Dünya 16:19 21.11.2022

Aİ Rusiyadan yan keçəcək yeni nəqliyyat dəhlizlərinin tikintisində iştirak etməyə hazırdır - Borrel

Avropa İttifaqı Rusiyadan yan keçərək region ölkələri ilə ticarətə başlamaq üçün Mərkəzi Asiyaya nəqliyyat dəhlizlərinin tikintisində iştirak etməyə hazırdır.

Qaynarinfo xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josef Borrell rəsmi bloqunda yazıb.

"Aydındır ki, region öz münasibətlərini şaxələndirməyə çalışır və Avropa İttifaqına əsas tərəfdaşı kimi baxılır", deyə Borrell qeyd edib.

Eyni zamanda o, Rusiya və Çinin "regionda mühüm rol oynadığını və oynamağa davam etdiyini” vurğulayıb. Amma region ölkələri müxtəlif islahat proqramları həyata keçirir, bir-biri ilə münasibətləri yaxşılaşdırır: "Biz bu dəyişikliklərdən istifadə etməkdə maraqlıyıq".

Onun sözlərinə görə, Mərkəzi Asiyanın böyük potensialı enerji və "kritik xammal” təchizatı ilə bağlıdır. Aİ-dən Mərkəzi Asiyaya yeni nəqliyyat dəhlizləri çərçivəsində o, xüsusilə Transxəzər nəqliyyat marşrutunu nəzərdə tutur. O, noyabrın 16-17-də Qazaxıstana səfəri zamanı onun inkişafını müzakirə edib.

Mərkəzi Asiya ölkələrinə Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistan daxildir. Türkmənistandan başqa bütün ölkələr Rusiya ilə birgə KTMT hərbi blokunun bir hissəsidir. Ukraynada müharibə başlayandan sonra xarici işlər naziri Sergey Lavrov Rusiyanın Orta Asiya respublikaları ilə strateji tərəfdaşlığından danışıb. "Bizim əməkdaşlığımız hər şeyi əhatə edir", deyə Lavrov vurğulayıb.

Mərkəzi Asiya ölkələri Rusiyaya qarşı tətbiq edilən beynəlxalq sanksiyalara formal olaraq qoşulmayıb, amma faktiki olaraq onları həyata keçirirlər. "Sanksiyalar sanksiyalardır, biz onları pozmamalıyıq, xüsusən ona görə ki, sanksiyaların pozulması halında Qərbdən bizim iqtisadiyyatımıza ikinci dərəcəli sanksiyalar tətbiq ediləcəyi barədə bildirişlər alırıq”, deyə Qazaxıstan Prezidenti Kasım-Comart Tokayev ümumi mövqeyi açıqlayıb. Bununla belə, o, Qazaxıstanın "heç bir halda müttəfiqlik öhdəliklərindən imtina etmədiyinə” bildirib.

Bu bəyanatdan sonra Rusiya Qazaxıstandan Novorossiysk limanı vasitəsilə Avropaya ixrac edilən neftin daşınmasını bir neçə dəfə dayandırıb. Bunun fonunda Tokayev hökumətə ixrac, eləcə də malların çatdırılması üçün alternativ yollar tapmağı tapşırıb.

Nizami Bağırov