Xəbər lenti

Almaniyadakı terroru törədən şəxs İslam düşməni imiş (DETALLAR)
Dünya 12:45 26.12.2024

Almaniyadakı terroru törədən şəxs İslam düşməni imiş (DETALLAR)

Qaynarinfo "İndependent Türkce"yə istinadla  "İŞİD-çi zənn edilən, lakin İslam düşməni çıxan Noel bazarı hücumçusu Talib Abdulmuhsin" məqaləsini təqdim edir.

Dünya Yeni ilə coşqu ilə girməyə hazırlaşarkən 20 dekabr axşamı Almaniyadan gələn xəbər bir çox insanı kədərləndirdi. Ölkənin şimal-şərqindəki Saksoniya-Anhalt əyalətində yerləşən Magdeburq şəhərində mülki şəxslərə hücum edilmişdi.

Ümidlə gələcəyə hazırlaşanların ağlına bir anda keçmişin dəhşət dolu xatirələri gəldi. Yenə bir Noel bazarı hədəf alınmışdı. Bir avtomobil mülki şəxslərin üzərinə sürülmüş və 200-dən çox insan yaralanmışdı. Ölənlər də vardı.  

Avropadakı Əl-Qaidə və İŞİD hücumlarını yaxşı xatırlayanların ağlına ilk olaraq Yaxın Şərq və ya Şimali Afrika mənşəli, Qərbdə tutuna bilməmiş gənc bir radikal islamçının bu əməli həyata keçirmiş olması ehtimalı gəldi.  

Bəli, hücumçu Səudiyyə Ərəbistanında doğulmuş biri çıxdı. Ancaq 50 yaşında bir həkim olması gözlənilmirdi. Talib Abdulmuhsinin sosial mediada sərgilədiyi islam əleyhdarı profil fikirləri daha da qarışdırdı.  

İlon Mask və sosial media platforması "X"də (Twitter) bu profil nəzərə alınmayaraq radikal sağa dəstək verən arqumentlər irəli sürüldü. Şübhəlinin "takiyə"* etdiyi iddia edildi.  

(*Takiyə (ərəbcə: تقیة, təqiyyə) İslam dini terminologiyasında, xüsusilə Şiə məzhəbində, şəxsin öz təhlükəsizliyini qorumaq üçün inancını gizlətməsi və ya olduğu kimi göstərməməsi mənasını daşıyan bir anlayışdır.

Bu, əsasən, həyati təhlükə və ya zorakılıq təhdidi altında olan şəxslərin dini inancını açıq şəkildə ifadə etməsinin mümkün olmadığı hallarda tətbiq edilə bilər. Takiye, bir növ özünü müdafiə vasitəsi olaraq görülür və əsas məqsəd şəxsin canını, malını və ya ailəsini qorumaqdır.

Sünni İslamda isə takiə daha az vurğulanır və ümumi mənada qəbul olunmur, lakin bəzi xüsusi vəziyyətlərdə bu anlayışa istinad edildiyi olur.

Qeyri-dini müzakirələrdə takiyə bəzən "saxtakarlıq" və ya "aldatma" kimi mənfi şəkildə də anlaşıla bilir, lakin orijinal dini kontekstdə məqsəd şəxsi təhlükəsizlik və müdafiədir.)
 


Radikal sağçı Almaniya üçün Alternativ (AfD) partiyası da şübhəlinin onlara dəstək mesajlarını görməzdən gələrək bu hadisədən miqrasiya əleyhinə təbliğat üçün istifadə etdi.  

İlon Mask, Almaniya kansleri Olaf Şoltsun "dərhal istefa verməli olduğunu" bildirərək "Yalnız AfD bu hücumu önləyə bilərdi" ifadəsini işlədən bir paylaşıma dəstək verdi.  

Bəs əməli ilə siyasi mübahisələrə səbəb olan Talib Abdulmuhsin əslində kimdir?  

Şiə ailəsinin doktor oğlu  

1974-cü ildə Səudiyyə Ərəbistanının şərqindəki Hüfuf şəhərində doğulub. Əsasən şiələrin yaşadığı Əl-Əhsa bölgəsinə aid şəhərdə yaşayan Abdulmuhsin ailəsi də bu məzhəbdəndir.  

Talib, 2006-cı ildə Almaniyaya köçüb. Stralsund şəhərində yaşadığı 2011-2016-cı illərdə mütəxəssisliyini tamamlayıb. 2016-cı ildə qaçqın statusu qazanıb.  

