Xəbər lenti

Ana məhəbbəti
Vüsal Bağırlı
Ölkə 17:35 13.11.2017

Ana məhəbbəti

Vüsal Bağırlı
 
İnformasiya saytlarında, bu yaxınlarda baş vermiş yol qəzasının videosu yayılmışdı. 

Qəzaya, iki geniş yolun kəsişməsində, işıqfora belə məhəl qoymadan yüksək sürətlə hərəkət edən tünd rəngli "Mersedes”in, perpendikulyar istiqamətdən gələn, açıq rəngli digər "Mersedes”ə zərblə dəyməsi səbəb olur. Kobud müdaxilədən, yəni toqquşmadan sonra,  açıq rəngli avtomobil yolun kənarında, günahkar minik vasitəsi isə yolun ortasında dayanmışdı.

Maşınların içərisindən qorxuqarışıq həyəcanla düşənlər özlərinə, qol-qıçlarına, sağ-soluna baxır, sağ-qalıb qalmamaqlarını ayırd etməyə çalışırdılar. 
Lakin, onların arasında bir qadının təlaşla var-gəl etməsi, elə bil itirdiyi qiymətli əşyanı təcili tapmaq istəməsi qəribə təsir bağışlayırdı. Birdən o, bir şeyi qəflətən xatırlayıbmış kimi, hövlanak avtomobilin digər tərəfinə keçdi və arxa qapıdan nəyi isə qucağına götürüb qarşıdakı yolun kənarına adladı. Burada o, sağ-salamat qucağında tutduğu ən qiymətli varlığı, körpəsini bağrına basır, onu duz kimi yalayırdı.

Təxminən 7 yaxud 8 yaşım olardı. Atamın körüm-köhnə "nolonbir”ində keçmiş Moskovski, indiki Heydər Əliyev prospektiylə şütüyürdük. İlin hansı fəsli, yaz, yoxsa payız olduğu yadımda deyil, amma çiskinli bir gün olduğu kəsin idi. Maşında üçümüz idik, sükan arxasında atam, yanında mən, arxada isə anam. 
Yadımdadır ki, hiper ehtiyatlı atam maşını bərk sürmürdü. Birdən, vəlvələdənmi, zəlzələdənmi, köhnə təkərdənmi, ya islanmış yolun sürüşməsindənmi avtomobil idarəetməni itirdi.A namın "vay” qışqırığına, atam "tormoz tutmur, saxlaya bilmirəm”lə cava verdi .

Eyni istiqamətdə və əks yolla,  qarşıdan gələn maşınlarla  toqquşmamaq naminə  səkiyə çıxdıq, oradakı piyadaları basıb əzməmək üçün ağaclığın içinə girdik. Qəzayla göz-gözə gəldiyimdə, instinktiv olaraq ölüm qorxusu bütün bədənimi cuğlamışdı. Arxadan anam mənə  nə isə deyir, qışqırır, lakin səs gəlib mənə çatmırdı. Yalnız özümü, yenə də özümü, necə sağ qala bilmək yollarını fikirləşirdim.

Maşınımız kələ-kötür, xiyabana bənzər  yerdə ətalətli ləngərlə sağa-sola buruldu, hansısa çökəyə girib, atılıb- düşdü və ağaca dəyərək dayandı. Maşının ön hissəsi tamam əzilmiş, yararsız hala düşmüşsə də, xoşbəxtlikdən burnumuz da qanamamışdı. 

Həyəcan və qorxu hissləri keçdikdən, özümə gəldikdən sonra anamın qəza anlarında həyəcanla mənə baxaraq qışqırdığı sözlər beynimdə aydınlaşmağa başladı:

- Vüsal, qapını aç, özünü yerə at, sən sağ qalmalısan.

Bu hadisə göstərir ki, yalnız və yalnız bir varlıq heç bir risqi, təhlükəni göz önünə gətirmədən, fikirləşmədən, düşünmədən övladı üçün hər bir şeyə hazlrdlr. Ölümlə qarşı-qarşıya olarkən  hər bir insan ancaq özünü,  necə sağ qalmasını, nə yolla olur-olsun qurtulmasını fikirləşir, yalnız ANAdan başqa. 
Vüsal Bağırlı

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->