyi, İnsan Resursları, Maliyyə, Təchizat və s. kimi sahələrin proseslərinin avtomatlaşdırılması davam etməkdədir. Bununla da, sərnişin və yük daşıma proseslərinin avtomatlaşmasına şərait yaratmaqla, bu proseslərin daha şəffaf, sürətli və dəqiq olmasına kömək edir", - Davud Əliyev vurğulayıb.



İnnovasiya texnologiyalarının və proseslərinin öyrənilməsi, yaradılması, tətbiqi və tədrisi kimi işlərdə 10 ilə yaxın peşəkar təcrübəyə malik olan Şəbnəm Məmmədovaya görə, dəmir yolu daşımalarının rəqəmsal transformasiyası daşımaların çatdırılmasının sürətliliyinin, çevikliyinin və vaxt standartlarının təmin olunmasında əsas meyarlardan biri hesab olunur:

"Nəqliyyatın rəqəmsallaşması və dəmiryol daşımalarında texnologiyaların tətbiqi nəqliyyat sektorunda dünyada gedən aparıcı tendensiyalardan biridir. Bugünkü dünyamızda dəmir yolları daşımalarının rəqəmsal transformasiyası daşımaların çatdırılmasının sürətliliyinin, çevikliyinin və vaxt standartlarının təmin olunmasında əsas meyarlardan biri hesab olunur. Dəmiryol daşımalarında rəqəmsal transformasiya bir neçə mühüm elementi özündə ehtiva edir ki, bunlar qatarların idarəolunması, informasiya sistemi, naviqasiya təminatı, hərəkətlərin avtomatlaşdırılmış formada təşkili və başqalarıdır. Burada əsas rəqəmsallaşma göstəricilərindən biri qatarların hərəkətinin yoxlanılması və idarə olunması üzrə rəqəmsal texnologiyaların tətbiqidir. Transformasiya prosesində eyni zamanda proseslərin avtomatlaşdırılmasından əlavə, dəmir yolu üzrə göstərilən xidmətlərin də rəqəmsal təşkilindən söhbət gedir".

"Bu gün hər bir təşkilatın və bizesin uğuru onun texnologiyaları öz fəaliyyətində hansı formada tətbiqi ilə ölçülür”
 

Ekspert qeyd edib ki, transfromasiya nəticəsində ləngimələr tənzimlənir, rahat, əlçatan xidmət alan və vaxtında daşıma əməliyyatları nəticəsində müştəri məmununluğu və bununla da təşkilatın gəlirliliyi əhəmiyyətli dərəcədə artır: "Dəmir yollarının rəqəmsalaşması üzrə əsas göstəricilərdən biri müştərilərin 24/7 rejimində istənilən yerdən istədiyi xidmətə çıxış imkanının olmasıdır. Eyni zamanda müştəri məlumatlarının qoruması məqsədi ilə nəqliyyatının təşkilində qabaqcıl rəqəmsal texnologiyalardan istifadə kibertəhlükəsizliyin yüksək səviyyədə təmin olunmasını və kibertəhlükələrdən qorunmanı tələb edir. Bu prosesdən kənarda qalan təşkilatlar tədricən rəqabətlilik göstəriciləri ilə mövqələrini zəiflədəcəklər və zaman keçdikcə isə ümumiyyətlə, mövcudluqları sual altında olacaq. Bu gün hər bir təşkilatın və bizesin uğuru onun texnologiyaları öz fəaliyyətində hansı formada tətbiqi ilə ölçülür. Texnologiyaları öz fəaliyyətlərində nəzərə almayan təşkilatların uğuru ən geci 5 ildən sonra mümkünsüz görünəcəkdir".