Alman mediası, 2013-cü ildə ölkə xaricindəki təhsilinin tanınması ilə bağlı bir problem ortaya çıxdığında Talib Abdulmuhsinin həkimlər birliyinə zəng edərək təhdidlər səsləndirdiyini və 2013-cü il Boston Marafonuna edilən hücumu xatırlaTdığını qeyd edir.  

Abdulmuhsinin 2014-cü ildə də maddi yardım istəyərək intihar edəcəyi ilə təhdid etdiyi bildirilir.  

Rəsmilər, araşdırmalarında islamçı radikalizm şübhəsi yaratmayan Talib Abdulmuhsinin zərərsiz olduğunu düşünmüşdülər.  

Talib Abdulmuhsin mart 2020-dən bəri Magdeburqdan 40 kilometr cənubda yerləşən Bernburqdakı bir reabilitasiya klinikasında psixiatr kimi çalışırdı.  

Bağımlılıq problemi olan cinayətkarlara yönəlmiş bu klinika, hücumdan sonra Talib Abdulmuhsin barədə etdiyi açıqlamada "oktyabr 2024-dən bəri məzuniyyətdə idi və xəstəlik səbəbləri ilə işləmirdi" ifadəsini istifadə etdi.  

Şübhəli, 30 min nəfərlik bir qəsəbə olan Bernburqun mərkəzinin yaxınlığındakı sakit bir küçədə yerləşən üç mərtəbəli bir binada yaşayırmış.  

Alman mediası xəstələrin Talibin zəif alman dilindən, iş yoldaşlarınınsa onun tibbi biliklərindən narazı olduğunu qeyd edir.  

"Dr. Google" adını verdikləri şübhəlinin bəzən səhv dərmanlar yazaraq xəstələrin həyatını təhlükəyə atdığı da iddialar arasındadır.  
 


Məqsədi nə idi?  

Rəsmilər hücumun səbəbi ilə bağlı dəqiq bir şey deyə bilmirlər. Əllərindəki məlumatların radikal islamçıya işarə etmədiyini bildirirlər. Almaniya Daxili İşlər naziri Nensi Faeser, şübhəlinin islamofobiyasının açıq olduğunu qeyd edib.  

Magdeburq prokuroru Horst Nopens, "Səudiyyə qaçqınlarına Almaniyanın göstərdiyi münasibətdən narahat olduğu üçün" Talibin bu hücumu həyata keçirmiş ola biləcəyini bildirib.  

ZDF kanalı, 2015-ci ilin əvvəlindən bəri federal rəsmilərin Talib Abdulmuhsinin hücuma hazırlaşdığını bilidiyini yazıb.  

Avqust ayında etdiyi və "Almaniyanın Səudiyyə qaçqınlarına qarşı törətdiyi cinayətlərdən" şikayətləndiyi paylaşımındakı ifadələr diqqət çəkir:

"Bir Alman konsulluğunu partlatmadan və ya Alman vətəndaşlarını təsadüfi olaraq qətlə yetirmədən ədalətə nail olmağın bir yolu varmı? Yanvar 2019-dan bəri dinc bir yol axtarsam da, tapa bilmirəm. Bunu bilən biri varsa, mənə xəbər versin".

Eyni ayda "Almaniya bizi öldürmək istəyirsə, biz də onları qətlə yetirərək öləcəyik və ya şərəfimizlə həbsə girəcəyik" ifadəsini işlədib.

May ayında isə "Alman terrorizmi ədalətlə üzləşəcək. Bu il böyük ehtimalla ədaləti təmin etmək istəyərkən öləcəyəm" deyib.

Talib Abdulmuhsin dünya mediasında da tanınan biridir. "İslamdan imtina etmiş Səudiyyəlilərin Avropaya qaçışına kömək edən bir aktivist" kimi BBC-yə müsahibə verib.

2019-cu ilin iyul ayında yayımlanan bir sənədli filmdə o, "wearesaudis.net" adlı bir sayt qurduğunu və özü kimi ateist olan Səudiyyə Ərəbistanı vətəndaşlarına kömək etməyə çalışdığını izah edib.

Gündə 10-16 saatını sığınacaq axtaran Səudiyyəlilərə yardım üçün sərf etdiyini və ona müraciət edənlərin 90%-nin qadın olduğunu bildirib.

