Xəbər lenti

Rusiyada onları həbs cəzası gözləyir: Bəs Azərbaycanda? (ŞƏRH)
Dünya 15:56 10.10.2019

Rusiyada onları həbs cəzası gözləyir: Bəs Azərbaycanda? (ŞƏRH)

"Ailə məcəlləsinə əsasən, Azərbaycanda alimentin minimum həddi yaşayış minimumu ilə götürülüb".

 

Bu sözləri Qaynarinfo-ya hüquqşünas Cavid Rzazadə ölkəmizdə aliment ödənişi ilə bağlı qanunlar və ödənişdən yayınanları gözləyən cəzalarla bağlı açıqlamasında bildirib.

 

Hüquqşunas şərhində qeyd edib ki, alimentin ödənilməməsi ilə bağlı nə İnzibati Xətalar, nə də Cinayət Məcəlləsində ayrıca bir maddə var:

 

"Sadəcə, hər iki məcəllədə məhkəmə qərarını icra etməməklə bağlı bənd var. İnzibati Xətalar məcəlləsinə əsasən, 1 aya qədər həbs cəzası nəzərdə tutulub. Bununla bağlı olaraq Konstitusiya məhkəməsinin premium qərarı da var ki, vətəndaş cinayət məsuliyyətinə cəlb olunmamışdan əvvəl gərək 1 dəfə inzibati məsuliyyətə cəlb oluna. Vətəndaş bir dəfə alimenti ödəmədikdə inzibati məsuliyyətə cəlb olunur, haqqında inzibati xəta ilə bağlı protokol yazılır və 1 aya qədər həbs tədbiq olunur. Bundan sonra isə, borcu yenə ödəmədikdə artıq məhkəmə qərarını qəsdən icra etməməklə bağlı Cinayət Məcəlləsinə cəlb olunur. Bu təqdirdə isə 3 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur".


Cavid Rzazadə aliment ödənişlərinin hansı üsulla həyata keçirildiyini də izah edib:


"Ödəmə istənilən qaydada həyata keçirilə bilər. Nağd formada əldən-ələ də verilə bilər. Ancaq belə formada ödəniş olanda, alimenti ödəyən şəxsin əlində ödədiyinə aid sənəd olmur. Gələcəkdə alimenti alan tərəf almadığını iddia edə bilər. Bütün bunları nəzərə alaraq təcrübədə iki üsuldan istifadə edilir. Aliment alan tərəf bank hesabı açır və hesabı icra qurumuna təqdim edir və ödənişlərinin bu bank hesabı vasitəsi ilə həyata keçirilməsini təmin etməkdə köməklik istəyir. İcra orqanı da aliment ödəyən tərəfə hesabı verir və ödəniş bu yolla həyata keçirilir. Bu üsuldan istifadə edən vətəndaş illər sonra da o bankdan ödənişə dair sənədi çıxara bilər ki, bu qədər ödəniş etmişəm.


Digər üsul isə, əgər aliment borcu böyük məbləğdə yığılıbsa, hətta məsuliyyətə cəlb olunma ərəfəsindədirsə, pulu nəğd ödəyə bilər. O zaman isə alimenti alan tərəf qəbz verə bilər ki, aliment borcunu aldım və filan tarixə qədər olan müddətdə aliment borcu qalmayıb. Yəni, ödəniş ya qəbz ilə olur, ya da bank hesabı üsulu ilə".


Qeyd edək ki, Rusiyanın Ədliyyə Nazirliyi qanunvericilikdə sərt dəyişikliyi nəzərdən keçirir. Qərara əsasən, alimenti ödəməyən valideynləri həbs cəzası gözləyir. Aliment ödəyicisi real səbəb olmadan ödənişi etməsə, həbs cəzası ilə üzləşəcək.Qanun dəyişikliyi həmçinin fiziki məhdudiyyətli valideynlərini, ailə üzvlərini köməksiz qoyan şəxsləri də həbslə cəzalandırmağı nəzərdə tutur. Nazirliyin məlumatına görə, qərar qüvvəyə minəndən sonra minlərlə vətəndaşın haqları müdafiə ediləcək.


Röya Kərimli

Qaynarinfo

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->