Məsələyə münasibət bildirən nəqliyyat üzrə ekspert Azər Allahverənov rəqəmsallaşma prosesinin nəticə etibarı ilə Azərbaycan dəmir yollarında xidmət keyfiyyətinin, bununla da istehlakçı məmnunluğunun artırılmasına xidmət etdiyini deyib:

"Dəmir yollarında tətbiq edilən istənilən yeniliklərin texnoloji cəhətdən uğurlu icrası bilavasitə istehlakşılara göstərilən xidmətdə özünü göstərməlidir. Söhbət təkcə sərnişin daşımadan getmir, burada söhbət rəqəmsal idarəetmədən gedir ki, bu da bilavasitə yükdaşımalara şamil olunan bir məsələdir. Belə ki, bu gün ən vacib məsələ yüklər üzərində nəzarətin tətbiq edilməsidir. Yəni yükü göndərən, onun daşınmasını həyata keçirən və yükü qəbul edən tərəflər var. Bu zaman mütləq deyil ki, bu, hansısa dövlət olsun. Bu bir neçə dövlətin daşıyıcı şirkətləri də ola bilər. Əgər bu yüklərin dəmir yolu vasitəsilə daşınma prosesi baş verirsə, onda təbii ki, bu zəncirdə olan bütün iştirakçılar maraqlıdırlar ki, yük üzərində nəzarəti təkmil şəkildə qura bilsinlər. Bu, ən azından bütün tərəflərin üzərinə götürdüyü öhdəliklərin vaxtında yerinə yetirilməsinə, işlərin planlaşdırılmasına şərait yaradır. Yəni daşınan yükün hansı yerdə və mərhələdə olduğunu real vaxt rejimində izləyə bilirlər. Bu da rəqəmsal texnologiyaların tətbiqi nəticəsində, o cümlədən GPS naviqasiya sistemi ilə təchiz edilən Elektron kilidlərdən (Elektron plomb) istifadə etməklə mümkün olur.

"Bu zaman xidmətlərin təkmilləşdirilməsi istiqamətində mühüm mənbə hesab edilən qurumla xidmət istehlakçıları arasında vahid platforma üzərində effektiv əks əlaqə (feedback) sisteminin qurulması mühüm əhəmiyyət kəsb edir”
 

Ekspert əlavə edib ki, bu, eyni zamanda sərnişin daşımalara da şamil edilən bir haldır: "Məsələn, ölkənin hüdudları daxilində və ya ondan kənarda hərəkətdə olan qatarda səyahət edən bir yaxınınız haqqında məlumat almaq üçün onunla mobil rabitə vasitəsilə əlaqə saxlamaq mütləq deyil. Telefona yüklənən xüsusi tətbiq vasitəsilə real vaxt rejimində həmin şəxsin hansı qatarda, marşruturn hansı hissəsində olması və təyinat ünvanına nə zaman çatacağı barədə detallı məlumat əldə etmək mümkündür. Ümumiyyətlə, bütün münasibətlərin istər biletlərin elektron satışı, istər dəmir yolu sahəsində göstərilən digər xidmətlərin yaxşılaşdırılması üçün nəzərdə tutulan hər hansı tətbiqlərin işə salınması vətəndaş məmnunluğunun təmin olunması ilə nəticələnməlidir. Bu zaman xidmətlərin təkmilləşdirilməsi istiqamətində mühüm mənbə hesab olunan xidməti təqdim edən qurumla istehlakçılar arasında vahid platforma üzərində effektiv əks əlaqə (feedback) sisteminin qurulması mühüm əhəmiyyət kəsb edir. Hesab edirəm ki, rəqəmsallaşma səviyyəsinin artırılması dəmir yollarında iş prosesini optimallaşdırılmağa, vəsaitlərə və zamana qənaət etməyə, dəmir yolu infrastrukturun rəqabət üstünlüklərini və ötürücülük qabiliyyətini artırmağa təkan verir. Bütün bunlar nəticə etibarı ilə xidmət keyfiyyətinin, bununla da istehlakçı məmnunluğunun artırılmasına xidmət edir”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->