2019-cu ilin iyun ayında Almaniyanın FAZ qəzetinə müsahibəsində "Yaxşı islam yoxdur" kimi ifadələrdən istifadə edib.

Fransanın AFP xəbər agentliyi isə 2022-ci ildə onunla söhbət zamanı Abdulmuhsinin "Sərt İslami tərbiyə üsulu, xüsusilə qadınlarla bağlı bütün problemlərin səbəbidir" dediyini qeyd edib.

"Frankfurter Rundschau" qəzetinə verdiyi müsahibəsində o, dindən çıxdığı üçün ölüm təhdidləri aldığını deyib.

Onun "X" hesabı miqrant əleyhdarı AfD kimi radikal sağ partiyaları, İlon Maskı və İsraili dəstəklədiyini, Almaniya kansleri Olaf Şoltsu isə tənqid etdiyini göstərir.

Hücumdan dərhal sonra, həbs olunmazdan əvvəl etdiyi bir paylaşımda, Alman polisinin e-poçt ünvanını ələ keçirdiyini iddia edib.

Almaniya Federal Cinayət İdarəsinin rəhbəri Holger Münch bildirib ki, Səudiyyə Ərəbistanı 2023-cü ilin noyabrında onları xəbərdar edib, lakin şübhəli ilə bağlı konkret məlumat təqdim etməyib.

CNN-in Səudiyyə Ərəbistanındakı mənbələrindən biri isə 2007-ci ildə Abdulmuhsinin radikal görüşləri ilə bağlı Almaniyaya xəbərdarlıq edildiyini və onun "qaçaq statusunda" olduğunu deyib, eyni zamanda onun geri qaytarılmasını istədiklərini qeyd edib. Almaniya isə Abdulmuhsinin Səudiyyə Ərəbistanına qayıtdığı təqdirdə təhlükəsizlikdə olmayacağını düşünərək bu tələbi rədd edib.

Başqa bir mənbə isə ən azı 4 rəsmi bildiriş göndərildiyini söyləyib.

"Washington Post"un mənbələri Abdulmuhsinin gənc qadınları dindən çıxmağa və Almaniyaya sığınacaq üçün müraciət etməyə təşviq etdiyini bildirib ki, bu da onun Riyad hökumətinin diqqət mərkəzinə düşməsinə səbəb olub.

AP-nin məlumatına görə, avtomobildə tapılan vəsiyyətnamədə hücumçunun bütün malını Qırmızı Xaç təşkilatına bağışladığını yazdığı bildirilib.
 


Takiyə edir?

Talib Abdulmuhsinin radikal islamçı təşkilatlarla məlum olan bir əlaqəsi yoxdur. Lakin Noel bazarını hədəf alaraq məhz bu təşkilatların təşkil edə biləcəyi tipdə bir hücum həyata keçirdi.

Miqrant əleyhdarları şübhəlinin paylaşımlarının onun həqiqi fikirlərini əks etdirmədiyini iddia edirlər. Abdulmuhsinin "takiyə" etdiyini, əslində islamdan heç vaxt imtina etmədiyini və hətta Səudiyyə Ərəbistanı adına xaricdəki müxalifləri izlədiyini belə iddia edənlər var.

Onminlərlə izləyicisi olan şübhəlinin açıq şəkildə dəstək verdiyi AfD-nin həmsədri Alicia Weidel də bütün bu paylaşımları nəzərə almadan, bazar ertəsi günü Magdeburqda bir mitinq təşkil edib. "Təhlükəsiz həyat üçün dəyişiklik" çağırışı edərkən, izdiham "Onları deportasiya et" şüarları səsləndirib.

Şəhərdə AfD-yə qarşı nümayişlər təşkil edən etirazçılar, radikal sağ partiyanın bu hadisəni "siyasi manipulyasiya vasitəsi" kimi istifadə etdiyini iddia edirlər.

Şübhəlini tanıyanlar onun haqqında nə deyir?

Almaniyadakı Səudiyyə diasporasının yaxşı tanıdığı bir ad olan Talib Abdulmuhsin, sığınacaq üçün müraciət edənlərə, xüsusilə də qadınlara kömək etməyə çalışan biri kimi tanınıb. 

Peşəkar həyatında onunla işləyənlər isə onun qadınlara pis davrandığını söyləyərək buna inanmağın çətin olduğunu bildirirlər.

Berlin mərkəzli Avropa Səudiyyə İnsan Hüquqları Təşkilatının hüquq direktoru Taha əl-Hacı deyir ki, bütün cəhdlərinə baxmayaraq, Abdulmuhsin Səudiyyə cəmiyyətində arzuolunmaz şəxs kimi görülüb.  

"O, özünü çox böyük hesab edən və psixoloji problemləri olan biridir. Bu, qətiyyən İslami motivlərlə həyata keçirilmiş bir hücum deyil”, - deyə qeyd edib.  

CNN isə 2019-cu ildə Səudiyyə Ərəbistanından Gürcüstana qaçan iki qadınla bağlı xəbər hazırlayarkən Abdulmuhsinlə əlaqə saxladığını bildirib. CNN əməkdaşları son aylarda təhqiredici və əsassız iddialarla dolu mesajlar almağa başlayınca onu bloklamağa qərar veriblər.

CNN-ə göndərilən mesajlarda Almaniyada yerləşən insan hüquqları təşkilatı "Atheist Refugee Relief" də Abdulmuhsinin hədəfi olub. 

Bu təşkilat Abdulmuhsindən, qadınlara "Sığınacaq tələbində olanda İslamdan imtina etdiyinizi deyin" kimi tövsiyələr verib-vermədiyini soruşub.  

"Atheist Refugee Relief", sosial mediada təşkilatı hədəf alan Abdulmuhsini 2019-cu ildə polisin diqqətinə çatdırdığını və məhkəmə işinin hazırda apellyasiya mərhələsində olduğunu qeyd edib.

Abdulmuhsinin Səudiyyə Ərəbistanından qaçanların kimliyini ictimailəşdirərək dəstək toplamağa çalışması da tənqid olunub. Müraciətləri rədd edilənlərin Səudiyyə Ərəbistanında ciddi problemlərlə üzləşə biləcəyi bildirilib.

AFP-nin məlumatına görə, Səudiyyə Ərəbistanı onu insan alveri və terrorçuluqda ittiham edib.  

"Council of Ex-Muslims" adlı başqa bir vətəndaş cəmiyyəti təşkilatının rəhbəri Mina Əhədi, şübhəli haqqında "İllərdir bizi təhdid edirdi” deyib. Abdulmuhsin bu təşkilatı solçu meyllərinə görə tənqid edərək, onları gizlicə İslamçılığı dəstəkləməkdə günahlandırıb.

Kanadalı aktivist Yasmin Məhəmməd də onu internet üzərindən tanıyanlardandır. Hadisədən sonra verdiyi müsahibədə Abdulmuhsinin ona "4-5 ildir obsesif şəkildə ingiliscə mesajlar göndərdiyini" və son illərdə balanssız açıqlamalarına görə ondan uzaqlaşdığını bildirib. 

Yasmin Məhəmməd, onun tanıdığı bəzi şəxslərə Səudiyyə Ərəbistanından qaçmaqda kömək etdiyini və bu şəxslər arasında Rahaf Məhəmməd adlı qadının da olduğunu qeyd edib. Rahaf Kanadaya sığındıqdan sonra OnlyFans hesabı açaraq Türkiyədə də müzakirə mövzusu olmuşdu.  

Yasmin Məhəmməd, "narsist, aqressiv, əsəbi və tələbkar" kimi təsvir etdiyi Abdulmuhsinin "takiye" etmədiyini düşünür:

"Məncə, onun ağlı qarışmışdı və çaşqın vəziyyətdə idi. O, mübahisəli şeylər söyləməyi sevirdi. HƏMAS-ı dəstəklədiyi bir tviti var, lakin burada istehza ilə danışırdı.  

Süni şəkildə keçmişdə müsəlman olduğunu düşündürəcək heç bir şey görmədim. O, həqiqətən də o dindən nifrət edirdi və ondan qaçanlara kömək etmək istəyirdi. Təəssüf ki, sonunda Alman xalqından da nifrət etməyə başladı. Keçmişdə müsəlmanların həyata keçirdiyi əməliyyat metodlarını mənimsəyərək saxta bayraq əməliyyatı təşkil etmiş ola bilər"

Mənbələr: AFP, AP, BBC, CNN, Middle East Forum, N-TV, Reuters, Spiegel, Wall Street Journal, Washington Post

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->